Menu

“Onların əksəriyyəti Türkiyədən gəlib” – Deputatdan açıqlama

03.11.2026, 15:30
“Onların əksəriyyəti Türkiyədən gəlib” – Deputatdan açıqlama

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb.

“AzPolitika” xəbər verir ki, millət vəkili Azərbaycanda, xüsusilə də kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadrlara böyük ehtiyac olduğunu, 5 il ərzində bu problemin həll edilə bilməyəcəyini düşündüyünü deyib:

“Sovet hakimiyyəti illərində Azərbaycanda universitetlər sırasında ən aşağı reytinqli universitetlər İqtisad Universiteti, bir də Gəncədəki Kənd Təsərrüfatı Universiteti idi, hansı ki, indi Azərbaycan Dövlət Aqrar Universiteti adlanır. Hətta Sovet hakimiyyəti illərində İqtisad Universiteti dörd dəfə bağlanıb, sonuncu dəfə 1987-ci ildə o Leninqrad Maliyyə İqtisad İnstitutunun filialına çevrildi. Amma bizim sabiq deputat həmkarımız Şəmsəddin Hacıyevlə bu universitetdə başlanan islahatlar bu gün də Ədalət Muradov tərəfindən davam etdirilir və indi həmin universitet dünyada reytinq cədvəlində Bakı Dövlət Universitetindən sonra, 634-cü yeri tutur. Bakı Dövlət Universiteti 565-ci yerdədir. Ona görə bu müqayisəni aparıram ki, yəni Aqrar universitetdə də vəziyyəti dəyişmək mümkündür”. 

Deputat hesab edir ki, bunun üçün sadəcə olaraq ciddi işlər görülməlidir. Onun sözlərinə görə, bu gün İqtisad Universitetində elə fakultələr var ki, ən azı üç ixtisasının adını çəkə bilərəm ki, orda keçid balı 600-dən artıqdır:

“Amma gəlin baxaq indi bizim Gəncə Azərbaycan Dövlət Aqrar Universitetində vəziyyət necədir? Baxın, aqronomluq ixtisası üzrə keçid balı 169,6 bal, Aqromühəndislik-177,2-bu bu ilin statistikasıdır. Su Bio-ehtiyatları və akvakultura 151,5 bal, Baytarlıq təbabəti 153,4 bal, Bitki mühafizəsi 178,1 bal… Yəni bu cür aşağı ballarla, yəni aşağı səviyyəli biliyə malik uşaqlarla düşünmürəm ki, biz bu sahədə köklü dəyişikliklərə nail ola bilərik, əgər bu universitet ciddi şəkildə yenidən qurulmasa, orda ciddi islahatlar aparılmasa…Bir dəfə bizim hüquqşünas sahəsi üzrə işləməyən, amma hüquqşünas nazirlərdən biri demişdi ki, bizə hüquqşünaslar yox, aqronomlar lazımdır. Əlbəttə, ölkəyə hüquqşünaslar da lazımdır, ona görə ki, hüquqi dövlət qurmadan aqrar sahəni də inkişaf etdirmək çox çətindir. Amma bir dəfə mən mətbuatda oxumadım, yaxud belə bir məlumat yayılmadı ki, doğrudan da bu sahə Nazirlər Kabinetinin iclasında bir dəfə müzakirə olunub. Yəni bu mütəxəssis hazırlığına xüsusi diqqət yönəltməyə ehtiyac var. Bu hökumətin qarşısında duran ən mühüm vəzifələrdən biri olmalıdır”. 

Q.Həsənquliyev vurğulayıb ki, yalnız bu yolla biz bu sahədə vəziyyəti dəyişə bilərik: 

“İndi gedib maraqlansanız, mən şəxsən maraqlanmışam, bizim bütün aqro-parklarda, heyvandarlıq komplekslərində, bitkiçilik təsərrüfatlarında çalışan yüksək ixtisaslı mütəxəssislərin əksəriyyəti, xüsusilə də Türkiyədən gələnlərdir.Hörmətli Zahid müəllim qeyd elədi ki, hətta aqromühəndislik üzrə də mütəxəssislər ölkəyə İrandan dəvət olunur. Mənim diqqətə çatdırmaq istədiyim bunlar idi ki, biz ilk növbədə diqqəti təhsilə yönəltməliyik”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol