Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC 2020-ci ili 8,516 milyon manat xalis zərərlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 4,5 dəfə çoxdur.
Ötən il “Aztelekom”un göstərdiyi xidmətlərdən gəlirləri 90,677 milyon manat (əvvəlki illə müqayisədə 7,5% çox), xidmətlərinin maya dəyəri 65,6 milyon manat (19,5% çox), ümumi, inzibati və digər əməliyyat xərcləri 31,334 milyon mant (11,6% çox), maliyyə aktivlərinin dəyərsizləşməsindən zərəri 1,969 milyon manat (2,2 dəfə çox), maliyyə xərcləri 655 min manat (45,4% az), sair qeyri-əməliyyat gəlirləri 1,057 milyon manat (2,5 dəfə az), mənfəət vergisi ödəmələri isə 692 min manat (5,5 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Aztelekom”in aktivləri 227,32 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,8% artaraq 35,697 milyon manata, balans kapitalı isə 4,7% artaraq 191,623 milyon manata çatıb.
Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.


Şərhlər
Alman qağalarımızın canı sağ olsun,nə qədər lazımdırsa Mulyer qağamızın arxasında duranlar verəcəklər,bunun üçün qəti narahat olmağa dəyməz,vay Azərpoçtun halına,Bakı telfonunu halına və digər bunlara oxşar müəssələrin halına.