Menu

ONLARI UNUTMAYACAĞIQ...

26.09.2022, 15:33
ONLARI UNUTMAYACAĞIQ...

Ermənistan Respublikasının ölkəmizə qarşı 27 sentyabr 2020-ci ildən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanın rəhbərliyi altında 30 ilə yaxın işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən Müharibəsinə başlanmışdır.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, biz ədliyyə işçiləri, bütövlükdə xalqımız əzm və iradə ilə bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirilmişdir. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözməyən düşmən təxribatlara əl ataraq günahsız mülki insanları hədəfə almaqla Respublikamızın ikinci böyük şəhəri olan Gəncəyə, Bərdəyə, Tərtərə, Naftalana və digər yaşayış məntəqələrinə müxtəlif ağır silahlardan atəş açaraq yüzlərlə insanı, körpəni, ahılı qətl etmişdir. Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2780 nəfər hərbi qulluqçusu şəhid olmuş, 100 nəfərdən artıq itkin düşmüş, 1000 nəfərdən artıq hərbi qulluqçumuz sağlamlığını itirmişdir. Füzuli, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam və bütövlükdə Qarabağımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad edilmişdir. Ədliyyə işçiləri, onların övladları da 44 günlük Vətən Müharibəsində iştirak etmiş, qəhrəmanlıq göstərmiş, şəhid olmuşlar. Belə ki, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Xəlilov Ruhin Müzəffər oğlu Vətən Müharibəsi başlayandan 3 gün sonra - oktyabrın 1-də könüllü cəbhəyə yollanaraq Şanlı Ordumuzun minlərlə əsgərindən biri oldu. Onun döyüş yolu 21 gün sürdü, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə fərqləndi, şücaət göstərdi. Ruhin Xəlilov oktyabrın 22-də Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Son günlər, xüsusən də 13 sentyabr 2022-ci ildə yenidən Ermənistan Silahlı Qüvvələri Azərbaycan Respublikasının Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist xislətindən əl çəkmək istəmir. Ermənistan regionda sülhə, davamlı inkişafa mane olmaq istəyən qüvvələrin əlində bir alət olduğunu bir daha təsdiqlədi. Dəfələrlə müxtəlif platformalarda, regionda sülhə, kommunikasiyalar və nəqliyyat dəhlizlərinin açılmasına çalışan Azərbaycan Respublikasının çağırışlarına sözdə razılıq verən Ermənistan rəhbərliyi əslində ikili oyun oynayır. Bu, bir daha sübut edir ki, erməni vandalları mehriban qonşuluq və sülh şəraitində yaşaya bilmir. Ermənistanın törətdiyi növbəti təxribatı beynəlxalq ictimaiyyətdə şiddətlə qınanılmalı, regionda sabitliyə nail olmaq üçün təzyiqlər göstərilməlidir. Təəsüflə qeyd etməliyik ki, bu mənfur təxribat nəticəsində yenə də şəhidlərimiz oldu, analar oğulsuz, körpələr atasız, ailələr başsız qaldı. Lakin mənfur düşmən layiqli cavabını aldı. Sərhəd zonasındakı yüksəklilər Azərbaycan Respublkikasının nəzarəti altındadır. Düşmənin yüzlərlə əsgəri məhv edilmiş, yarım milyard dollardan çox dəyərdə texnika və infrastrukur dağıdılmışdır. Sülh ali və ümumbəşəri dəyər olduğu üçün beynəlxalq təşkilatlar, habelə beynəlxalq ictimaiyyət rəsmi İrəvanı sülhə çağırmalıdır.

Sonda qeyd edirik ki, Azərbaycan Respublikası və ölkə başçısı hər zaman mübariz oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur, ailələrinə diqqət və qayğı göstərir. Vətən Müharibəsində qəhrəmanlıq göstərən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən, işğaldan azad olan torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandıran əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr sərəncamı ilə hər il sentyabr ayının 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Bütün qurumlarda olduğu kimi, biz ədliyyə işçiləri də həmin günü qeyd edəcək, Şəhidlər xiyabanında şəhidlərimizin xatirəsini yad edəcək, mənfur düşmənin törətdiyi cinayətləri pisləyəcək, qazı və şəhid ailələrinə baş çəkəcəyik.

Allahdan Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət , qazilərimizə şəfalar diləyirik.

Dərin hüzn və ehtiramla: 

Ucar rayon İcra və Probasiya Şöbəsi

Şərhlər

Vətən Daşı 2022-09-26 16:55:04

Şərəflə yazılan Zəfər salnaməsi! Allah Şəhidlərimizə rəhmət eləsin !

B.Qarabağlı ANIM gününə 2022-09-26 16:38:27

Ana Vətənin qəhrəman şəhidləri və digər qurbanları unudulmaz tarixi salnamədir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol