Menu

“Bu qətnamə Ermənistanın 30 illik təcavüzkarlığına haqq qazandırır” – ADP

17.11.2022, 12:44
“Bu qətnamə Ermənistanın 30 illik təcavüzkarlığına haqq qazandırır” – ADP

Azərbaycan Demokrat Partiyası Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə barədə bəyanat qəbul edib.

Bəyanatda deyilir: “ADP Fransa Senatının, bu ölkədə qərarlaşan erməni diasporu və onun havadarlarının maliyyə təsiri ilə Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni qətiyyətlə rədd edir və Fransa hakimiyyətinin ölkəmizə qarşı düşmən münasibətindən hiddətləndiyini bildirir.

Tarixin ayrı-ayrı dönəmlərində bir çox ölkələri amansız müstəmləkə girdabında saxlayan, kütləvi qətllərə imza atan, xalqların azad ruhunu, istiqlaliyyət duyğusunu istismar edən, törətdiyi qətllərin arxasınca insanı dəhşətə gətirən kütləvi məzarlıqlar buraxan bir ölkənin Senatı, tarixin heç bir dönəmində başqa ölkələrin doğal haqqına girməyən, müstəmləkədə, təcavüzdə, qətlamlarda əli olmayan bir ölkəni, guya Ermənistanın müstəqqilliyini, suverenliyini pozmaqda, erməni xalqına qarşı təcavüz etməkdə suçlayır və ölkəmizə qarşı biabırçı bir qətnaməyə imza atır.

Əslində bu bədnam qətnamə Fransanın 30 il ərzində ərazilərimizi işğalda saxlayan, işğal, ilhaq etdiyi ərazilərdə daşı daş üstə qoymayan, xalqımızın o ərazilərdə minillərdən bəri formalaşan milli, mədəni irsini alt-üst edən, milyonlarla insanı dədə-baba yurdundan zorla köç etdirən, zəngin, gözəl, abad şəhər və kəndlərimizi xarabalığa çevirən təcavüzkar Ermənistanı açıq şəkildə müdafiə etməkdən, onun heç bir beynəlxalq normaya uyğun gəlməyən təcavüzkarlığına bəraət qazandırmaqdan başqa bir şey deyil. Demək, 30 illik susqunluğun, ATƏT-in Minsk Qrupuna həmsdərlik dövründə erməni dəyirmanına su tökməyin arxasında onun bu gün ortaya çıxan məkrli planının durduğu bəlli olur.

ADP Fransanın məhz hazırkı şəraitdə bu qətnaməni qəbul etməsinin siyasi kökündə hansı narahatlıqların durduğunu anlayır. Azərbaycanın İkinci Vətən savaşında əldə etdiyi zəfər, ATƏT-in Minsk Qrupu kimi amorf strukturun yararsız fəaliyyətinin tarixin zibbiliyinə atılması, Azərbaycanın öz ərazi bütövlüyü, suverenliyi istiqamətində atdığı qətiyyətli addımlar, qüdrətli ordumuzun hərbi-texniki hazırlığının dünya standartları səviyyəsinə qaldırılması, az istisna olmaqla Qarabağın de-fakto yurisdiksiyamıza daxil edilməsi, qardaş Türkiyə ilə hərbi, siyasi, mədəni əlaqlərin ən yüksək müttəfiqlik həddinə çatdırılması, Türk Dövlətləri Təşkilatının getdikcə regional gücə çevrilməsi və digər önəmli gəlişmələr erməni ruhunda köklənmiş Fransa hakimiyyətini narahat etməyə bilməz. Məhz buna görə də Fransa bu uğurların qarşısını almaq, Cənubi Qafqazda zəifləyən nüfuzunu bərpa etmək, Ermənistanı türk dövlətlərinə qarşı plasdarma çevirmək kimi məkrli oyunlarını işə salır.

ADP Fransanın bu addımının parlament səviyyəsində müzakirə edilməsini, Milli Məclis üzvlərinin adı çəkilən dövlətin ölkəmizə, bütövlükdə türk və müsəlman dünyasına qarşı yönəlmiş qərarlarını yekdilliklə rədd etməsini, Fransa ilə bütün sferalarda əlaqlərimizə yenidən baxılması təkliflərini təqdir edir və ölkə əhalisini, özəlliklə ayrı-ayrı partiya və ictimai təşkilatları Fransanın bu mənfur qərarına kəskin münasibət bildirməyi vacib hesab edir.

ADP, hakimiyyəti vaxtı ilə Azərbaycan türklərinin parçalanmasında aktiv rol oynayan Fransanın anti-türk mövqeyini unutmamağa, hazırkı şəraitdə onun ərazisində yaşayan və tarixi haqlarını bərpa etmək üçün xüsusi status tələb edən bir sıra xalqların hüququnu tanımağa çağırıb.

ADP həmçinin bütün sülhsevər dövlətləri, beynəlxalq təşkilatları, dünyaya böyük siyasi, mədəniyyət xadimləri bəxş edən Fransa xalqını, Fransanın heç bir beynəlxalq hüquqla, prinsiplə uyğun gəlməyən, əksinə, sabitliyə doğru ilkin kövrək addımlarını atmağa başlayan Cənubi Qafqazda müharibə ocağını körükləyən, regionda, eləcə də dünyada sülhün, təhlükəsizliyin pozulmasına yönələn hərəkətlərinin qarşısın almaq üçün yekdillik nümayiş etdirməyə, bu yanlış qərarı dəf etməyə şağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol