“İran regional oyunçuya çevrilmək istəyir, amma alınmır. Azərbaycanı qıcıqlandırmağa çalışmaqla isə heç nəyə nail ola bilməz. Bizim əsəblərimiz çox möhkəmdir”.
“AzPolitika.info” xəbər verir ki, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev İranın Ermənistanın Qafan rayonunda konsulluq açmasına münasibət bildirərkən deyib.
Partiya sədrinin fikrincə, İran bu kimi addımları ilə öz daxilində gərginliyi artırmaqdan və dünyada daha çox dövlət tərəfindən destruktiv ölkə kimi tanınmaqdan başqa heç nəyə nail olmayacaq. “Nə əsl müsəlmanlar, nə də cənublu soydaşlarımız bunu İrandakı teokratik rejimə bağışlaya bilməz. Ermənistan 10 noyabr sazişini icra etməli, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməli, etnik separatizmi qızışdırmamalı, bizimlə sülh müqaviləsi imzalamalıdır. İran rəsmiləri də Allahdan qorxub, gələcək itkilərin qarşısını almaq, regionda sabitliyi və əməkdaşlığı təmin etmək üçün Ermənistanı qızışdırmaq və ona yalandan ümidlər vermək əvəzinə, onu başa salmalıdırlar ki, Azərbaycanın sülh təklifinin alternativi yoxdur. Regiona sülh və əməkdaşlıq lazımdır”.
Q.Həsənquliyev son vaxtlar bir neçə erməninin Azərbaycan vətəndaşlığı almaq üçün Azərbaycan Prezidentinə müraciət etməsinə də münasibət bildirib.
“Ermənilər zaman-zaman soydaşlarımıza çox acılar yaşadıblar, dinc insanlara qarşı çoxsaylı qansız cinayətlər törədiblər. Çoxlu soydaşımızı yurd-yuvalarından didərgin salıblar, qədim torpaqlarımızı ələ keçiriblər, Azərbaycan dövlətçiliyinə çox ciddi ziyan vurublar. Yaralar hələ sağalmayıb. Barış olmadan ermənilərin təhlüləkəsizliyini təmin etmək çətin olar. Öncə sülh sazişi imzalanmalı, Qarabağdakı ermənilər Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməlidirlər. Bundan sonra barış istiqamətində addımlar atılmalıdır. Dünyanın bir çox xalqları və dövlətləri yüz illərlə bir-biri ilə vuruşandan sonra barışaraq dinc qonşuluq siyasətinə üstünlük verib, bu yolla inkişaf ediblər. Az-çox ağlı başında olan ermənilər də işğal siyasətinin puç olduğunu başa düşüb bu tipli müraciətlər edirlər. Müraciət edən şəxslər anlayırlar ki, düşmənçiliyə son qoyulmalıdır, bunu hər iki xalqın mənafeləri tələb edir. Müraciət edənlər, Ermənistanda çoxlarının düşündüyü kimi öz xalqlarına xəyanət edənlər yox, onun gələcəyini düşünənlərdir”, - millət vəkili qeyd edib.
“AzPolitika”


Şərhlər
Azpolitika hələ də qüdrətli bəyin müsahibələrini dərc edir. Bundan əvvəlki biyabırçı müsahibəsi görmədiniz nə qədər tənqid olundu. Onun əvəzinə kifayət qədər savadlı siyasətçilərimizdən dəvət edin.