Menu

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... – Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29.10.2026, 19:36
QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... – Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Azərbaycan üçün ölkəmizdə keçirilən beynəlxalq siyasi tədbirlərin, mədəniyyət tədbirlərinin, dünya səviyyəli idman yarışlarının əhəmiyyəti yaxşı məlumdur. Bu tədbirlərin yüksək səviyyəli təşkili və ev sahibliyinə görə ölkəmiz bir çox aparıcı beynəlxalq qurumlar tərəfindən nümunə kimi göstərilib və göstərilir.

Məlum olduğu kimi, oktyabrın 30-da Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının final oyunu və rəsmi bağlanış mərasimi keçiriləcək. Azərbaycan dövlət başçısının bu tədbirin mükafatlandırma mərasimində iştirakı əvvəlcədən planlaşdırılıb. Bu kontekstdə Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırma mərasimində şəxsən iştirakı, Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə isə ölkəmizi xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi tamamilə labüd və məntiqlidir.

TDT-nin zirvə görüşündə Azərbaycanı XİN başçısı Ceyhun Bayramovun təmsil etməsilə yanaşı, görüş çərçivəsində keçiriləcək digər müvafiq tədbirlərdə də Azərbaycan nümayəndələri fəal iştirak edəcəklər.

Bu situasiyada hansısa fövqəladə, qeyri-adi nüanslar axtarmaq əlbəttə ki, yersizdir. Çünki bu və ya digər beynəlxalq tədbirdəki təmsilçilik səviyyəsinə diplomatik təcrübə və münasibətlərin tarixi kontekstində baxmaq lazımdır. Türkiyədə keçirilən Zirvə görüşündə ölkəmizin təmsilçilik səviyyəsi Azərbaycanın bu qurumun fəaliyyətindəki roluna hər hansı bir formada kölgə sala bilməz. Məhz Azərbaycan bu günə qədərki fəaliyyətilə TDT-nin formalaşmasında və möhkəmlənməsində aparıcı rollardan birini oynayıb. Məhz Azərbaycanda Türk dövlətlərinin əməkdaşlığının əsasları, təməli yaradılıb. Ölkəmiz Türkiyə, Qazaxıstan və Qırğızıstanla birgə bu təşkilatın qurucu üzvlərindən biridir və onun əsası da 2009-cu il oktyabrın 3-də məhz Azərbaycanda - Naxçıvan Sazişi ilə qoyulub.


Bu gün də Azərbaycanın TDT gündəmi sadəcə, Zirvə görüşlərilə məhdudlaşmır, ardıcıl, davamlı siyasətə və fəaliyyətə söykənir. TDT-nin güclənməsini, daha da təsirli və nüfuzlu quruma çevrilməsini ölkəmiz durmadan dəstəkləyib və bu işdə atdığı praktiki addımlarla təşkilatda xüsusi olaraq seçilib. Bunu Türk dövlətlərinin başçıları da dəfələrlə qeyd ediblər. Ona görə də ölkəmizin Türkiyədəki Zirvə görüşündə təmsilçiliyinə bu kontekstdən baxılmalı, həmçinin mütləq dərəcədə diplomatik münasibətlərin təcrübəsi və qarşılıqlılıq prinsipi nəzərə alınmalıdır. Bu zaman tərəflərin diplomatik gündəliyi əlbəttə ki, nəzərə alınır və anlayışla qarşılanır.

Bir-birinin siyasi, mədəni, ictimai gündəmini, daxili və xarici fəaliyyət proqramını nəzərə aldıqda Bakının hazırkı proqramında mühüm beynəlxalq yarışın önəmli yer tutduğunun nəzərə alınması təbii və gərəklidir. FIFA bu yarışda 189 üzv assosiasiyanı bir araya gətirir. Bu miqyasda tədbirə ev sahibliyi bir ölkənin beynəlxalq təqdimatı, təşkilatçılıq bacarığı, nüfuzu baxımından olduqca əhəmiyyətlidir. Eyni səviyyəli beynəlxalq yarış Türkiyədə keçirilsəydi, təbii ki, Türkiyə rəhbərliyi də bu tədbiri prioritet mərtəbəyə qoyar, əvvəldən sonadək orada iştirak edərdi. Azərbaycan isə qardaş ölkə rəhbərliyinin bu seçimini hörmətlə və anlayışla qarşılayardı, necə ki, indiyə kimi də qarşılayıb…

Yeri gəlmişkən, bu gün Azərbaycanda keçirilən məlum beynəlxalq idman yarışı və ona paralael olaraq Türkiyədə keçirilən sammit 2024-cü il iyulun 6-da Şuşada TDT-nin qeyri-rəsmi Zirvə görüşünü və eyni vaxtda Almaniyada Türkiyə və Niderland milli komandaları arasında futbol üzrə Avropa çempionatının dörddəbir final oyununu yada salır. Həmin vaxt Şuşada keçirilən Zirvə görüşü Azərbaycan üçün olduqca əhəmiyyətli idi. Türk dövlətlərinin rəhbərləri işğaldan azad edilmiş Qarabağda – Şuşada toplaşmışdılar. Bu, həm simvolik, həm də praktik əhəmiyyət daşıyan bir tədbir, beynəlxalq aləmə verilən siqnal idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin toplantıya qatılmamışdı və Türkiyə - Niderland milli komandaları arasında Berlində keçirilən oyunu izləmişdi. Buna baxmayaraq, onu Şuşadakı tədbirdə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz təmsil etdi. Beləliklə də Türkiyə rəhbərliyi həmin gün öz proqramına uyğun addım atdı və təmsilçilik səviyyəsini də təbii ki, özü müəyyənləşdirdi. Nəticədə Türkiyə hər iki tədbirdə yüksək səviyyədə təmsil olundu və öz diplomatik gündəliyinə uyğun hərəkət etdi.

Bu dəfə də Azərbaycan Prezidentinin öz ölkəsində hazırlığına, keçirilməsinə və beynəlxalq müstəvidə təqdimatına böyük əmək və enerji qoyulmuş beynəlxalq yarışda idmançıları mükafatlandırmasına, TDT Zirvəsində isə ölkəmizi XİN başçısının təmsil etməsinə eyni prizmadan baxılmalıdır. Belə ki, hər iki halda dövlət başçılarının proqramı ayrıca müəyyənləşdirilib, eyni zamanda da ölkələrin TDT Zirvəsində iştirakı təmin olunub…

Bu, təkcə Azərbaycanla Türkiyə arasında deyil, strateji tərəfdaşlıq münasibətlərilə sıx bağlı olan digər dünya ölkələri arasında da normal qəbul edilən təcrübədir.

Azərbaycanın ev sahibi olduğu tədbirlərdə Türkiyənin təmsilçiliyinə dair başqa nümunələr də göstərmək olar. Məsələn, 2026-cı ilin mayında Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunun açılışında Türkiyəni Prezident Rəcəb Tayyib Ərdoğan deyil, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum təmsil edib. Türkiyə tərəfinin rəsmi məlumatında onun Ərdoğanı təmsil etdiyi göstərilib.

Oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin - CICA-nın VII Zirvə görüşünə də Türkiyə Prezidenti deyil, onun adından XİN başçısı Hakan Fidan qatılıb.

Bunları ona görə sadalayırıq ki, iki qardaş ölkədə keçirilən beynəlxalq tədbirlərdəki təmsilçilk səviyyəsinin qarşılıqlı olaraq diplomatik gündəliyə uyğunlaşdırıldığını bir daha göstərək.

Necə ki, Türkiyə rəhbərliyi Azərbaycandakı tədbirlərdə öz təmsilçilik səviyyəsini öz proqramına uyğun müəyyən edir, o cür də Azərbycan tərəfi öz proqramına uyğun davranır və bu, adi diplomatik təcrübədir. Qarşılıqlılıq prinsipinin mahiyyəti də bundan ibarətdir. Əsas olanı tərəflərin bir-birinin gündəliyinə, proqramına hörmət, anlayış və diqqətlə yanaşmasıdır. Münasibətlərin keyfiyyəti də məhz bu prinsiplər üzərində təşəkkül tapır və bu baxımdan Azərbaycan-Türkiyə münasibətlərinin də qarşılıqlı anlayış üzərində qurulması məntiqlidir.


Qardaşlıq münasibətlərinin təkcə nəzəri deyil, praktik tərəfi də olduqca önəmlidir və məhz qarşılıqlı anlayış, hörmət tələb edən məqamlarda bu münasibətlərin necə möhkəm əsaslar üzərində durduğu üzə çıxır. Bu baxımdan iki qardaş ölkənin tarixi, milli, siyasi köklərə söykənən münasibətlərinin dayaqlarının möhkəmliyi şübhə mövzusu olmalı deyil.

Odur ki, illərin, əsrlərin sınağından, savaşlardan, təlatümlərdən keçmiş münasibətlərimiz qarşılıqlı hörmət və anlayış, bərabərlik üzərində durduqca sarsılmaz və daha möhkəm olacaq.

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol