ABŞ hərbçiləri noyabrın 2-si axşam saatlarında Hörmüz boğazında yerləşən İranın Qeşm adasına zərbələr endiriblər. ABŞ rəsmiləri bu addımın özünümüdafiə məqsədi daşıdığını təsdiqləsələr də, hələlik rəsmi qurumlar tərəfindən geniş açıqlama verilməyib.
"The Wall Street Journal" nəşrinin məlumatına görə, ABŞ ordusu son həftələr ərzində ictimaiyyətə açıqlanmayan bu cür məhdud zərbələri müntəzəm olaraq həyata keçirir. Bu əməliyyatların əsas məqsədi İranın Hörmüz boğazındakı ticarət gəmilərinə hücum etməsinin qarşısını almaqdır.
Buna baxmayaraq, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu hücumlarla bağlı rəsmi məlumat yaymayıb. İranda da dövlətə məxsus İRNA agentliyi noyabrın 2-si axşam saatlarında ölkənin cənubunda partlayış səslərinin eşidildiyini təsdiqləsə də, təfərrüat açıqlamayıb. Rəsmi Tehran hələlik insidentə münasibət bildirməyib.
ABŞ administrasiyasının nümayəndəsi yüerli mətbuata bildirib ki, Amerika hərbçiləri Qeşm adasına məhz İran qüvvələrinin ABŞ təyyarəsini atəşə tutmasından sonra cavab olaraq "məhdud zərbələr" endiriblər.
Vaşinqton bu hücumları ictimaiyyətə dərhal açıqlamamasının səbəbini tammiqyaslı müharibənin qaçılmaz olması təəssüratını yaratmaq istəməməsi ilə izah edir. Konqresə aralıq seçkilərin keçirildiyi günlərdə ABŞ Prezidenti Donald Trump İrana qarşı irimiqyaslı zərbələrin bərpasını planlaşdırmadığını nümayiş etdirsə də, bu variantı tamamilə istisna etməyib. Müxtəlif KİV mənbələri isə administrasiyada hələ də yekun qərarın verilmədiyini bildirirlər.
Bir neçə aydır ki, regionda kövrək və gərgin vəziyyət hökm sürür. İranın təhdidləri Hörmüz boğazında gəmiçiliyi ciddi şəkildə məhdudlaşdırır, ABŞ qüvvələri isə İrana qarşı dəniz blokadasını davam etdirir. Bütün bunlarla yanaşı, beynəlxalq vasitəçilər mümkün sülh sazişinin əldə olunması istiqamətində səylərini səngitmirlər.
“AzPolitika.info”


Şərhlər