Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alan şəxslərin son statistikası açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən məlumata görө, 2026-cı ilin oktyabr ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 963 nəfər təşkil edib.
Rəsmi məlumata əsasən, bu kateqoriyadan olan pensiyaçıların bölgüsü aşağıdakı kimidir:
116 561 nəfəri yaşa görə;
12 184 nəfəri əlilliyə görə;
23 218 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.
Xüsusi şərtlərlə pensiya alanlar kimlərdir?
Azərbaycan qanunvericiliyinə ("Əmək pensiyaları haqqında" Qanun) əsasən, ümumi sığorta-staj prinsiplərindən fərqli olaraq, xüsusi xidmət sahələrində çalışan və ya xüsusi dövlət qulluğu statusuna malik olan şəxslərə xüsusi şərtlərlə pensiya hüququ tanınır. Buraya əsasən aşağıdakı kateqoriyalar daxildir:
Hərbi qulluqçular (Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi birləşmələr);
Xüsusi rütbəli şəxslər (Daxili işlər, ədliyyə, prokurorluq, gömrük, Fövqəladə Hallar Nazirliyi və digər güc strukturlarının əməkdaşları);
Dövlət qulluqçuları (qanunvericiliklə müəyyən edilmiş staj həddinə uyğun olaraq);
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətinin ayrı-ayrı kateqoriyaları.
Rəqəmlər artır, yoxsa azalır?
DSMF-nin illik müqayisəli statistikası göstərir ki, xüsusi şərtlərlə pensiya alanların ümumi sayında son illərdə davamlı artım dinamikası müşahidə olunur:
Məsələn, 2024-cü ilin mart ayında bu rəqəm 140 792 nəfər idi;
2025-ci ilin may ayında 148 300 nəfərə yüksəlmişdi;
2026-cı ilin oktyabrına gəldikdə isə göstərici 151 963 nəfərə çatdı.
Bu artım əsasən yaşa görə xüsusi pensiya hüququ qazanan hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və dövlət qulluqçularının sayının çoxalması ilə izah olunur.
Əlillik meyarlarındakı dəyişikliklər statistikaya necə təsir edib?
Son illərdə (xüsusilə 2022-ci ilin iyulundan etibarən) ölkədə əlilliyin qiymətləndirilməsi sisteminin tam rəqəmsallaşdırılması və beynəlxalq təsnifatlara (ICF) uyğunlaşdırılması sərt filtr rolunu oynayıb. Maraqlıdır ki, ümumi artım tendensiyasına baxmayaraq, əlilliyə görə xüsusi pensiya alanların sayında azalma qeydə alınıb:
2024-cü ilin mart ayında əlilliyə görə xüsusi pensiya alanlar 14 640 nəfər olubsa, 2026-cı ilin oktyabrında bu rəqəm 12 184 nəfərə enib.
Nazirlik iddia edir ki, bu azalma elektronlaşdırılmış proaktiv sistemin şəffaflığı təmin etməsi, əsassız təyinatların qarşısının alınması və reabilitasiya mexanizmlərinin işləməsi ilə birbaşa bağlıdır. Müstəqil ekspertlər isə azalmanı şərtlərin ağırlaşdırılması və bir çox hallarda əsaslandırılmayan imtinalarla bağlı olkduğunu vurğulayırlar.
E.Rüstəmli
“AzPolitika.info”


Şərhlər