Menu

Ermənistanda Zaxaryanı “azərbaycanlı diversant” zənn edib necə işgəncə verdilər...

07.11.2014, 17:27
Ermənistanda Zaxaryanı “azərbaycanlı diversant” zənn edib necə işgəncə verdilər...

Bu il iyul ayının 19-da - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov adlı Azərbaycan vətəndaşlarının, məcburi köçkünlərin işğal altındakı Kəlbəcər rayonuna keçdikləri və erməniləri xofa saldıqları bir vaxtda Ermənistanda maraqlı hadisə baş verib.

Virtualaz.org saytı epress.am saytına istinadən xəbər verir ki, həmin gün Ermənistanın Azərbaycanla sərhəd Qeqarkunik rayonunun Martuni şəhərinin sakini, 31 yaşlı Alik Zaxaryan yaxınlarının məzarını ziyarət etməyə gedəndə Müdafiə Nazirliyinin nömrə nişanını daşıyan maşın onun yolunu kəsib.

Maşından düşən avtomatlılar Zaxaryanın əl-qolunu burublar və qandal keçiriblər.

“Onu türk diversantı (erməni danışıq dilində azərbaycanlıları da türk adlandırırlar-red.) adlandırıblar, aşağı əyiblər və döyməyə başlayıblar. Sonra arxdan çirkab suyu içməyə məcbur ediblər, döyüblər, maşından sürüyüb düşürüblər və hərbi polis idarəsinə aparıblar” - deyə A.Zaxaryanın anası Sona Saakyan bildirib.

Qadının dediyinə görə, hərbi polisdə oğlunun əllərini bağlı saxlayaraq 5 saat yarım ərzində durmadan döyüblər, işgəncə veriblər.

“Mənim oğlum deyib ki, türk deyil, hansı rayondandır, kimin oğludur. Onun əlində erməni dilində kitab da olub, ancaq polislər inanmayıblar. Deyiblər ki, nə olsun, türkün də əlində erməni dilində kitab ola bilər” - deyə bildirib.

Sona Saakyan deyib ki, polis şöbəsində əməkdaşlar onun əlil oğlunu durmadan döyüb və ələ salıblar. Köynəyini başına çəkiblər, əllərini arxaya burublar, durmadan döyüblər.

“Sonra da türklərin elədikləri haqda danışırlar” - deyə erməni qadın erməni polisinin qəddarlığına işarə ilə bildirib.

S.Saakyanın dediyinə görə, oğlunun şalvarını da cırıblar, cinsiyyət orqanına baxıblar ki, türk olub-olmadlğını dəqiqləşdirsinlər. Sonra onun çılpaq vəziyyətdə şəklini çəkiblər. Buraxanda isə tapşırıblar ki, dilini udsun və heç yerə şikayət etmək fikrinə düşməsin.

Qadın deyir ki, oğlu evə çoxsaylı bədən xəsarətləri ilə gəlib, dəhşət içində olub: “Sifəti gömgöy idi, gözlərinə qan sağılmışdı, çalvarı cırıq-cırıq idi, dəliyə oxşayırdı. Onun xəsarət yerləri hələ də ağırıyır”.

Erməni qadın oğlunun başına gətirilənlərlə bağlı polisə müraciət edəndə ona deyiblər ki, şikayət etməyin heç bir faydası olmayacaq.

Martuni polisinin rəisi də qadının şikayətinə baxmayıb. Əksinə, bildirib ki, şikayət etsə, oğlunun boynuna istənilən cinayəti qoya bilərlər. Polis rəisi ona deyib ki, oğlunu hərbi polis əməkdaşları döyüb.

Xatırladaq ki, həmin günlərdə “Azərbaycan diversantlarının” Ermənistana, Göycə mahalına keçdiyi haqda şayiələr yayılmışdı. Ermənistan Müdafiə Nazirliyi “diversantları” axtarmaq üçün vertolyotlar qaldırmışdı, sərhədboyu yaşayan əhalidən “ayıq-sayıq olmaq” tələb edilirdi.

İndi bu əhvalat və Martuni sakininin başına gələnlər erməni hərbçilərinin vəhşiliyindən, əllərinə düşən “azərbaycanlı diversant”la necə davrandıqlarından bir daha xəbər verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol