Aprelin 26-sı dünyanın 40-dan çox ölkəsinin hərbi komandanı ABŞ Hərbi Hava Qüvvələrinin Almaniyanın Ramştayn şəhərindəki aviasiya bazasına toplaşıb.
Toplantıda rus işğalına qarşı mübarizədə Ukraynaya göstərilən hərbi dəstəyin nizamlı, koordinasiyalı şəkildə həyata keçirilməsi məsələləri müzakirə olunur.
Hərbi komandanları Ramştayn aviabazasına ABŞ Müdafiə naziri Lloyd Ostin yığıb. O, NATO üzvləri ilə yanaşı alyansın üzvü olmayan bəzi dövlətlərin hərbi liderlərini də bu müzakirəyə dəvət edib.
“Vaşinqton Post” qəzetinin internet səhifəsində yayılan xəbərə görə, Lloyd Ostin görüş zamanı bildirib ki, Ukraynanın müqaviməti azad dünyaya qol-qanad verib və NATO-nu daha cəsur addımlar atmağa ruhlandırıb: “Rusiya Prezidenti Vladimir Putin dünyanın Ukrayna ətrafında bu qədər sürətlə və qətiyyətlə toplaşacağını ağlına da gətirməzdi”.

“Vaşinqton Post” yazır ki, ABŞ-ın Müdafiə naziri Ramştayn aviabazasındakı toplantıda Ukraynanın qələbə çalacağına əmin olduğunu vurğulayıb. O, toplantıya qatılan 40-dan çox ölkənin hərbi liderləri adından bildirib ki, burada hər kəs, o cümlədən Ukraynanın özü qələbəyə inanır. Lloyd Ostin Rusiya-Ukrayna müharibəsinin hazırda yeni mərhələyə qədəm qoyduğunu da söyləyib.
Lloyd Ostin aprelin 24-də ABŞ-ın dövlət katibi Entoni Blinkenlə bərabər Kiyevdə səfərdə olub, Ukraynanın Prezidenti, xarici işlər, müdafiə və daxili işlər nazirləri ilə birgə aparılan danışıqlarda iştirak edib.
"AzPolitika.info"


Şərhlər
İndi Putin müellimden soruşmaq lazımdır:necesen Volodya hemişe deyerdin ki vuruşanda birinci vurmaq lazımdır, indi bşrinci sen vurmusan görek axıra kimi vuruşmağa “Kişiliyin” çatacaq ya yox.Yaşayıb göreceyik.Demeli dünyada hele Haqq Edalet göye çekilmeyib,mezluma da da arxa duranlar var imiş.