“ÇANAQQALA TÜRK MİLLƏTİNİN YENİLMƏZLİK SİMVOLUDUR” – Möhtəşəm qələbədən 107 il ötür

Bu gün türk millətinin tarixi Çanaqqala zəfərinin 107- ci ildönümü qeyd olunur. 107 il bundan öncə Çanaqqalada aparılan var olma savaşı, şübhəsiz ki, türk tarixinin ən qanlı döyüşlərinə səhnə olub. 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək davam edən döyüşlərdə türk xalqı yenilməzlik və mübarizlik əzmini bütün dünyaya nümayiş etdirərək tarixi sınaqdan üzü ağ çıxmağı bacardı.

Osmanlı dövlətinə hücum edərək paytaxt İstanbulu və boğazları ələ keçirmək istəyən Antanta dövlətləri isə ağır məğlubiyyətlə üzləşərək geri çəkilmək məcburiyyətində qaldılar. Bu döyüş eyni zamanda Türk Qurtuluş Savaşına da çox böyük təsir göstərdi.

Bu gün Çanaqqala zəfərinin 107-ci ildönümü ilə bağlı mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Çanaqqala zəfəri yüz milyonlarla qardaşımızın ortaq zəfəridir: “Bakının, Batumun, Hələbin, Qüdsün övladları ilə İstanbulun, Antepin, Ədirnənin övladları tam 107 ildir bu müqəddəs torpaqlarda birlikdə yatırlar. Buna görə Çanaqqala zəfəri bizim birgə zəfərimiz olmaqla yanaşı, həm də İslam birliyini simvollaşdırır”.

Türkiyə prezidentinin də qeyd etdiyi kimi, Çanaqqala zəfəri bütün türk dünyasının qələbəsidir. Dünyanın dörd bir tərəfindən yardıma gələn türklər Çanaqqalada öz qanları ilə tarix yazaraq zəfərin bir parçasına çevrildilər. Osmanlının 200 milyonluq türk ulusuna səslənişindən sonra Qafqaz, Cənubi Azərbaycan, Asiya və digər bölgələrdə yaşayan minlərlə türk dərhal bu çağırışa səs verərək vətənin müdafiəsində iştirak etdilər. Digər türk xalqları kimi azərbaycanlıların da Çanaqqala zəfərində böyük xidmətləri olmuşdur. Türk mənbələrində olan məlumatlara əsasən, Çanaqqala döyüşlərində müxtəlif birliklərin tərkibində 10 minə yaxın azərbaycanlı iştirak edib və onlardan 3 min nəfəri şəhid olub. Çanaqqala döyüşlərində Osmanlı Türkiyəsi 253 min şəhid verib, düşmən qüvvələrindən ingilislər 205 min, fransızlar isə 47 min əsgərini itirib.

Çanaqqala zəfərinin ən böyük memarlarından biri də, şübhəsiz ki, türk dünyasının lideri hesab olunan Mustafa Kamal Atatürkdür. Həmin vaxt 9-cu Diviziya komandiri vəzifəsini icra edən Atatürk 130 min nəfərlik bir korpusa komandanlıq edirdi. Ordunu qısa zamanda yüksək peşəkarlıq səviyyəsinə gətirən Atatürk liderlik bacarıqları göstərərək çevik və dəqiq qərarlarıyla müharibənin gedişatını bir anda dəyişə bilirdi. İlk dəfə Çanaqqalada liderlik bacarıqlarını ortaya qoyan Atatürk daha sonra milli mübarizəyə rəhbərlik edərək müasir Türkiyə Cümhuriyyətinin qurulmasını təmin edəcəkdi.

Çanaqqala zəfərində yaşanan tarixi hadisələrin bir qismini oxucuların diqqətinə çatdırırıq:

- Havada iki güllənin toqquşma ehtimalının 600 milyonda bir olmasına baxmayaraq, müharibə baş verən ərazidə havada toqquşan yüzlərlə mərmi tapılmışdı;

- Hər kvadrat metrə 6000 mərminin düşdüyü Çanaqqala dünya müharibələri tarixində ən yüksək nisbətə malikdir;

- Dövrün universiteti kimi tanınan Darül Fünunun bütün son sinif tələbələri şəhid olduğu üçün həmin il universitet məzun verməmişdi;

- Çanaqqala zəfərindən sonra İngiltərə və Fransanın Çar Rusiyasına göndərməyi planlaşdırdığı yardımlar boğaz vasitəsilə göndərilə bilinməmiş, ölkədə baş verən Bolşevik İnqilabı ilə birlikdə çar dövrü sona çatmışdır;

- Çanaqqala müqaviməti birinci Dünya Müharibəsinin iki il daha uzanmasına, bəzi ölkələrin sərhədlərinin dəyişməsinə və müstəmləkə altında olan ölkələrdəki milliyətçi fikirlərin yayılmasına səbəb olmuşdur;

- İngilislər müharibəni udacaqlarına o qədər əmin idilər ki, İstanbulda istifadə etmək üçün pullarını hazırlayaraq yanlarında gətirmişdilər. Ancaq qarşısındakıların türk olduğunu unudan ingilislərin gümüş pulları da özləri kimi Çanaqqalanı keçə bilmədi.

Elvin

“AzPolitika.info”

635x100

Şərhlər

Türk Turan 2022-03-19 00:40:43

Nə mutlu türküm deyənə! Qələbəmiz mübarək və daim olsun!

Son yazılar