Ürəyi partlayan polkovnik-leytenantın qızı İŞİD-ə necə zərbə vurub? - Yazıçı faktlar açıqladı

Dünən səhər Sumqayıt şəhər İcra Şöbəsində pensiya kartı bloklandığına görə halı pisləşərək vəfat edən ehtiyatda olan polkovnik-leytenant Şahmurad Məmmədovun qızı Türkiyədə terror törədən İŞİD üvlərinin həbsində müstəsna rol oynayıb.

"AzPolitika.info" xəbər verir ki, bu barədə tanınmış yazıçı Qan Turalı “Oxu.az” saytında dərs etdiyi məqaləsində məlumat verib.

Yazıçı xatırladır ki, mərhum polkovnik-leytenant Şahmurad Məmmədovun adı keçən ilin son günlərində Türkiyə və dünya mediasında hallanmışdı. Səbəb isə onun qızı Ülkər Məmmədova və qızının əri İŞİD əmiri Mustafa Dokumacı idi: "Həmin günlərdə bu məsələni araşdıraraq yazdığım “Azərbaycanlı polkovnikin qızı İŞİD-i necə ifşa etdi?” məqaləsi “Oxu.az” saytında çap edilmişdi. Ancaq nə qədər soraqlaşsam, ondan müsahibə alan jurnalistlərlə, istefada olan zabitlərlə əlaqə saxlasam da, Şahmurad Məmmədovun koordinatlarını əldə edə bilməmişdim. Təəssüf ki, indi bu məşum ölüm xəbərilə Şahmurad Məmmədov üzə çıxdı...

İŞİD terror təşkilatının Türkiyədə əsas nüvələrindən biri “Dokumacılar qrupu” idi. Onun üzvləri Ankara Dəmiryol Vağzalında 103 nəfərin ölümü ilə nəticənən terror aktı da başda olmaqla, bir neçə amansız cinayət törətmiş, bundan əlavə, Suriya ərazisində də fəaliyyət göstərmişdilər.

1987-ci ildə Qubadlıda doğulan Ülkər Məmmədova 2014-cü ildə Türkiyəyə gedərək Mustafa Dokumacı ilə evlənmişdi. Onun bu nikahdan iki uşağı vardı. Türkiyədən qeyri-qanuni yollarla Suriyaya keçən Ülkər Məmmədovanın faciəsi bu torpaqlarda başlayırdı. Belə ki, 2020-ci ildə həyat yoldaşı dron hücumu nəticəsində həlak olduqdan sonra Ülkər Məmmədova 2021-ci ilin oktyabr ayında qanunsuz yollarla Türkiyəyə qayıdaraq könüllü surətdə hakimiyyət orqanlarına təslim oldu.

İstintaqla könüllü əməkdaşlıq edən Ülkər Məmmədova ifadəsində 114 İŞİD üzvü ilə bağlı məlumat vermiş və onun məlumatları əsasında 34-ü qadın olan 60 terrorçunun şəxsiyyəti müəyyənləşdirilmişdi.

Keçən il dekabrın 24-də Türkiyə daxili işlər və xəzinə-maliyyə nazirlərinin imzası ilə “Rəsmi qəzet”də çap edilən qərarla əmlakına həbs qoyulan 770 şəxsin siyahısında Ülkər Məmmədovanın da adı vardı. Bu rəsmi sənədə görə, 1987-ci ildə Qubadlıda anadan olan Ülkər Məmmədovanın atasının adı Şahmurad, anasının adı isə Sevdadır.

Ülkər Məmmədova bir müddət həbsdə qaldıqdan sonra Adıyaman Ağır Cinayət Məhkəməsində onun işinə baxılmış, haqqında bəraət qərarı verilərək bu ilin yanvar ayında azadlığa buraxılmışdı. Ancaq prokuror qərara etiraz etdiyi üçün iş apellyasiya məhkəməsinə göndərilmiş, məhkəməyə qədər isə Ülkər Məmmədova Qırıqqala şəhərində yerləşən Deportasiya Mərkəzinə yerləşdirilmişdi.

Ülkər Məmmədovanın könüllü şəkildə təslim olduğuna, İŞİD-lə bağlı verdiyi məlumatlara və effektiv peşmanlığına görə azadlığa buraxıldığı deyilsə də, qərara etiraz edənlər də az deyildi. Çünki Daxili İşlər Nazirliyi Ülkər Məmmədova hələ Suriyada ikən onun adını “canlı bomba potensiallı şəxs siyahısı”na salmışdı. Ülkər Məmmədova yuxarıda qeyd etdiyimiz Ankara dəmiryol vağzalında terror aktına görə məhkəmə iclasında iki ay bundan əvvəl, 12 mayda onlayn videogörüntü yolu ilə ifadə də vermişdi. Ancaq sonrakı iki ay ərzində Qaziantep Apellyasiya Məhkəməsinin onunla bağlı qərar verib-vermədiyi, veribsə belə, hansı qərarı verdiyi məlum deyil".

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar