“Düşünürəm ki, biz “Hesablama Palatası Haqqında” Qanuna dəyişiklik etməliyik”.
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında deyib.
“İqtidar təmsilçilərinin əldən vermək istəmədiyi və buna görə özəlləşdirmədiyi, rentabelli olmayan və vergi borclarını ödəməyən iri dövlət müəssisələri ilk növbədə yoxlanılmalı, audit olunmalıdır. Yəni bu tələb düşünürəm ki, qanunvericiliyə daxil edilsə, doğru olar. Çünki sadə insanlar da bilir ki, bunun səbəbi bir çox hallarda saxta tenderlər və xərclərin şişirdilməsidir”, - deputat çıxışının davamında bildirib.
Q.Həsənquliyev xatırladıb ki, bu günlərdə ABŞ səfiri bəyan edib ki, Qarabağda açıq tenderlər keçirilərsə, bərpa işlərinə Amerika Birləşmiş Ştatları da qatıla bilər. “Mən Hesablama Palatasının fəaliyyətini müsbət qiymətləndirirəm və səs verəcəyəm. Hesablama Palatası həm də yeganə orqandır ki, büdcə gəlirlərini təmin edən, büdcəyə vəsait toplayan, o cümlədən oğrulanmış büdcə vəsaitlərini geri qaytaran istintaq və məhkəmə orqanlarından fərqli olaraq, müəyyən mənimsənilmiş vəsaitlərin büdcəyə qaytarılmasını təmin etsə də, həmin hissədən özünə pay istəmir. Biz bilirik ki, digər dövlət orqanları belə təşəbbüslərlə çıxış ediblər. Çox təəssüf, biz də dəstəkləmişik ki, həmin vəsaitin bir hissəsi həmin dövlət orqanlarının maddi-texniki bazasının gücləndirilməsinə və onların işçilərinin sosial müdafiəsinin daha yaxşı təmin olunmasına sərf olunsun”.
“Mən bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Biz, bilirik ki, bu hesabatlar həm də fəaliyyətin qiymətləndirilməsidir. Amma heç bir qanunvericilikdə öz əksini tapmayıb ki, əgər, Milli Məclisdə hesabat mənfi qiymətləndirilsə, bu hansı hüquqi nəticələr doğurur. Burada hörmətli Tahir müəllim (Tahir Mirkişili-red.) dedi ki, “Hesablama Palatası Haqqında” Qanunun 7-ci maddəsində qeyd olunur ki, Hesablama Palatası illik hesabat verir. 17-ci maddədə də Hesablama Palatası üzvlərinin səlahiyyətlərinə hansı hallarda vaxtından əvvəl xitam verilir, həmin dairə müəyyən olunub. Düşünürəm ki, o da qeyd olunmalıdır ki, əgər Hesablama Palatasının fəaliyyəti Milli Məclis tərəfindən mənfi qiymətləndirilirsə, o halda Hesablama Palatası bütünlüklə istefaya göndərilməlidir”, - Q.Həsənuliyev əlavə edib.
“Eyni zamanda mən vaxtilə də bu məsələni qaldırmışam. Bizdə 2002-ci il dekabrın 24-də Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu var. Bu, 4 maddədən ibarət kiçik bir qanundur. Orada da göstərilmir ki, Milli Məclis Nazirlər Kabinetinə etimad göstərmirsə, yəni onun hesabatı bəyənilmirsə, o halda hansı hüquqi nəticələr doğurur. Mən düşünürəm ki, nəinki hesabata mənfi rəy verəndə Nazirlər Kabineti, həm də əgər parlamentin komitələrində ayrı-ayrı nazirliklərin fəaliyyəti ilə əlaqədar dinləmələr keçirilirsə, Milli Məclis onların fəaliyətini qeyri-qənaətbəxş hesab edirsə, bu halda da həmin nazirlər istefaya göndərilməldiir. Düşünürəm ki, dövlət quruculuğu iqtiqamətində qanunvericiliyi təkmilləşdirməliyik. Bu da Milli Məclisin rolunun artırılmasına, həm də həmin dövlət orqanlarının məsuliyyətinin artmasına öz müsbət təsirini göstərmiş olar”, - deputat fikrini tamamlayıb.
“AzPolitika”


Şərhlər
BƏLİ İLK NÖVBƏDƏ DÖVLƏT MÜƏSİSƏLƏRİ YOXLANMALIDIR,ÇÜNKÜ BÜDCƏDƏN DÖVLƏT MÜƏSİSƏLƏRİNƏ AYRILAN VƏSAİTLƏR ƏKSƏR HALLARDA ÖZƏL MÜƏSİSƏLƏR VASİTƏSİ İLƏ DAĞIDILIR.BELƏ OLAN HALDA ÖZƏL MÜƏSİSƏLƏRİNİ YOXLAMAQ LAZIM GƏLMİR.
Qüdrət müəllim əslində bütün müəssisələr, o cümlədən Səhmdar Cəmiyyətlərdə audit Palatası tərəfindən yoxlama keçirilməlidir, Ona görə ki, Səhmdar Cəmiyyətlərin özləri qanunun aliliyinə riayət etməyirlər : - Məslən Şəki-Bazar ASC - i ildə ən azı 600.0 - 700,0 min manat vergidən yayınmasına baxmayaraq Dövlət Vergi Xidməti tərəfindən göz yumulur. Bir Səhmdar Cəmiyyət desin ki, öz səhmdarlarına illik qanuni divident verib ? Şəki-Bazar ASC -də qanunsuzluqlar hökm sürür, nəzarət edən qurum isə susur ? Xahiş edirik bu məsələləri MM -də qaldırın.