“Bu, heç vaxt baş verməməli olan xoşagəlməz bir mənzərə idi. Biz bütün normalara və sərhədlərə hörmət etməli və həmvətənlərimizin bu cür səhnələrə şahid olmasının qarşısını almalıyıq”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif “Güclü Ermənistan” blokundan olan deputatı, dünən Ermənistan parlamentində baş verən davada xəsarət alan Andranik Gevorkyan yerli mediaya açıqlamasında deyib.
"Bu cür hadisələr baş verir, keçir və biz normal işə qayıdırıq. Əgər bu, yenidən baş verərsə, necə reaksiya olsa, o cür də cavab veriləcək”, - Gevorkyan deyib.
Kadrlarda da döyüldüyü görünən deputat parlamentdəki davadan sonra onun üçün təcili yardım gəlmədiyini iddia edib: "Xeyr, mənə təcili yardım maşını gəlmədi. Özümü çox yaxşı hiss etdim, ona görə də hər şey qaydasındadır”.
Xatırladaq ki, dünən hakim "Vətəndaş Müqaviləsi" və müxalif "Güclü Ermənistan" partiyalarının üzvləri arasında baş verən davada Andranik Gevorkyanın burnundan qan açılıb, digər deputat Ruben Mxitaryanın paltarı cırılıb. Bundan sonra təhlükəsizlik əməkdaşları araya girərək, vəziyyəti nəzarətə götürüblər. Parlamentin binasına təcili yardım maşınları gəlib.
Ermənistan Parlamentinin sədri Ruben Rubinyan isə parlamentin iclas zalında baş verən davaya görə "Güclü Ermənistan" müxalifət fraksiyasını ittiham edib. O, jurnalistlərə açıqalmasında müxalifətin bundan “nəticə çıxaracağına” ümid etdiyini bildirib: "Bunu biz başlatmamışıq… Hakim partiyanın millət vəkillərindən heç biri söyüş söyməyib; mən görüntüləri araşdırmışam”.
Hadisənin beynəlxalq mediada geniş işıqlandırılmasına münasibət bildirən Rubinyan deyib ki, "əlbəttə bu, yaxşı deyil, amma buna görə müxalifət məsuliyyət daşıyır".
Ardınca, spiker müxalifəti təhdid edib: "Ümid edirəm ki, bunu təkrarlamazlar. Amma açığı, əgər təkrarlasalar, nəticə eyni olacaq. Təhlillərim və təcrübəm göstərir ki, müxalifət fiziki toqquşmalara başlayanda bu, onları yaxşı vəziyyətə gətirmir. Əgər təkrarlamasalar, hər şey yaxşı olacaq; əks halda, dünənki kimi olacaq".
Xatırladaq ki, parlamentdəki dünənki dava ilə bağlı danışan Ermənistan Baş naziri Nikol Paşinyan da hakim partiyanın deputatlarını dəstəkləyib: "Mən bütün məsuliyyəti müxalifətin üzərinə qoyuram, “Vətəndaş Müqaviləsi” Partiyasının deputatlarının hərəkətlərini alqışlayıram və onları dəstəkləyirəm".
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər