“NATO PUTİNİN NÜVƏ ZƏRBƏSİNİ CAVABSIZ QOYMAYACAQ...” – “O, artıq Qərbə meydan oxuyur”

Vladimir Putinin qismən səfərbərlik elan etməsi və nüvə silahından istifadə ilə bağlı açıq hədə-qorxu gəlməsi Amerika mətbuatında demək olar ki, yekdil reaksiya ilə qarşılandı: bu, Rusiya ordusunun Ukraynanı işğal edərkən son dərəcə çətin vəziyyətə düşdüyünə sübutdur.

Məsələn, məşhur “Wall Street Journal” yazır ki, "Putin Ukraynada vəziyyətdən çıxmaq üçün uğursuz cəhdlər edir", “Vaşinqton Post” isə “Putinin blefinə inanmayın! Rusiya uduzur” başlıqlı manşet atıb. "Newsday" nəşrinin əsas xəbəri isə “Putinin yeni qərarı onun zəifliyini göstərir” sərlövhəsi ilə başlayır.

Əgər Vladimir Putin qorxu yaratmaq üçün nüvə silahından istifadə etmək hədələrinə ümid edirdisə, deməli, bu taktika işə yaramadı. Onun çıxışı ABŞ-da fərqli hisslər doğurub. Vladimir Putinin çıxışından bir neçə saat sonra BMT Baş Assambleyasının sessiyasında çıxış edən ABŞ Prezidenti Co Bayden nüvə silahından istifadə ilə bağlı məsuliyyətsiz təhdidləri pisləyib. "Nüvə müharibəsində qalib ola bilməz" deyən Prezident Bayden Rusiyanın Ukraynaya müdaxiləsini BMT Nizamnaməsinin son dərəcə ciddi pozulması adlandırıb.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi xatırladıb ki, bu, son aylarda Kremldən gələn ilk belə təhlükə deyil və ABŞ hökuməti tərəfindən kifayət qədər ciddi qəbul edilib. Onun sözlərinə görə, ABŞ öz imkanları sayəsində Rusiyanın nüvə arsenalını izləyir və nüvə qüvvələrinin balansında dəyişiklik müşahidə olunarsa, cavab tədbirləri görməyə hazırdır.

Qismən səfərbərlik elanı və nüvə silahından istifadə ilə bağlı təhdidlər göstərir ki, Vladimir Putin özünü küncə sıxılmış hiss edir, bu təhlükəlidir, çünki səfərbərlik yolu ilə Rusiya ordusunu gücləndirmək planı uğursuz olarsa, o, nüvə silahından istifadə etmək həvəsinə düşəcək. 

Filadelfiya Xarici Siyasət Araşdırmaları İnstitutunun əməkdaşı Stiven Blank deyir ki, bu baş verməyəcək: "Putin hesab edir ki, əgər o, qismən səfərbərlik yolu ilə ordusunun sıralarını əhəmiyyətli dərəcədə artırıb mövqelərində qalmağı bacarsa, Avropada kəskin enerji çatışmazlığı Qərbi təslim olmağa məcbur edəcək və əvvəllər olduğu kimi, vəziyyət onun xeyrinə çevriləcək.

Çin son günlər açıq şəkildə bəyan etdi ki, Kremlin onun dəstəyinə arxalanmasına ehtiyac yoxdur. Pxenyan neft müqabilində Putinə silah verəcək, lakin silahlar müharibənin gedişatını dəyişməyəcək, çünki Qərb Ukraynanı lazım olan hər şeylə təmin edəcək və bu silahlar Rusiyanın əlində olandan qat-qat yaxşıdır. Bundan əlavə, Qərb ölkələri Ukrayna ordusu üçün genişmiqyaslı zabit hazırlığını davam etdirir. Əgər Kreml rəhbərliyinin nüvə tabusunu qırmaq üçün iradəsi varsa, deməli Rusiyanın total məğlubiyyəti daha da tez olacaq. Çünki Ukraynada taktiki nüvə silahından istifadə Kremlə heç bir taktiki və ya strateji fayda gətirməyəcək, əksinə NATO ölkələrindən cavab ehtimalını kəskin şəkildə artıracaq. Putin unutmamalıdır ki, nüvə arsenalının çəkindirici təsiri yalnız nüvə silahından istifadə olunana qədər işləyir. Tətbiq edilsə, NATO boş dayanmayacaq".

"Kennan" Araşdırmalar Mərkəzinin direktor müavini Uilyam Pomeranz isə deyib ki, Rusiyanın Ukraynaya qarşı apardığı uğursuz müharibə nüvə silahından istifadəni istisna etmir: "Çünki Putin artıq nüvə ilə çirklənmə təhlükəsindən öz məqsədləri üçün istifadə etməyə yaxındır. Düşünürəm ki, Putin küncə sıxışdırılıb və onun nüvə silahından istifadə etməyə hazır olması barədə bəyanatı bu vəziyyətdən çıxış yolu axtardığını göstərir. Onun təhdidini həyata keçirib-keçirməyəcəyini heç kim bilmir, amma Qərb hökumətləri hadisələrin bu cür dönüşünə hazır olmalıdırlar, xüsusən də, mənim fikrimcə, o, Zaporojye nüvə stansiyasını artıq nüvə silahına çevirib. O, artıq Qərbə meydan oxuyur, Rusiyanın öz maraqlarını qorumaq və Ukraynada total məğlubiyyətin qarşısını almaq üçün radioaktiv çirklənməyə dözməyə hazır olduğunu nümayiş etdirir. Mən Putinin bu açıqlamalarını kifayət qədər ciddi qəbul edərdim, çünki biz bilmirik ki, onun beynində nələr baş verir, blef edir, yoxsa həqiqətən də nüvə kozırını oynamağa hazırdır.

Amerikalı publisist David Sutter bildirir ki, Rusiya rəhbərliyi nüvə silahı hədəsi ilə Qərbin Ukraynaya uzaqmənzilli raketlər verməsini əngəlləyəcəyini düşünür: "Məncə, bu təhlükə hərbi strategiyanın bir hissəsidir, məqsəd Vaşinqtonu və onun müttəfiqlərini Kiyevə tam dəstək verməməyə, məsələn, Rusiya ərazisindəki hədəfləri vurmaq üçün uzaq mənzilli silahlarla təmin etməməyə inandırmaqdır. Qərb paytaxtlarının əsas vəzifəsi Rusiyanın nüvə silahından istifadəsi təkcə ölkə üçün deyil, Putinin şəxsən özünə zərbə vuracağına inandırmaqdır. Düşünürəm ki, Rusiyanın taktiki nüvə silahından istifadə təhlükəsi hələlik Qərbin Kiyevi ən təsirli silahlarla təmin etməkdən çəkinməsinə səbəb ola bilər. Nüvə silahının istifadəsi, şübhəsiz ki, ən azı bu məhdudiyyətlərin aradan qaldırılmasına gətirib çıxaracaq. Yeri gəlmişkən, qismən səfərbərlik elan edilməsinə etirazlar göstərir ki, Putinin hesablamalarında çox böyük səhvlər edilib. Kütləvi etirazların onu dayandıracağını düşünmürəm. Bu vəziyyətdə məxfi xidmətlərin və ordunun davranışı əsas olacaq. Çünki hər iki qurumda Putinin bu siyasətinin dağıdıcılığından xəbərdar olan və Ukrayna ilə ölümcül döyüşdə görüşmək istəməyən insanlar var".

Rasim Əliyev

"AzPolitika.info"

635x100

Şərhlər

Eli 2022-09-24 20:46:18

ABŞ ve Qerb sehv edir, çünki müharibe onların torpağında aparılmır ,onların insanları öldürülmür ve onlar da Putin kimi inad etseler Dünyanı felaket gözleyir be bunlar hele de başa düşmek istemirler ki bunlar ağlı başında olmayan bir alkaş milletle üz üzedirler.Bir de gördün oturub yeyib içdiler ve kef havasına knopkanı işe saldılar ve nüve müharibesi o da başlada daha dayanmayacaq.

Son yazılar