Menu

Kafe və restoranlarda gizli məqamlar: Müştərilər hər şeyi öyrənə biləcək

03.11.2026, 14:57
Kafe və restoranlarda gizli məqamlar: Müştərilər hər şeyi öyrənə biləcək

Kafe və restoranlarda müştərilərə təqdim olunan yeməklərin tərkibi ilə bağlı məlumatların daha əlçatan olması üçün QR kod sistemindən istifadə gündəmə gələ bilər. Bu texnologiya vasitəsilə istehlakçılar sifariş etdikləri yeməyin hansı məhsullardan hazırlandığını, tərkibində allergenlərin olub-olmadığını, kalori və qida dəyərini, eləcə də istifadə olunan ərzaqların mənşəyini öyrənə bilərlər. Belə bir yenilik həm qida təhlükəsizliyi, həm də istehlakçı hüquqlarının qorunması baxımından əhəmiyyətli ola bilər.

Bəs Azərbaycanda kafe və restoranların menyularında bu cür məlumatların QR kod vasitəsilə təqdim edilməsi mümkündürmü? Bunun üçün hansı texniki və hüquqi tələblər mövcuddur? Belə bir sistemin tətbiqi restoranlar üçün məcburi ola bilərmi?

Mövzunu "Azpolitika"ya şərh edən qida mütəxəssisi İlkin Şirinov bildirib ki, müasir dövrdə kafe və restoranlarda istehlakçıların məlumatlandırılması, qida təhlükəsizliyinin təmin olunması və xidmət keyfiyyətinin artırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan ictimai iaşə müəssisələrində yeni yanaşmanın, "Şəffaf Kafe, Şəffaf Restoran" modelinin tətbiqi məqsədəuyğun olar:

"İlk növbədə, kafe və restoranların menyularında QR kod sisteminin tətbiqi diqqətə alınmalıdır. İstehlakçı telefonunun kamerası vasitəsilə QR kodu oxutmaqla sifariş vermək istədiyi yeməyin tərkibi, hazırlanmasında istifadə olunan inqrediyentlər, allergenlər, kalori miqdarı, zülal, yağ, karbohidrat və digər qida dəyərləri barədə ətraflı məlumat əldə etməlidir. Bununla yanaşı yeməyin hazırlanmasında istifadə olunan ət, toyuq, balıq, dəniz, süd məhsulları, tərəvəz və digər ərzaqların mənşəyi, eləcə də istehsalçısı və təchizatçısı haqqında məlumatlar da istehlakçıya təqdim olunmalıdır. Bu sistem xüsusilə qida allergiyası olan insanlar, sağlam qidalanmağa üstünlük verənlər və istehlak etdiyi məhsulların mənşəyinə diqqət yetirən şəxslər üçün əhəmiyyətli imkan yarada bilər. Lakin şəffaflıq yalnız rəqəmsal menyu ilə məhdudlaşmamalıdır. Burada ikinci mühüm istiqamət "Açıq Mətbəx" prinsipinin tətbiqidir. Restoran və kafelərdə mətbəxin müəyyən hissəsinin şüşə arakəsmələr vasitəsilə müştərilərin müşahidəsinə açıq olması təmin edilməlidir. İstehlakçı sifariş etdiyi yeməyin hansı ərzaqlardan və necə hazırlandığını, aşpazların gigiyena qaydalarına riayət etməsini görə bilməlidir. Bu yanaşma müəssisələrin fəaliyyətində şəffaflığı artırmaqla yanaşı, müştəri etimadının formalaşmasına da xidmət edər. Əlbəttə, açıq mətbəx sanitar və texnoloji tələblər qorunmaqla təşkil olunmalıdır".

Ekspertin sözlərinə görə, digər mühüm məsələ isə ictimai iaşə müəssisələrinə daxil olan məhsulların daşınması, qəbulu və saxlanmasıdır:


"Çünki qida təhlükəsizliyi baxımından ən ciddi risklərdən bəziləri məhz bu mərhələlərdə meydana çıxa bilər. Xüsusilə, ət və ət məhsulları, toyuq, balıq, dəniz və süd məmulatlarının daşınması zamanı soyuq zəncirin qorunması, temperatur rejiminə əməl olunması, məhsulların mənşəyinin və müşayiətedici sənədlərinin yoxlanılması vacibdir. Restoranlara daxil olan ərzaqların hansı təchizatçıdan alındığı, nə vaxt gətirildiyi, necə daşındığı və hansı temperaturda saxlanıldığı izlənilməlidir. Soyuducu və dondurucuların temperatur göstəriciləri mütəmadi qeydə alınmalı, çiy və hazır məhsulların bir-birindən ayrı saxlanılması təmin olunmalıdır. Eyni zamanda yeməklərin hazırlanması zamanı istilik emalının temperaturu və müddəti, işçi səthlərin təmizliyi, avadanlıqların sanitar vəziyyəti və çarpaz çirklənmə riskləri də nəzarətdə saxlanılmalıdır. Bu istiqamətdə HACCP prinsiplərinə əsaslanan qida təhlükəsizliyi prosedurlarının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Məsələnin digər tərəfi isə nəzarət mexanizmlərinin gücləndirilməsidir. İctimai iaşə obyektlərində qida təhlükəsizliyinə nəzarət yalnız əvvəlcədən elan olunan yoxlamalarla məhdudlaşmamalıdır. Qanunvericiliyə uyğun olaraq əvvəlcədən elan edilməyən yoxlamalar, riskəsaslı nəzarət tədbirləri və müstəqil auditlər həyata keçirilməlidir. Belə yoxlamalar zamanı məhsulların mənşəyi, saxlanma şəraiti, temperatur qeydləri, təchizat sənədləri və faktiki istifadə olunan ərzaqların uyğunluğu araşdırılmalı, zərurət yarandıqda laborator müayinələr üçün nümunələr götürülməlidir. Burada məqsəd yalnız pozuntuları aşkar etmək deyil, həm də qida təhlükəsizliyinin müəssisənin gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməsidir. Bir sözlə, əsas prinsip belə olmalıdır: istehlakçı nə yediyini bilməli, yeməyin necə hazırlandığını görməli, dövlət nəzarəti isə onun fərqinə varmadığı riskləri də aşkar etməlidir".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol