Menu

Lavrov-Bayramov görüşündən gözləntilər – Hansı qərarlar verilə bilər?

23.12.2022, 17:48
Lavrov-Bayramov görüşündən gözləntilər – Hansı qərarlar verilə bilər?

“Bir ay ərzində Paşinyan ikinci dəfə Rusiyaya kəskin demarş nümayiş etdirdi. Birinci dəfə 23 noyabrda KTMT-nin İrəvan sammitində yekun sənədə imza atmamaqla, bir də dünən Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin nəzərdə tutulan görüşündən Ararat Mirzoyanın imtina etməsi ilə Nikol Paşinyan faktiki olaraq Kremlə meydan oxumuş oldu”.

“AzPolitika.info” xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Qarabağ ətrafında hazırki prosesləri şərh edərkən bildirib.

“Üstəlik, dünən hökümətin iclasında Laçın yolunda yaranmış vəziyətə münasibət bildirən Ermənistanın Baş naziri Rusiya sülhməramlılarını öz vəzifələrini yerinə yetirməməkdə ittiham etdi”, o əlavə edib.

Təhlilçi xatırladır ki, Moskvanın İrəvana cavabı da gecikmədi və XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Paşinyana sərt şəkildə “belə bir ittihamı qəbul etmirik” cavabını verdi.

Onun sözlərinə görə, Ermənistan XİN məsələni yumşaltmaq üçün görüşünü başqa vaxta keçirməyi xahiş etsə də, Moskva görüşün Mirzoyansız keçirilməsinə qərar verdi: “Bu gün Ceyhun Bayramovla Sergey Lavrov Moskvada görüşür və bu görüşdən bizim bir sıra gözləntilərimiz var. Kreml Paşinyan höküməti ilə üz-üzə dayanıb. İndiki situasiyada Rusiya Ermənistanı cəzalandırmaqmı istəyər, yoxsa onu daha da özünə bağlamaq üçün erməniləri cəlb edəcək başqa siyasət yürüdəcək? Ermənistan Qarabağı istəyir, Rusiya isə münaqişənin hələ davam etməsini, özünün də bu münaqişəni əsas götürüb hər iki tərəfə təzyiq və təsirini uzatmaq siyasətini aparır. Azərbaycan isə Ermənistanla sülh müqaviləsini bağlayıb, Qarabağ problemini daxili işi kimi özünün həll edəcəyini elan edib. ABŞ və Avropa İttifaqı Azərbaycanın mövqeyinə yaxın siyasət aparır”.

İlham İsmayıl deyir ki, Laçın yolunda 12 gündür davam edən etiraz aksiyası yeni situasiya yaradıb və bu aksiya Azərbaycanın şərtinin qəbulu ilə başa çatmalıdır:“Əks halda separatçı rejim bunu öz qələbəsi kimi təqdim edəcək, Ermənistan isə Qərbin, BMT-ni təzyiqi ilə Azərbaycanın geri çəkildiyini elan edib bu istiqamətdə onsuz da geniş olan fəaliyyətini davam etdirəcək. Əgər separatçıların “qələbə” kimi təqdim edəcəkləri məsələ Rusiyanın siyasətilə səsləşirsə, ikinci variant onu da qane etmir. Paşinyanın Rusiyaya qarşı olan manevrləri Qərbi bölgəyə yerləşdirmək, Qarabağ münaqişəsini beynəlxalq güclərin-Qərbin vasitəsilə həll etməkdir və Rusiya-Ukrayna müharibəsinin getdiyi bir vaxtda zəifləyən Moskvanın buna qarşı xüsusi müqavimət göstərməyəcəyini zənn edir. ABŞ və Böyük Britaniyanın kəşfiyyat şefləri ilə keçirilən qapalı görüşlərin Paşinyanı daha cəsarətli etdiyini görməmək mümkün deyil. Ermənistanın Rusiyadan siyasi, iqtisadi, hərbi asılılığının böyük olması Paşinyanı narahat edən faktorlardır, amma görünür qeyd olunan səfərlərdən sonra perspektivdə Qərbin zəruri dəstəyini alacağına onu inandırıblar. Bu proseslər Moskvanın gözü qarşısında baş verir və Kreml Paşinyanın Rusiyanı Qərblə əvəz etmək siyasətini “məxməri inqilab” baş verən gündən bilir”.

Təhlilçi vurğulayır ki, Moskvada keçirilən görüşdən bizim gözləntimiz Laçın yolunda yaranmış vəziyyəti sivil formada həll etmək qərarının verilməsidir.

“Yəni, Laçın yolunun ortasında deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində sərhəd nəzarət buraxılış məntəqəsinin yaradılması və sülhməramlılarla birlikdə nəzarətin həyata keçirilməsinə qərarın verilməsidir. Detallar diplomatların görüşündə müzakirə oluna bilər”, -o əlavə edib.

Ekspert hesab edir ki, belə bir qərarın verilməsi az inandırıcı görünə bilər: “Rusiyanın başqa planları var. Moskva Ruben Vardanyanı Qarabağa göndərməkdə daha strateji siyasət planlayıb, onu perspektivdə Paşinyanın yerinə hazırlayır. Haşiyəyə şıxaraq qeyd edək ki, Vardanyanı Rusiya vətəndaşlığından çıxaranda hətta Rusiya qanunlarını pozublar. Rusiya Federasiyası vətəndaçlığından imtina etmək haqqında qanunun 19-cu maddəsinə əsasən imtina müraciətinə bir il müddətində baxılır. Yalnız istisna hallarda bu müddət altı aya endirilir. Vardanyanın vətəndaçlıqdan imtina etməsi haqqında müraciətin heç üç ayı tamam olmayıb. Bu öz yerində, amma Azərbaycanın qəti mövqeyi bu plana dəyişiklik edə bilər”.

İ.İsmayıl qeyd edir ki, Laçın yolundakı yaranmış indiki vəziyyətdə ən sivil, beynəlxalq hüquqa dayanan və tərəflər üçün müqabil hesab edilən real qərarAzərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması və sülhməramlılarla birgə nəzarət etməsidir. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasına Ermənistanın razılıq verməsi iki ildə yerindən tərpənmədiyi kimi, indi də olmayacaq.

“Buna ümid etmək yanlışlıqdır. Paşinyan bu məsələdə ilk gündən qətiyyətli görünür və bu qısa müddətdə razılıq verməsi inandırıcı deyil. Yaranmış situasiyada maraqlarımızı təmin etmək üçün bu günkü görüşdən istədiyimiz minimumu əldə etmək məqsədilə maksimum diplomatik bacarığımızı göstərməliyik. Şərait bunu tələb edir”, - ekspert vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol