Menu

Səfirliyə hücumun arxasında hansı qüvvələr dayanır? – Yasir Əl-Həbib İranın agentidirmi?

05.08.2022, 20:38
Səfirliyə hücumun arxasında hansı qüvvələr dayanır? – Yasir Əl-Həbib İranın agentidirmi?

Məlum olduğu kimi, ötən gün Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Azərbaycan XİN-dən verilən məlumata görə, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. London polisinin müdaxiləsindən sonra qrup üzvlərinin binadan çıxarılaraq, saxlanıldıqları bildirilir. Qeyd edək ki, XİN-in bəyanatından qısa bir müddət sonra vandalizm aktının məsuliyyətini "Khoddam Al-Mehdi" ("Mehdinin Xidmətçiləri") adlı radikal təşkilat öz üzərinə götürüb.

Məlumat üçün bildirək ki, "Mehdinin Xidmətçiləri" adlı şiə əsaslı dini qrup əslən Küveytdən olan Yasir Əl-Həbib tərəfindən Londonda yaradılıb. Qrupun lideri Yasir Əl-Həbib Küveyt spektrinin radikal sağ cinahından sayılır. Yasir Əl-Həbib Qumda olarkən, Məhəmməd Riza Şirazidən təhsil alıb. O, Müctəba Şirazinin kürəkənidir. Yasir Əl-Həbib Avropada "Şiraziyyin" şəbəkəsinin əsas tərəfdarlarından hesab olunur.

Ötən gün baş verən hadisə isə Yasir Əl-Həbib tərəfdarlarının səfirliyə ilk hücumu deyil. Belə ki, 2018-ci ildə də dəyənək və xəncərlərlə silahlanmış qrupun dörd üzvü Sadiq Şirazinin oğlu Hüseyn Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq, İran bayrağını öz qruplarının bayrağı ilə əvəz ediblər.

Onu da qeyd edək ki, hadisədən bir neçə saat sonra “Mehdinin Xidmətçiləri” təşkilatının mətbuat sözçüsü Hişam əl-Əsgər “Twiter” hesabından açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Azərbaycan hakimiyyətinin ölkədə “Hüseyni ayinlərə qarşı mübarizəsinə” etiraz əlaməti olarq “Xuddam əl-Mehdi” (Mehdinin Xidmətçiləri) təşkilatının bir qrup üzvü Azərbaycanın Londondakı səfirliyinə hücum edərək Mehdinin bayrağını qaldırıb.

Bu mövzuyla bağlı “Orta doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “AzPolitika.info”-ya şərhində bildirib ki, baş verən hadisə qanunsuz şəkildə Azərbaycan Respublikasının ərazisinə soxulmaq deməkdir. "Təsəvvür edin ki, hansısa qruplaşma Azərbaycanın dövlət sərhədini pozaraq, ölkə ərazisinə daxil olub. Ötən gün baş verən hadisələr ilk növbədə bu cür dəyərləndirilməlidir. Bu məsələdə "Vyana Konvensiyası"nın 22 və 25-ci maddələri kobud şəkildə pozulub. Həmin maddələrdə bildirilir ki, səfirlik və diplomatik missiyaların əraziləri, əməkdaşlarının toxunulmazlığı səfirliyi və diplomatik missiyaları qəbul edən ölkələrin başlıca vəzifəsidir. Baş verənlər onu deməyə əsas verir ki, Azərbaycanın Londondakı səfirliyinin binası, əməkdaşlarının təhlükəsizliyi yerli polis orqanları tərəfindən lazımi səviyyədə qorunmayıb. Hər halda bina yaxşı mühafizə edilsəydi, həmin şəxslər səfirliyin eyvanına çıxaraq şüar səsləndirə bilməzdilər". 

Politoloq xatırladıb ki, sözügedən hadisə Azərbaycanın Qarabağda qanunsuz erməni dəstələrinə qarşı "Qisas" əməliyyatı keçirməyə başladığı bir vaxtda baş verib: "Bu tip qrupların erməni lobilləri tərəfindən maliyyələşdirildiyi istisna edilmir. Rəsmi Londonun 44 günlük Vətən müharibəsində, həmçinin hazırda Azərbaycan qazının Avropa bazarına çıxarılmasında müstəsna xidmətləri var. Ehtimal etmək olar ki, bu hücum da məhz Azərbaycan-Böyük Britaniya əlaqələrinə kölgə salmağa hesablanıb".

"Bu qruplaşmanın rəhbəri Yasir Əl-Həbib 1979-cu ildə Küveytdə anadan olub. Özünü sağ radikal qruplardan sayır. Qatı anti-sünni mövqeyi ilə seçilir. O, Əbubəkir, Əmir Xəttab və Peyğəmbərin xanımı Aişəyə qarşı etdiyi radikal çıxışlarına görə ölkəsində bir il həbs olunub. Daha sonra Küveytə, oradan da İraq və İrana səfər edib. 2004-cü ildən Böyük Britaniyaya sığınıb və bu ölkənin vətəndaşlığını alıb. İranın Qum şəhərində Məhəmməd Riza Şirazi adlı Ayətullahdan dərs alan Yasir Əl-Həbib, orada Müctəba Şirazinin qızıyla evlənib. O, İrandakı Şirazilər dini şəbəkəsinin qatı tərafdarlarından hesab olunur. Yəni, İran və Yasir Əl-Həbibi birləşdirən yeganə nüans Qum məktəbidir. Başqa sözlə, Yasir Əl-Həbib Qum ideoloji məktəbinin davamçısıdır. Onun başqa aksiyalar keçirməsiylə və ya digər bu kimi məsələlərdə iştirakıyla bağlı başqa faktlar yoxdur. Ona görə də Yasir Əl-Həbibini "İran hakimiyyətinin agenti" və ya "nümayəndəsi" kimi adlandırmaq əsassız olar", - ekspert bildirib. 

Politoloq Tural İsmayılov da "AzPolitika.info"-ya şərhində bildirib ki, ötən gün baş verən hadisələr böyük təəssüf doğurur: "Hesab edirəm ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra dünyanın siyasi arenasında artan çəkisi və nüfuzu bir çox beynəlxaq gücləri narahat edir. Bu güclər müxtəlif təsir vasitələrindən istifadə edərək, Azərbaycanı zəiflətməyə və ölkə daxilində dezinformasiya burulğanı yaradaraq çaxnaşma salmağa çalışırlar".

Politoloq qeyd edib ki, İran ərazisindən ölkəmizə qarşı "kərimə dövləti" çağırışları edən radikal eksterimistlər hələ də Azərbaycana təhvil verilməyib: "Bu adamların apardığı təbliğat fonunda dünyanın müxtəlif ölkələrindəki radikal təşkilatların Azərbaycana qarşı koordinasiya edildiyini görürük. Daha öncə də "kərimə dövləti" çağırışları edən eksterimistlər tərəfindən Azərbaycanın Londondakı səfirliyi qarşısında tək adamlıq aksiyanın şahidi olmuşduq. Bu dəfə törədilən hadisə isə qrup şəklində baş verib".

"Bu vandalizmi İngiltərədə məskunlaşan xüsusi bir qrupun törətdiyi vurğulanır. Həmin qrupun nümayəndələrinin isə bir çoxunun Küveytdən olduğu bildirilir. Ancaq hesab edirəm ki, bu məsələnin arxasında digər qaranlıq qüvvələrin də əli var. Hər halda güman edirik ki, İngiltərə təhülkəsizlik orqanları bu məsələni obyektiv araşdıraraq, Avropanın mərkəzində Azərbaycanla siyasi-iqtisadi əlaqələri kifayət qədər yüksək olan bir ölkədə bayrağımıza və dövlətimizə qarşı törədilən hücumun təşkilatçılarını sərt şəkildə cəzalandıracaq",-deyə o, əlavə edib.

Elvin Bəyməmmədli

"AzPolitika.info"

Şərhlər

dadaşyev 2022-08-06 00:06:51

Səfirliyimizə edilən basqının arxasında Londondakı terrorçu ismaililəri dəstəkləyən İranın tiryaki mollaları dayanır.Biz antiterror əməliyyatına başlayınca İran "Həsən əs-Sabbah"çı fars rejimi dərhal dişlərini bizə qıcamaq istədi.Ümumiyyətlə,ABŞ-ın və Avropanın vaxtaşırı İrana hədə-qorxu gəlməyinə inanmayın,ermənistan necə Rusiyanın layihəsidirsə İran da həm keçmiş pəhləvi şah rejimi,həm də indiki Həşşaşi rejimiylə Amerikayla Avropanın birgə gizli layihəsidir.Ayətüllab Xomeynini 60-cı illərdən Fransada onların xüsusi xidmət orqanları necə lazımdı 15 il ərzində yoğurub yapıb 79-cu ildə İrana dövlət çevrilişi üçün göndərmədilərmi?Sadəcə,İranda teokratik dövləti quracağını gözləmirdilər.Sonra bununla da barışdılar,yetər ki türk aləminə düşmən olsun.Bu basqın rəsmi ya qeyri-rəsmi ABŞ və Fransayla razılaşdırılmış olmasaydı İran Londonda belə qələti eləməyə cürət etməzdi,ən azı polislər iki saat durub tamaşa eləməzdilər.Deyə bilərlər niyə Parisdə,və ya Vaşinqtonda yox,Azərbaycana hər zaman dəstək verən Londonda etdilər?Qardaşım,Camal Qaşıkçını niyə Parisdə və ya Vaşinqtonda yox,Türkiyədə konsulluqda öldürdülər?Bu da elə.Araları pozmaq üçün.Guya biz o saat İngiltərədən küsəcəyik.Ağlı başında olan hər kəs o saat bildi ki,məsələnin kökü dərinlərdə və çoxşaxəlidi.Pri çem tut Anqliya?

t.ədalət 2022-08-05 23:27:47

Şübhə yox ki,bu terrorun başında İran və ermənistan dayanır.Ancaq,digər şübhəli məqam da odur ki,dünya kəşfiyyatının beşiyi olan Böyük Britaniyada bu hadisə necə baş verib?Ola bilməz ki,ingilis kəşfiyyatı bundan xəbərsiz olsun.Bayrağımıza uzanan əlin İran olması isə şübhəsizdir,Çünki dövlət olaraq daşımız başına düşən yeganə ölkə İrandır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol