Menu

İranın nüvə kabusu: Qonşu ölkələr üçün təhlükə nə qədər böyükdür?

03.11.2026, 14:17
İranın nüvə kabusu: Qonşu ölkələr üçün təhlükə nə qədər böyükdür?

ABŞ və İsrailin İrana qarşı hərbi təzyiqləri fonunda nüvə silahından istifadə ehtimalı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Amerikalı jurnalist Taker Karlson Vaşinqtonun İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi ilə yaxın günlərdə İrana nüvə zərbəsi endirə biləcəyini iddia edib. O, mümkün zərbənin hədəfi kimi İranın mərkəzində yerləşən Külüng dağını göstərib. Bu iddia regionda təhlükəsizliklə bağlı narahatlıqları artırmaqla yanaşı, mümkün nüvə hücumunun nəticələri barədə də suallar doğurur.

Bəs ABŞ və İsrailin İrana nüvə zərbəsi endirməsi nə dərəcədə realdır? Belə bir ssenari reallaşarsa, İranı və qonşu ölkələri hansı təhlükələr gözləyə bilər?

Mövzu ilə bağlı "Azpolitika"ya danışan politoloq Züriyyə Qarayeva bildirib ki, ABŞ-ın İsrailin təzyiqi ilə İrana nüvə zərbəsi endirəcəyi haqda iddialar kifayət qədər ciddi səslənsə də, bunu təsdiqlənən hərbi plan kimi qiymətləndirmək doğru deyil:

"Hazırda Vaşinqtonun belə bir qərar qəbul etdiyini göstərən etibarlı sübut yoxdur. Üstəlik, Donald Tramp daha əvvəl İrana qarşı nüvə silahından istifadə etmək niyyətində olmadığını açıqlayıb. Bununla belə, İranın nüvə proqramı ətrafında gərginliyin davam etməsi, xüsusilə Natanz yaxınlığındakı yeraltı obyektlərin hədəf kimi müzakirə olunması hərbi eskalasiya ehtimalını gündəmdə saxlayır. Hesab edirəm ki, ABŞ və İsrailin İrana qarşı adi silahlarla yeni əməliyyatlar keçirməsi nüvə bombasında istifadə ssenarisindən daha real görünür. Çünki nüvə zərbəsi təkcə İranın hərbi imkanlarının məhdudlaşdırılması deyil, beynəlxalq münasibətlər sistemində son dərəcə təhlükəli presedentin yaradılması demək olardı. Belə bir addım Vaşinqtonun müttəfiqləri arasında da ciddi narahatlıq doğura, nüvə silahından istifadəyə qarşı formalaşan beynəlxalq normanı zəiflədə və digər nüvə dövlətlərinin gələcək davranışlarına təsir göstərə bilər".

Ekspertin sözlərinə görə, belə bir ssenari reallaşsa, nəticələr yalnız İranın ərazisi ilə məhdudlaşmayacaq:


"Zərbənin gücündən, partlayışın baş verdiyi yüksəklikdən və meteoroloji şəraitdən asılı olaraq böyük insan tələfatı, radioaktiv çirklənmə, su və torpaq ehtiyatlarının zədələnməsi, eləcə də uzunmüddətli ekoloji fəsadlar yarana bilər. Xüsusilə, yeraltı obyektə nüvə zərbəsi endirilməsi radioaktiv materialların atmosferə və ətraf mühitə yayılması riskini artırır. Azərbaycan, Türkiyə, Ermənistan, Türkmənistan və Fars körfəzi ölkələri üçün mümkün təhlükənin miqyası isə küləyin istiqamətindən, partlayışın xüsusiyyətlərindən və radioaktiv çöküntünün yayılmasından asılı olacaq. Azərbaycanın İranla birbaşa sərhədə malik olması nəzərə alınarsa, ölkəmiz üçün ekoloji monitorinq, sərhəd təhlükəsizliyi və mümkün humanitar axınlara hazırlıq xüsusi əhəmiyyət daşıyacaq. Eyni zamanda İranın cavab tədbirləri regional hərbi qarşıdurmanı genişləndirə, Hörmüz boğazında gəmiçiliyi poza və dünya enerji bazarlarında ciddi qiymət dalğalanmalarına səbəb ola bilər. Bu səbəbdən nüvə zərbəsi ehtimalı hazırda təsdiqlənən təhlükə olmasa da, onun mümkün nəticələri beynəlxalq ictimaiyyət tərəfindən son dərəcə ciddi qiymətləndirilməlidir".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol