RUSİYADAN QAZAXISTANA “STRATEJİ TƏRƏFDAŞ” ŞANTAJI – Və bizdəki “rusbaşlar” üçün növbəti nümunə

"Müasir beynəlxalq hüquq BMT Nizamnaməsidir. Nizamnamədə təsbit olunmuş iki əsas prinsip indi bir-biri ilə ziddiyyət təşkil edir. Bu, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququdur. BMT-nin qurucu ataları bu anı nəzərə almadı, ola bilsin, bu, qəsdən kompromis kimi təqdim edilib. BMT Nizamnaməsinin xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı prinsiplər rəhbər tutulsa, dünyada BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600-dən çox dövlət peyda olacaq.

Əlbəttə, bu, xaos yaradacaq. Bu səbəbdən biz nə Tayvanı, nə Kosovanı, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanıyırıq. Görünür, bu prinsiplər Luqansk və Donetsk kimi kvazi-dövlət ərazilərinə də şamil olunacaq”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iyunun 17-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı bu gözlənilməz və cəsarətli çıxışı, eləcə də Rusiyanın təklif etdiyi “Aleksandr Nevski” ordenindən imtina etməsi dünya mətbuatında gündəm oldu. Tokayevin az qala Putinin üzünə söylədiyi bu fikirlər əslində, tam beynəlxalq hüquqa uyğun, obyektiv bir mövqenin ifadəsi idi. Ancaq Putin Rusiyasının nə beynəlxalq hüquq, nə ərazi bütövlüyü, nə suverenlik, nə də digər sivil hüquq və normaları, adi bəşəri, insani dəyərləri qəbul etmədiyi, özünü barbar təfəkkürlü orta əsrlər imperiyası kimi apardığı artıq heç kimə sirr deyil. Elə Tokayevin məlum çıxışına da Kremlin cavabının həmin prinsiplər – özbaşınalıq, şantaj, hətta reketçilik üslubunda veriləcəyi gözlənilirdi. Belə də oldu.

Əvvəlcə, Tokayevin bu çıxışından dərhal sonra Rusiya tərəfi Qazaxıstan neftinin əsas ixrac limanı olan Novorosiyskdə guya sovet dövründən qalma minaların aşkarlandığını, buna görə limandan bütün ixracın dayandırıldığını açıqladı. Minaların zərərsizləşdirilməsinə iyunun 20-də başlanacağı, prosesin ayın sonunadək davam edəcəyi qeyd olundu. Əslində, hələ Tokayevin məlum çıxışından xeyli əvvəl, cari ilin mart ayında Avropa Birliyinin Rusiya neftinə embarqo məsələsi gündəmə gətirilən zaman Rusiya bu limanla Qazaxıstan neftinin nəqlini 3 həftə müddətində dayandırmışdı. Məqsəd təbii ki, bir tərəfdən Qazaxıstanı mümkün qədər “ram etmək”, digər yandan Avropa bazarında qıtlıq yaratmaq cəhdi idi. Həmin vaxt Qazaxıstan öz neftinin bir hissəsinin Azərbaycan üzərindən dünya bazarına çıxarılması üçün zəruri addımlar atmağa başladı. Eyni zamanda Çinə ixracın artırılması istiqamətində də addımlar atıldı. Hansı ki, Qazaxıstanın Çinə neft ixracını artırması birbaşa Rusiyanın maraqlarına ziddir. Çünki Moskva Avropanın almadığı neftin əsas alıcılarından biri kimi məhz Çini görür.

Ötən gün isə Kreml Qazaxıstan neftinin Rusiya ərazisindən neft boru kəməri ilə nəqlini rəsmən, özü də məhkəmə qərarı ilə dayandırdı. Belə ki, Novorosiysk məhkəməsi guya “kəmərdən qəza neft axıntılarının qarşısının alınması üzrə sənədləşmə pozuntularına yol verildiyi üçün” neft nəqlini bir ay müddətinə dayandırmaq barədə qərar çıxarıb. Rusiya və “müstəqil məhkəmələr” anlayışlarının daban-dabana zidd olduğunu, belə qərarların əslində, kimlər tərəfindən verildiyini nəzərə alsaq, kəmərin bağlanmasının Kremlin Qazaxıstana qarşı “strateji tərəfdaşlıq və dostluq jesti” olduğunu görərik. Bəli, budur Putin Rusiyasının tərəfdaşlığı və dostluğu – quyruğu qapı arasında qalan kimi, hər kəsi tapdalamağa hazır olmaq!

Unutmayaq ki, Qazaxıstan Rusiyanın strateji tərəfdaşı sayılmaqla yanaşı, həm KTMT-də, həm Avrasiya İqtisadi İttifaqında təmsil olunur və Kremlin patronajlıq etdiyi bu təşkilatlarda ikinci ən böyük dövlət sayılır.

Deməli, Kreml Qazaxıstanın Rusiyanın bütün dünyaya sırımaq istədiyi cəngəllik qanunlarına yox, sadəcə, beynəlxalq hüquqa riayət etmək istəyini qəbul və həzm edə bilmir. İstəyir ki, onun Ukraynada və bütünlükdə postsovet məkanında törətdiyi beynəlxalq hərbi cinayətlərə və özbaşınalıqlara “strateji tərəfdaş” adlandırdığı dövlətlər də bulaşsın. Bulaşmaq istəməyənlərə qarşı isə bu cür çirkin şantaj və təzyiq yolunu seçir.

Yəqin ki, bütün bunları Azərbaycandakı “rusbaşlar” da seyr edir və “feyziyab olurlar”. Əslində, Rusiyanın Qazaxıstana qarşı bu davranışından Azərbaycan kimi ölkələr də nəticə çıxarmalıdır və çıxarır da. Çünki Putin Rusiyası “strateji tərəfdaşlıq və dostluq sazişi”, yaxud “müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə” və s. bu kimi sənədlərə necə riayət etdiyini Qazaxıstan nümunəsində növbəti dəfə göstərmiş oldu...

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

BKM 2022-07-06 23:38:38

Cəlal bəy, təşəkkürlər!

Bəhrami 2022-07-06 22:07:50

Qazaxstan da Azərbaycan kimi məngənədə deyilki? Nədən, vaxtilə Kremlin təklif etdiyi Şanxayı keçib, Çinlə ideal tərəfdaşlıq qurmasın?

Son yazılar