“Qlobal inflyasiya daha çox Azərbaycana zərər vurur”
ABŞ-yə “Qızıl Əsr” vəd edən Donald Tramp hakimiyyətə qayıtdığı iki aydan da az müddətdə həm dünyanın siyasi düzəninə, həm də dünya iqtisadiyatına ciddi təhdidlər, təhlükələr yaradan addımlar atmaqda davam edir. Bu isə artıq özünü dünya bazarlarında, o cümlədən ABŞ-nin özündə olduqca mənfi tendensiya və göstəricilərdə büruzə verməyə başlayıb. Bu gedişlə, Trampın zidiyyətli siyasəti nəticəsində “kapitulyasiya” edən təkcə Ukrayna yox, ABŞ iqtisadiyyatı da ola bilər...
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, son bir ayda ABŞ-nin aparıcı indeksləri 5%(!) azalıb ki, bu da öz növbəsində Amerika şirkətlərinin bazar kapitallaşmasını 3,4 trilyon dollar azaldıb.
Həmçinin, bir çox əsas qlobal fond indeksləri ucuzlaşıb. Amerika indeksləri xüsusilə güclü eniş nümayiş etdirib.
S0&P 500 1,33%, Dow Jones 0,73%, NASDAQ 2,27% ucuzlaşıb. Pan-Avropa STOXX 600 1%, Almaniyanın DAX indeksi 1,25%, İngiltərənin FTSE 100 indeksi isə 0,56% ucuzlaşıb. Bundan əvvəl bəzi Asiya indeksləri də düşüb: Honq-Konqda Hang Seng 1,85%, Şanxayda SSE Composite isə 0,2% ucuzlaşıb.

Texnoloji sahədə də vəziyyət getdikcə pisləşir. Belə ki, Nasdaq 100 indeksi təxminən 4% azalaraq 2022-ci ildən bəri ən pis göstəricini nümayiş etdirib. Ən böyük eniş isə Trampın yaxın “silahdaşı”, milyarder İlon Maskın “təsərrüfatında” müşahidə olunur. Belə ki, 14% olmaqla, ən kəskin eniş ucuzlaşan elektrik avtomobil istehsalçısı “Tesla”-nın indeksində olub. Həmçinin, proqram təminatı istehsalçısı “Palantir Technologies”-in səhmləri 11%, “Apple” 5,3%, “Microsoft” 3,5%, “NVIDIA” isə 4,8% dəyər itirib.
Analitiklər indekslərin aşağı düşməsini Donald Trampın elan etdiyi ticarət müharibələri, idxal tariflərinin artırılması, eləcə də onun administrasiyası tərəfindən həyata keçirilən digər tədbirlərlə əlaqələndirirlər.
ABŞ Prezidenti özü “Fox News” telekanalına müsahibəsində tariflərin artırılmasının Amerika iqtisadiyyatının artımına təsir edə biləcəyini etiraf edib. Bunun iqtisadi tənəzzülə, ressesiyaya gətirə biləcəyi barədə suala isə cavab verməkdən yayınıb.

Bu arada məşhur “JPMorgan Chase” bankının analitikləri öz proqnozlarında ABŞ-də ressesiya ehtimalının 40 faizə çatdığını göstərirlər. Hansı ki, ilin əvvəlində bu ehtimal 30 faizin altında idi.
“Biz ABŞ-nin bu il ifrat siyasətlərə görə tənəzzülə uğraması riskini görürük”, - amerikalı mütəxəssislərin rəyində deyilir.
Amerikanın digər tanınmış “The Sevens Report” analitik şirkətinin təsisçisi Tom Esse isə deyib: “Səhmlərin düşməsinin səbəbi qeyri-müəyyənliyin artması və bu qeyri-müəyyənliyin bir sıra mənfi nəticələrə gətirib çıxaracağı qorxusudur. Bütün bu qeyri-müəyyənlik o deməkdir ki, istehlakçılar və şirkətlər mahiyyət etibarı “dərinə çəkiliblər” və hər şeyin aydınlaşmasını gözləyirlər”.
“Bloomberg” isə xəbər verir ki, Donald Trampın Amerika iqtisadiyyatının yavaşlaya biləcəyi ilə bağlı açıqlamalarından sonra təkcə “NASDAQ 100” texnologiya indeksinin səhmləri kapitallaşmada 1 trilyon dollar itirib.

Təbii ki, qeyd edilən təhlükələr hələ də resurs iqtisadiyyatı olaraq qalan və neft-qaz gəlirlərindən asılı olan Azərbaycandan da yan keçə bilməz.
ABŞ və dünya iqtisadiyyatında baş verənlərlə bağlı Azərbaycanın sabiq maliyyə naziri, professor Saleh Məmmədov da öz sosial şəbəkə səhifəsində maraqlı paylaşım edib. O qeyd edib ki, Tramp Amerika iqtisadiyyatını, Amerika bazarlarını alt-üst etməklə məşğuldur və bunun ilkin nəticəsi olaraq, Dow indeksi 900 bənd düşüb: “Tramp hökümətinin ağlasığmaz iqtisadi tədbirləri nəticəsində ABŞ iqtisadiyyatı hal-hazırda bir neçə problemlə üzləşir və bu, bazar indekslərinin düşməsinə səbəb olur. Ciddi tədbirlər görülməsə, ümumdünya böhranı fazasına daxil oluruq. Burada əsas amillərdən bəziləri:
1. Tariflər və Ticarət Siyasətləri: Prezident Trampın aqressiv ticarət siyasətləri, o cümlədən ABŞ-nin əsas ticarət tərəfdaşlarına tətbiq etdiyi tariflər iqtisadi qeyri-müəyyənlik yaradıb. Bu tariflərin gündəlik malların qiymətlərini artıracağı gözlənilir və bu da istehlakçıların xərclərini azaldaraq biznes inkişafını yavaşladır.
2. İqtisadi Göstəricilər: Son iqtisadi məlumatlar yavaşlamanın əlamətlərini göstərib. Atlanta Federal Ehtiyat Bankı 2025-ci ilin I rübündə 2.4% ÜDM-ə məhdudlaşan proqnozunu açıqlayıb. İstehlakçı inamında da kəskin azalma müşahidə olunub.

3. Bazar Reaksiyaları: Trampın ressesiya xəbərdarlığından sonra maliyyə bazarı bu qeyri-müəyyənliklərə mənfi reaksiya verib. Dow Jones Sənaye Orta İndeksi, S&P 500 və Nasdaq əhəmiyyətli enişlər yaşayıb. Tramp özü isə ortada yoxdur, keçən gün ərzində ekranlarda görünməyib.
4. İnflyasiya Narahatlıqları: İnflyasiya narahatlıq mənbəyi olaraq qalır və İstehlakçı Qiymət İndeksi (CPI) gözləniləndən yüksək artımı göstərib. Bu da iqtisadi artımın yavaşladığı və işsizliyin artdığı bir vəziyyət olan staqflyasiya qorxusuna səbəb olub. Azərbaycan hökümətinin üzvləri və Mərkəzi Bank da ciddi əks tədbirlər haqqında düşünməlidir. Qlobal inflyasiya daha çox Azərbaycana zərər vurur. Ölkənin valyuta ehtiyatlarının 70%-i dollarda saxlanılır. 2013-2024-cü illər arasında qlobal inflyasiya valyuta ehtiyatlarının 20 milyard dollarını yeyib.
Bu amillərin birləşməsi ABŞ-nin iqtisadi mühitini turbulent hala gətirərək bazar indekslərinə və investorların hissələrinə təsir edib”.
C. Məmmədov
“AzPolitika.info”

Şərhlər