“Müharibədə sağlamlığımı, sonra işimi itirdim..." - Vətən müharibəsi veteranı dövlətdən kömək gözləyir

“9 il Daxili Qoşunlarda (DQ) xidmət etmişəm və yarım-qrup komandiri olmuşam. Müharibə başlayan gündən Daxili Qoşunların tərkibində torpaqlarımızın düşməndən azad edilməsi uğurunda döyüşlərdə iştirak etmişəm. Müharibədə aldığım xəsarətdən sonra DQ-dəki xidməti vəzifəmi davam etdirə bilməmişəm”.

Bu sözləri “AzPolitika.info”ya müraciətində ikinci Qarabağ müharibəsinin iştirakçısı Səlimov Zabit Camal oğlu bildirib.

Şikayətçi bildirir ki, sentyabrın 28-dən başlayaraq cəbhənin Tərtər, Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib: "Oktyabrın 25-də Hadrut istiqamətində əməliyyat zamanı yaxınlığa düşən mərmi partlayışı nəticəsində qapalı kəllə-beyin travması almışam. Bundan sonra oktyabrın 28-dən Daxili Qoşunların xəstəxanasında 18 və 20 gün müddətinə olmaqla iki dəfə mualicə almışam. Müharibədə aldığım xəsarət ciddi olduğundan, Daxili Qoşunlardan təxlis olunmuşam".

Zabit Səlimov bildirir ki, hazırda heç bir yerdə işləmədiyi üçün ailəsinin maddi vəziyəti olduqca pisdir: "Əlillik təyinatıyla bağlı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsəm də, qurumdan bildiriblər ki, sizə əlillik təyin edə bilmərik. 1 ay bundan öncə yenidən DSMF-yə müraciət ünvanladım, amma heç bir cavab verilmədi. Müharibədən sonra güclü psixoloji problemlər yaşadığım üçün 20 gün Maştağada yerləşən ruhi əsəb dispanserində mualicə almışam. Hazırda maddi durumum aşağı olduğu üçün mualicələrimi davam etdirə bilmirəm. Səhhətim ağırdır, heç bir əmək fəaliyyəti ilə məşğul olmağa imkan vermir".

Müharibə veteranı vurğulayır ki, Daxili Qoşunlarda 9 il qüsursuz xidmət edib, müharibə dövründə də Vətənə olan borcunu canla-başla yerinə yetirib: "Ancaq döyüşdə aldığım xəsarətdən sonra həm işimi, həm də sağlamlığımı itirmişəm. Müharibənin bitməsindən iki ilə yaxın vaxt keçsə də, heç kim mənim vəziyyətimlə maraqlanmayıb. Nə sosial müavinət verilib, nə də əlavə yardım olunub. Sizin sayt vasitəsilə müvafiq qurumlara müraciət edərək, xahiş edirəm ki, mənim vəziyyətimlə yaxından maraqlansınlar və sosial yardım almağım üçün köməklik göstərilsin”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev “AzPolitika.info”-ya açıqlamasında bildrib ki, Səlimov Zabit Camal oğluna bütün zəruri sənədlər təhvil verilib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bu yaxınlarda onun müraciətinə baxacaq”.

E.Bəyməmmədli

“AzPolitika.info”


635x100

Şərhlər

Türk Turan 2022-04-20 19:37:31

Niyə qazimizin müraciətlərinə baxmırlar? Niyə Allahdan qorxmurlar? Niyə bəla və müsibətlərin onların və övladlarının da başına gəlməsindən çəkinmirlər? Çünki vicdansız cəhənnəmliklərdir. Allah sizə lənət eləsin!

Son yazılar