Menu

“Özbəkistanla hərbi əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq” - İlham Əliyev

21.06.2022, 21:06
“Özbəkistanla hərbi əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq” - İlham Əliyev

Dünyadakı vəziyyət nəzərə alınmaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Bu gün Şavkat Miromonoviç ilə dialoqumuzun bir hissəsi bu məsələyə həsr edilib. Müvafiq tapşırıqlar verilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşdə çıxış edərkən bildirib.

“Düşünürəm ki, hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq. Mənim fikrimcə, bu sahədə də qarşılıqlı fəaliyyətimiz möhkəmlənəcək, çünki həm Özbəkistanda, həm də Azərbaycanda elə mövzular var ki, onları müzakirə etmək lazımdır, kənar təhdidlər var, ölkələrimiz və xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də düşünürəm ki, bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq”, - deyə dövlət başçısı vurğulayıb.

"Bu səfər həqiqətən tarixi səfərdir. Mən Şavkat Miromonoviçin çıxışında qeyd etdiyi istiqamətlər üzrə onun fikirləri ilə tamamilə şərikəm. Biz münasibətlərimizin gələcək hərtərəfli inkişafının əsasını qoyuruq. Dünən və bu gün bizim həyat fəaliyyətimizin demək olar ki, bütün mühüm sahələrini əhatə edən 20-yə yaxın sənəd imzalanıb və imzalanacaq" - deyə, İlham söyləyib.

“Qarşılıqlı iqtisadi fəaliyyət məsələlərinə gəldikdə, mən Şavkat Miromonoviçin dedikləri ilə həmrəyəm. Biz əlaqələrimizi intensivləşdirməliyik. Nazirlərə müvafiq tapşırıqlar verilib. Əminəm ki, hər bir istiqamət - iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr olacaq. Biz, iki Prezident qərara aldıq ki, tapşırıqlarımızın yerinə yetirilməsini özümüz nəzarətdə saxlayacağıq və müvafiq nazirliklər müntəzəm surətdə irəliləyiş barədə bizə məruzə edəcəklər. Bu yolla biz ticari-iqtisadi sahədə və təkcə bu sahədə deyil, ciddi tərəqqiyə nail ola bilərik. Ona görə ki, bu gün biz qarşılıqlı beynəlxalq fəaliyyətin mühüm məsələlərini müzakirə etdik və əlbəttə, bütün beynəlxalq strukturlarda daimi qarşılıqlı dəstəyi böyük məmnunluqla qeyd edirik. Şavkat Miromonoviç bizim əməkdaşlıq etdiyimiz təşkilatlar barədə danışdı. Biz həqiqətən dostlar, qardaşlar kimi əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik”, - deyə dövlət başçısı vurğulayıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəklədiyinə görə ayrıca təşəkkürünü bildirən Prezident İlham Əliyev deyib: “Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi və mən Azərbaycan Prezidenti kimi qardaşım Şavkat Miromonoviçin qardaşlıq dəstəyini həmişə hiss edirdim. Bu, bizim üçün çox qiymətlidir, bunlar bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol