NÜVƏ MÜHARİBƏSİ DÜNYANIN SONUNU GƏTİRƏ BİLƏRMİ? - 5 milyard insanın həyatı təhükədədir

Ukraynada başlatdığı işğalla bütün hüquqi normaları pozan Rusiya, indi də nüvə silahıyla dünyanı qorxutmağa çalışır. Ukraynada istədiyi nəticələri əldə edə bilməyən Kreml rəsmiləri son vaxtlar öz çıxışlarında nüvə silahından istifadənin mümkün ehtimallarından danışmağa başlayıblar.

Bəşəriyyətin varlığını şübhə altına atan bu cür fikirlər, şübhəsiz ki, insanlar arasında da böyük narahatlıqlara səbəb olur. Bütün dünyanı düşündürən əsas sual isə budur: “Nüvə müharibəsi baş verərsə, bu, dünyaya necə təsir edəcək?”.

“AzPolitika.info” xəbər verir ki, Britaniyanın “Nature Food” jurnalı dərc etdiyi “Nüvə müharibəsi planetin 75 faizini məhv edə bilər” başlıqlı məqalədə bu mövzuya toxunub. Sözügedən materialların bir qismini oxuculara təqdim edirik: “Yeni araşdırmalar göstərir ki, Rusiya ilə ABŞ arasında nüvə müharibəsi baş verərsə, dünya əhalisinin təxminən üçdə ikisi məhv olacaq və dünyada qlobal ərzaq qıtlığı yaranacaq. Nüvə araşdırmaları üzrə ekspertlər bildirirlər ki, nüvə yanğınları nəticəsində yaranan tüstü buludu atmosferin yuxarı təbəqələrinə qalxaraq günəş şüalarının qarşısını kəsəcək və nəticədə 5 milyarda yaxın insan məhv olacaq.

Tədqiqatçıların sözlərinə görə, hazırda 9 ölkənin ümumilikdə 13 mindən çox nüvə silahı var. Mütəxəssislərin fikrincə, yeni nüvə dövlətləri hesab olunan Pakistan və Hindistan arasında baş verən kiçik toqquşmalar belə dünyanı fəlakətə sürükləyə bilər.

Hesablamalara görə, nüvə müharibəsi bitdikdən sonra ən yaxşı halda üç-dörd ildən sonra yer kürəsində vəziyyət normallaşa bilər. Ən pis ehtimal isə budur ki, qida zəncirinin pozulması nəticəsində iki il ərzində planetdəki canlıların 75 faizindən çoxu aclıqdan ölə bilər.

Çinli professor Yan Xia hesab edir ki, nüvə müharibələri qida məhsullarının istehsalında yeni moddellərin yaranmasına səbəb olacaq: “Əgər ozon təbəqəsi stratosferin qızması nəticəsində məhv olarsa, yer səthinə daha çox ultrabənövşəyi şüalar düşməyə başlayacaq. Ona görə də biz əvvəlcədən bu cür ssenarilərə hazır olmalıyıq və qida istehsalında yeni modellər yaratmalıyıq”.

Rutgersdən olan professor Alan Robock isə bildirib ki, nüvə silahının mövcudluğu nə vaxtsa ondan istifadənin mümkün ola biləcəyindən xəbər verir: “Bu riski aradan qaldırmağın yeganə yolu nüvə silahlarının qadağan edilməsidir. Beş ildir ki, BMT-nin “Nüvə Silahlarının Qadağan edilməsi” Müqaviləsini 66 ölkə ratifikasiya edib. Lakin doqquz nüvə dövlətindən heç biri bunu təsdiq etməyib. Ukrayna müharibəsi onu göstərdi ki, artıq bu doqquz dövlət dünyanın qalan hissəsini dinləməli və bu müqaviləni imzalamalıdır”.

Bu ilin əvvəlində digər tədqiqat qrupu ABŞ və Rusiya arasında nüvə müharibəsinin min illərlə davam edən “Kiçik Buz Dövrü”nə səbəb olacağını açıqlamışdı. Nüvə partlayışlarından sonrakı ilk ayda dünyanın illik orta temperaturunun təxminən 13 dərəcə aşağı düşəcəyi bildirilmşdi”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar