Menu

SADƏ, SƏMİMİ, SADİQ... – Məclisimizə hörmət qazandıran deputatın yubileyidir

13.07.2022, 15:02
SADƏ, SƏMİMİ, SADİQ... – Məclisimizə hörmət qazandıran deputatın yubileyidir

Bu gün Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun doğum günü, 50 illik yubileyidir.

Sadiq Haqverdi oğlu Qurbanov 12.07.1972-ci il tarixində Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuşdur.

1989-cu ildə Ərəbyengicə kənd orta məktəbini bitirmiş, 1989-1994-cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində, 1997-2001-ci illərdə BDU-nun hüquq fakültəsində, 2001-2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında DİA-nın Dövlət və bələdiyyə idarəetməsi fakültəsində təhsil almışdır.

2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texniki elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Ailəlidir, üç övladı var.

Siyasi fəaliyyətə 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevə qarşı yönəldilmiş konstitusiyanın yaş senzi ilə əlaqədar olan maddəsinə etiraz olaraq başlamışdır. Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak etmiş və sonradan siyasi fəaliyyətini YAP-nın Mərkəzi Aparatında davam etdirmişdir.

2010-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışmışdır.

2001-ci il tarixindən Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimidir. Hal-hazırda "İqtisadiyyatın tənzimlənməsi" kafedrasının dosentidir.

2010-2020-ci illərdə "Azərbaycan Respublikası Neft və Qaz Sənayesi İşçilərinin Respublika Həmkarlar Komitəsi”ndə sədr müavini vəzifəsində çalışmışdır.

Mexanika-riyaziyyat sahəsində ondan artıq məqalənin, əmək qanunvericiliyi sahəsində bir neçə kitabın ( Əmək Məcəlləsinin Kommentariyası, Əmək Məcəlləsinin Elmi-Praktiki Kommentariyası və Əmək münasibətlərinin hüquqi tənzimlənməsi metodları) həmmüəlifidir. Siyasi münasibətlər, ekologiya və innovasiyalar sahəsində iyirmidən artıq elmi məqalənin müəllifidir.

9 fevral 2020-ci ildə 54 saylı Seçki Dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədridir.

Sadə və zəhmətkeş azərbaycanlı ailəsində dünyaya göz açmış, yalnız öz bilik və bacarığı, yüksək mədəniyyəti, müasir dünyagörüşü, səmimiyyəti və əqidəsinə sadiqliyi sayəsində ucalmış S.Qurbanov Azərbaycan parlamentinə hörmət qazandıran millət vəkillərindən biridir. O, eyni zamanda “AzPolitika” ailəsinin də yaxın dostudur.

Hörmətli millət vəkilimizi və dəyərli dostumuzu Doğum Günü – 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona siyasi fəaliyyətində və şəxsi həyatında uğurlar diləyirik.

“AzPolitika”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol