Noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkilər Donald Trampın prezidentliyinin qalan iki ili üçün ölkənin siyasi mənzərəsini müəyyənləşdirməklə yanaşı, qlobal siyasətə də ciddi təsir göstərəcək. Konqresin hər iki palatasına nəzarətin itirilməsi Trampın siyasi manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər. Səsvermə prosesi artıq qismən başlayıb. Bir çox ştatda seçicilərə vaxtından əvvəl səs vermək və ya bülletenləri poçt vasitəsilə göndərmək imkanı yaradılıb. Bununla belə, əsas səsvermə günü noyabrın 3-nə təsadüf edir.
Seçkilər yaxınlaşdıqca Demokratlar yellənən ştatlarda seçicilərin rəğbətini qazanmaq üçün siyasi arsenallarındakı bütün imkanlardan maksimum istifadə etməyə başlayıblar. Keçmiş prezident Barak Obamanın Miçiqan və Ohayo kimi rəqabətin kəskin olduğu ştatlarda kampaniyaya qoşulması da bu strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Tramp və Obama qarşılıqlı ittihamlarla çıxış edərək həm iqtisadi siyasəti, həm də İranla müharibəni əsas müzakirə mövzularına çeviriblər.

Miçiqan ştatında Obama senatorluğa namizəd olan müsəlman siyasətçi Əbdül Əl-Seyidə səs verməyə çağırıb. Tramp isə Əl-Seyidi cihadçı adlandırıb, eyni zamanda Obamanı səriştəsiz prezident olmaqda ittiham edib. O, Obamanın əvvəlki prezident seçkilərində dəstəklədiyi namizədlərin də uğursuzluğa düçar olduğunu bildirib. Obama da öz növbəsində vurğulayıb ki, Tramp ölkəyə iki illik xaos gətirib və ABŞ-ı heç kimin istəmədiyi, iqtisadi baxımdan dağıdıcı nəticələr doğuran İran müharibəsinə sürükləyib.
Əgər Demokratlar Nümayəndələr Palatasında üstünlük qazansalar, parlament araşdırmalarına rəhbərlik etmək və Ağ Ev üzərində nəzarəti gücləndirmək imkanı əldə edəcəklər. Onların Senatda da çoxluq qazanması Trampın federal vəzifələrə irəli sürdüyü namizədlərin təsdiqlənməsi prosesini çətinləşdirəcək. Demokratların Trampın vetosunu aradan qaldırmaq üçün Konqresin hər iki palatasında üçdə iki səs çoxluğuna ehtiyacı var. Bunun isə reallaşması kifayət qədər çətin görünür. Belə bir ssenari yalnız Trampın xarici siyasəti ilə qətiyyən razılaşmayan bəzi Respublikaçıların da Demokratlara dəstək verməsi nəticəsində mümkün ola bilər. Bu isə öz növbəsində hətta impiçment prosedurunun başlanmasına da yol aça bilər.

Tramp Respublikaçıların hər iki palatada üstünlüyü qoruyacağına, ən pis halda isə Senata nəzarəti saxlayacağına ümid edir. Lakin İranla müharibənin arzuolunan nəticələr verməməsi və ölkədə iqtisadi vəziyyətin pisləşməsi onun siyasi planlarını poza bilər. Hazırda paradoksal vəziyyət yaranıb: Respublikaçıların mümkün səs itkilərinin səbəbi partiyanın ümumi siyasətindən daha çox, Trampın şəxsi siyasi kursu ilə əlaqələndirilir. Bunu anlayan bəzi Respublikaçılar öz adlarının prezidentlə assosiasiya olunmasını istəmirlər.
Rəy sorğuları ənənəvi olaraq Respublikaçıların güclü mövqelərə malik olduğu Texas, Florida, Cənubi Karolina və Kanzas kimi ştatlarda da rəqabətin kəskinləşə biləcəyini göstərir. Hətta Demokratların bu ştatlarda keçiriləcək qubernator seçkilərində də qalib gəlməsi ehtimalı istisna olunmur. Trampın siyasətindən narazı qalan ənənəvi Respublikaçı seçicilərin bir hissəsinin səsverməyə qatılmaması isə Demokratların şanslarını xeyli artıra bilər.

Yuxarıda qeyd olunduğu kimi, Demokratlar hər iki palatada nəzarəti ələ keçirsələr, Trampa qarşı impiçment proseduruna başlamaq cəhdi də istisna deyil. Bununla belə, onlar daha fərqli strategiya seçərək Trampın növbəti prezident seçkilərinə qədər mövcud siyasi kursunu davam etdirməsinə və bu siyasətin nəticəsində Respublikaçıların mövqelərinin daha da zəifləməsinə imkan verməyə çalışa bilərlər. Beləliklə, Demokratlar üçün əsas məqsəd yalnız Trampa qarşı siyasi mübarizə aparmaq deyil, həm də onun hakimiyyətinin qalan dövründə Respublikaçıların siyasi dayaqlarını sarsıtmaq ola bilər.
Qlobalistlər və millətçilər arasında qarşıdurma
ABŞ-da siyasi mübarizəni yalnız Demokratlarla Respublikaçılar arasındakı rəqabət kimi qiymətləndirmək ümumi mənzərəyə dar çərçivədən yanaşmaq olardı. Daha geniş müstəvidə qlobalist-liberal qüvvələrlə milli suverenliyi, dövlət maraqlarını və sərt dövlət siyasətini ön plana çəkən sağ qüvvələr arasında ideoloji qarşıdurma getdikcə dərinləşir. Bu bölgü mütləq və dəyişməz xarakter daşımasa da, son 10–15 ildə daha aydın və qabarıq şəkildə özünü göstərir.
Noyabr ayında Si Cinpin, Donald Tramp və Vladimir Putin arasında mümkün görüş də bu baxımdan xüsusi diqqət çəkir. Bəzi analitiklər bu görüşü yeni Yalta formatı kimi qiymətləndirirlər. Lakin 1945-ci ildə ABŞ-da siyasi qüvvələr arasında indiki qədər ciddi fikir ayrılıqları yox idi və Franklin Ruzveltin ölkə daxilində siyasi dayaqları kifayət qədər möhkəm idi. Ruzveltin ABŞ-dakı mövqeyi ilə Trampın hazırda Konqres qarşısında üzləşdiyi siyasi vəziyyəti eyniləşdirmək mümkün deyil.

Əgər Tramp aralıq seçkilərdə ciddi məğlubiyyətə uğrasa, onun beynəlxalq danışıqlardakı mövqeyi də zəifləyə bilər. Bununla belə, ABŞ prezidentinin xarici siyasət sahəsində geniş icra səlahiyyətləri tamamilə aradan qalxmayacaq. Heç şübhəsiz ki, üç ölkə liderinin dünyanın gələcəyi ilə bağlı aparacağı müzakirələr bütün məsələlərin qısa müddətdə həll olunacağı anlamına gəlmir. Bunun ən azı iki əsas səbəbi var. Birincisi, ABŞ və Çin arasında mövcud olan dərin fikir ayrılıqlarının aradan qaldırılması xeyli vaxt tələb edəcək. İkincisi isə belə danışıqların nəticələri birbaşa Trampın öz ölkəsindəki siyasi mövqeyinin nə dərəcədə dayanıqlı olmasından asılı olacaq.
Çin və Avropa amili
Şübhəsiz ki, ABŞ-ın uzunmüddətli strategiyasında əsas rəqib Çindir. Buna görə də Vaşinqton böyük ehtimalla diqqətini və resurslarını Asiya-Sakit okean regionuna yönəltməyə çalışacaq. Çin isə iqtisadi təsir dairəsini genişləndirməyə, dünya ticarətində mövqelərini möhkəmləndirməyə və hərbi potensialını artırmağa davam edəcək. Pekin Rusiyanın təbii sərvətlərindən və strateji tərəfdaşlığından faydalanmaqla öz imkanlarını daha da genişləndirmək niyyətindədir. Bu baxımdan ABŞ, Çin və Rusiya liderlərinin mümkün görüşündən əvvəl keçiriləcək aralıq seçkilər Tramp üçün xüsusi əhəmiyyət daşıyır.
Digər tərəfdən, ABŞ-ın Avropanın təhlükəsizliyinin təmin olunmasında rolunu azaltması Avropa dövlətlərini öz müdafiə imkanlarını gücləndirməyə sövq edir. Avropanın hərbi potensialını artırması, silahlı qüvvələrini genişləndirməsi və müdafiə sənayesindəki mövcud çatışmazlıqları aradan qaldırması isə müəyyən vaxt tələb edəcək. Ukrayna ilə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi, hava hücumundan müdafiə sistemlərinin və raket texnologiyalarının inkişaf etdirilməsi bu prosesin mühüm istiqamətlərindəndir.

Avropada baş verən küçə iğtişaşlarını da sol-liberal qlobalist qüvvələrin siyasi təzyiq vasitəsi kimi dəyərləndirmək mümkündür. Qərb dünyası gələcəyin hansı prinsiplər əsasında formalaşdırılması məsələsində faktiki olaraq iki düşərgəyə bölünüb. Qlobalistlər Avropanı gələcəkdə yalnız geostrateji məkan deyil, həm də güclü iqtisadi və hərbi mərkəzə çevirməyə çalışırlar.
ABŞ-ın Kanada ilə ticarət münasibətlərində yaranan gərginlik də Qərb daxilindəki ziddiyyətlərin göstəricisidir. Gömrük rüsumları və ticarət məhdudiyyətləri polad, alüminium, avtomobil və meşə sənayesi kimi mühüm sahələrə təsir göstərir. Bu cür addımlar müttəfiqlər arasında iqtisadi münasibətləri mürəkkəbləşdirir, eyni zamanda vahid Qərb strategiyasının formalaşdırılmasını çətinləşdirir.
Avropanın siyasi gələcəyi uğrunda mübarizədə isə sağ millətçi qüvvələr – Fransada Marin Le Pen, Niderlandda Gert Vilders, Britaniyada Naycel Farac və Almaniyada Almaniya üçün Alternativ (AfD) kimi siyasi təşkilatlar ön plana çıxır. Bu qüvvələrin mövqelərinin güclənməsi Avropanın ənənəvi siyasi sistemində ciddi dəyişikliklərə səbəb ola bilər.
Bununla belə, qlobalistlər və millətçilər arasında mübarizənin nəticəsi hələ də qeyri-müəyyəndir. Hər iki tərəf rəqibini zəiflətməyə və öz siyasi təsir imkanlarını genişləndirməyə çalışsa da, Avropanın gələcək dünya nizamındakı yeri və rolu ilə bağlı vahid, konkret strategiya hələ formalaşmayıb. Bu qarşıdurmanın nəticəsi təkcə ayrı-ayrı ölkələrin daxili siyasətinə deyil, bütövlükdə Avropanın geosiyasi istiqamətinə də təsir göstərəcək.
Beləliklə, noyabrın 3-də keçiriləcək seçkilər yalnız ABŞ Konqresindəki mandatların bölüşdürülməsi məsələsi deyil. Bu səsvermə Vaşinqtonun Rusiya, Çin, Ukrayna və Avropa ilə münasibətlərinin gələcək istiqamətinə də təsir göstərəcək. Ümumiyyətlə, ABŞ-ın gələcək siyasətini təkcə prezidentin şəxsi istəyi və idarəetmə üslubu müəyyənləşdirmir. Bu baxımdan Konqresdəki qüvvələr nisbəti, ölkənin iqtisadi vəziyyəti, böyük dövlətlər arasındakı münasibətlər və ən əsası, sol-liberal qlobalistlərlə onların ideoloji antaqonistləri olan sağ millətçilər arasında getdikcə dərinləşən rəqabət xüsusi əhəmiyyət daşıyır.
Yeni dünya nizamının hansı prinsiplər əsasında formalaşacağı, qlobal güc mərkəzləri arasında münasibətlərin necə dəyişəcəyi və bu prosesdə ABŞ-ın hansı mövqedə dayanacağı isə hələlik açıq sual olaraq qalır.
Vaqif Nəsibov
AzPolitika.info


Şərhlər