Menu

İranın ən böyük silahı nədir? – Pezeşkianın bu açıqlaması TƏƏCCÜBLƏNDİRDİ

03.11.2026, 13:47
İranın ən böyük silahı nədir? – Pezeşkianın bu açıqlaması TƏƏCCÜBLƏNDİRDİ

İrana qarşı xarici təhdidlərin artdığı bir vaxtda Prezident Məsud Pezeşkian xalqın dəstəyini ölkənin əsas gücü və təhlükəsizlik dayağı kimi önə çəkir. Bu yanaşma Tehranın mövcud şəraitdə yalnız hərbi potensiala deyil, həm də daxili siyasi və ictimai həmrəyliyə böyük ehtiyac duyduğunu göstərir. Bununla yanaşı, ölkədəki iqtisadi çətinliklər, sosial narazılıqlar və hakimiyyətə münasibətdə mövcud fikir ayrılıqları fonunda cəmiyyətin dəstəyini qazanmaq məsələsi xüsusi aktuallıq kəsb edir. Bəs Pezeşkianın bu mesajı hansı siyasi məqsədlərə xidmət edir? İran hakimiyyəti xarici təhdidlər qarşısında xalqın dəstəyini nə dərəcədə təmin edə bilər?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, İran prezidentinin xalqın dəstəyinin əsas güc mənbəyi olduğunu söyləməsi doğru ifadədir:

"Pezeşkianın bu açıqlamasını İran hakimiyyətinin xarici təhdidlər qarşısında daxili həmrəyliyi gücləndirmək və cəmiyyəti vahid mövqe ətrafında birləşdirmək cəhdi kimi qiymətləndirmək olar. Tehran yaxşı anlayır ki, mümkün hərbi qarşıdurma şəraitində təkcə silah və hərbi texnologiya deyil, əhalinin mənəvi-psixoloji dəstəyi və dövlətə inamı da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan prezidentin xalqın dəstəyini əsas güc kimi təqdim etməsi həm xarici rəqiblərə mesajdır, həm də daxili auditoriyaya ünvanlanmış siyasi çağırışdır. Lakin burada bir məqam da var. İran cəmiyyətində iqtisadi problemlər, inflyasiya, işsizlik və sosial narazılıqlar mövcuddur. Odur ki, insanlar ölkənin təhlükəsizliyində maraqlı olsalar da, hakimiyyətdən mövcud problemlərin həllində vacib addımlar atılmasını da gözləyirlər. Məncə, Pezeşkian üçün əsas məsələ xarici təhdidlər fonunda milli həmrəyliyi qorumaqla yanaşı, daxildəki sosial narazılıqları da azaltmaqdır. Çünki uzunmüddətli təzyiqlərə davam gətirmək üçün İranın yalnız hərbi potensiala deyil, həm də cəmiyyətin etimadına və sosial dayanıqlılığına ehtiyacı var".


Ekspertin sözlərinə görə, istənilən halda xalqın və cəmiyyətin dəstəyi, hakimiyyətlə vətəndaşların münasibətlərinin doğru qurulması, həmrəyliyin əldə edilməsi dövlətin möhkəmlənməsinin əsas təməl prinsiplərindən biridir:

"Məhz cəmiyyətin və xalqın dəstəyi xarici müdaxilələrə qarşı önəmli faktorlardan biri sayılır. Şübhəsiz ki, savaşı aparan ordudur, amma cəmiyyətdə həmrəylik və xalq dəstəyi olmadan hərbçilər də ciddi çətinliklərlə üzləşirlər. Bu baxımdan istənilən dövlət başçısının xalqın dəstəyinə çox ciddi ehtiyacı var. Bu. həm hakimiyyətin legitimliyinin əsasını təşkil edir, həm də dövlətin müdafiə qabiliyyətini və potensialını gücləndirir. Ona görə də, hesab edirəm ki, Pezeşkianın məsələyə bu cür yanaşması tam doğrudur".

Müşviq Tofiqoğlu,

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol