Azərbaycan Ziyalılar Birliyinin sədri, müxalif Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyev Nəsimi Rayon Məhkəməsinin onun barəsində çıxardığı qərardan apellyasiya şikayəti verir. Şikayət noyabrın 12-də təqdim olunacaq.
Noyabrın 11-də “Media forum” saytına açıqlamasında Eldəniz Quliyev deyib ki, Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsində Nəsimi Rayon Məhkəməsinin qərarının ləğv olunmasını istəyib: “Bu qərar ədalətsiz, qeyri-humanist və qeyri-qanunidir. Mən haqqımın, hüququmun bərpasını istəyirəm və bu yolu sona kimi gedəcəm”.
Oktyabrın 30-da Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin 480 saat müddətində ictimai işlərə cəlb olunması və 1000 manat cərimələnməsinə hökm verib. Məhkəmə qərarını daxili işlər naziri general-polkovnik Ramil Usubovun iddiası əsasında çıxarıb.


Şərhlər