Menu

"MÜHARİBƏ İSTƏMİRİK, AMMA HAZIRIQ..." - Putindən AÇIQLAMA

30.10.2026, 14:03
"MÜHARİBƏ İSTƏMİRİK, AMMA HAZIRIQ..." - Putindən AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin bir neçə gün əvvəl Norveç və Finlandiya liderləri ilə apardığı telefon danışıqlarına toxunaraq, Avropa ölkələri ilə münasibətlərin bərpasına yönələn hər bir addımı dəstəklədiklərini bəyan edib.

"Həmişə dediyim kimi, Avropa ölkələri ilə, istər AB çərçivəsində, istərsə də ikitərəfli əsasda tam və normal münasibətlərin bərpasına yönələn hər bir addımı dəstəkləyirik. Buyursunlar, necə istəyirlər, elə də olsun", - deyə o bildirib.

O, bildirib ki, Rusiya Avropa ilə müharibə etmək niyyətində deyil, lakin lazım gələrsə buna tam hazırdır. O, gərginliyin həddindən artıq artacağı təqdirdə heç bir tərəfin qalib gəlməyəcəyi barədə xəbərdarlıq edib: "Avropada çoxları 2030-cu ilə qədər müharibəyə hazırlaşmaqdan danışır. Bu, düzgündür, yoxsa yox? Hər şeydən əvvəl, biz hazırıq. Amma biz Avropa ilə müharibə istəmirik. Əgər içərilərindən biri bunu istəyirsə, qoy hazırlaşsın".

Kreml rəhbəri Avropanın hələ də "Rusiyaya strateji məğlubiyyət yaşatmaq" məqsədinə çatmadığını və bunun 2030-cu ilə qədər də mümkün olmayacağını vurğulayıb. Xatırladaq ki, daha əvvəl Finlandiya və Norveç liderləri də Putinlə Ukraynadakı müharibənin dayandırılması məsələsini müzakirə etmişdilər.

Putin çıxışında həmçinin Moskvanın Baltik dənizində Hörmüz boğazındakı vəziyyətə bənzər bir böhranın yaranmasını istəmədiyini bildirib. Finlandiya və digər Avropa ölkələrinin beynəlxalq dənizçilik hüququna əməl olunmasına çalışmasını xatırladan Rusiya Prezidenti qeyd edib: "Baltik dənizindəki vəziyyətin Fars körfəzi və ya Hörmüz boğazındakı kimi olmasını istəyən varmı? Bilmirəm. Biz bunu istəmirik, lakin istənilən çətinliyə cavab verəcəyik".

Mütəxəssislər qeyd edirlər ki, Rusiya üçün strateji əhəmiyyət daşıyan (St. Peterburq və Ust-Luqa limanlarını birləşdirən) Baltik dənizi hazırda NATO ilə Rusiya arasında əsas qarşıdurma zonalarından biridir. Qərbin tətbiq etdiyi sanksiyalar fonunda Rusiya neft məhsullarını daşımaq üçün "kölgə flotu"na güvənir, lakin 2026-cı ildə region ölkələri bu gəmilərə qarşı nəzarəti və saxlanma tədbirlərini xeyli sərtləşdiriblər.

Putinin mətbuat katibi Dmitri Peskov isə bugünkü açıqlamasında prezidentin Fransa lideri Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz daxil olmaqla hər kəslə ünsiyyətə hazır olduğunu bildirib.

Jurnalistin Ukrayna Prezidenti Vladimir Zelenski ilə bağlı sualını cavablandıran Peskov, "Hələ ki heç kim zəng etməyib" deyə qeyd edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol