"İşğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılması dövlətimizin qarşısında dayanan məsul vəzifədir. Dövlət başçımızın hər dəfə işğaldan azad olunmuş torpaqlara səfəri bir daha göstərir ki, işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır".
"AzPolitika.info" xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən növbədən kənar sessiyasında dövlət büdcəsinin dəyişdirilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili çıxışında ölkə prezidentinin "zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz” fikrini vurğulayaraq bildirib ki, Ali Baş Komandanın hər bir səfəri Böyük Qayıdışa doğru atılan addım olmaqla “Qarabağda cənnət yaradacağıq" vədi ilə əməlin bir olmasının göstəricisidir: "Bir sözlə, Azərbaycan Prezidentinin bu ərazilərdə açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi obyektlərin say tərkibinə diqqət yetirsək hazırda bu işlərin yüksək səviyyədə olduğunu böyük əminliklə deyə bilərik. Füzuli Beynəlxalq Hava Limanı dünya praktikasında ən sürətli icra edilmiş infrastruktur layihələrindən biri oldu. Artıq Zəngilan Hava Limanının da uçuş-eniş zolağında tikinti işləri davam edir. Laçın Hava Limanının isə yeri müəyyən edilməklə tikinti işlərinə başlanması üçün baza yaradılır. Bu ərazilərdə elektrik enerjisinin təminatı ilə bağlı ötən il ərzində lazımi avadanlıqların quraşdırılması, yarımstansiyaların yenidən qurulması və bərpası, elektrik xətlərinin çəkilişi istiqamətində xeyli işlər görülüb. Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda yarımstansiyaların tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib, digər enerji infrastrukturu obyektlərində bərpa və gücləndirmə işləri davam etdirilir".
Komitə sdəri həmçinin qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə "Yaşıl enerji" zonasının tətbiq edilməsinə dair konsepsiya hazırlanıb.
"Nəzərə alaq ki, bütün bu işləri Azərbaycan dövləti öz daxili imkanlarımız hesabına həyata keçirir. Hər zaman bir-birinə dəstək olan Azərbaycan və Türkiyənin birgə investisiya layihələrinə start vermələri də təqdirəlayiqdir",- o əlavə edib.
Millət vəkili vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi quruculuğunun təmin edilməsi ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilir: "Yeni iqtisadi quruculuğunun təmin edilməsi və ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinə reinteqasiyası üçün həmin ərazilərdə kifayət qədər potensial imkanlar mövcuddur. Qarabağda yeni iqtisadi quruculq prosesi başlanmışdır. Regionun demək olar ki, sıfırdan bərpası böyük maliyyə vəsaiti tələb edir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyat quruculuğu və tikinti-bərpa işləri müasir standartlar, yenilikçi meyillər və unikal istehsal üsullarını əhatə etməlidir. Bu baxımdan da həmin ərazilərdə bərpa-quruculuq işləri və iqtisadi inkişafın innovativ xarakter daşıması zəruridir və ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsində, dayanıqlı, artan inkişafının təmin edilməsində müstəsna rol oynayacaq. Eyni zamanda dövlət siyasətinin tərkib hissəsi olmaqla, bu ərazilərə "Böyük qayıdış"a xüsusi təkan verəcək".
Komitə sədri onu da qeyd edib ki, Qarabağın azad və innovativ iqtisadiyyat mərkəzinə çevrilməsi üçün Azərbaycanın potensial imkanları mövcuddur.
Millət vəkilinin sözlərinə görə, regionun təbii sərvətlərlə zəngin olması bir sıra istiqamətlərdə, xüsusilə sənaye və xidmət sahələrində innovativ məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün müqayisəli üstünlükləri yaradır: "Qarabağın regionun elektronika sənayesi, İKT xidmətləri və ticarət-logistika mərkəzinə çevrilməsi imkanları var. Təbii ki, bütün bu imkanlar üçün vəsait lazımdır, hesab edirəm ki, bizə təqdim olunan bu lahiyə dövlətimizin gücünü göstərməklə, sadalanan istiqamələr üzrə tədbirləri həyata keçirmək, son nəticədə regionun sosial-iqtisadi inkişafına nail olunması üçün yeni imkanlar yaradacaq".
"AzPolitika.info"


Şərhlər