Menu

Putinin “Valday” sarayında da HHM sistemləri quraşdırılıb – FOTOLAR

23.01.2023, 17:59
Putinin “Valday” sarayında da HHM sistemləri quraşdırılıb – FOTOLAR

Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətində yerləşən “Valday” sarayında “Pantsir-C1” zenit-raket kompleksləri yerləşdirilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, hava hücumundan müdafiə sistemlərinin (HHM) quraşdırılmasında məqsəd Vladimir Putini və onun ailə üzvlərini Ukraynanın mümkün hava hücumlarında qorumaqdır.

Xəbərdə qeyd olunur ki, 24 saat fasiləsiz çalışan müdafiə sistemini 3 hərbçi qoruyur. Putinin ən çox sevdiyi və tez-tez ziyarət etdiyi bu iqamətgah Valday rayonunun Yaşerevo kəndi yaxınlığında yerləşir. Orada Rusiya başçısının öz ailə üzvləri və yaxınları ilə tez-tez vaxt keçirdiyi, orada estrada ulduzlarının iştirakı ilə qapalı məclislər təşkil etdiyi, həmçinin öz “VİP” qonaqlarını qəbul etdiyi bildirilir.

Jurnalistlərin danışdıqları yerli sakinlər bildiriblər ki, iqamətgahın həndəvərindəki HHM sistemləri bir neçə gündür ki quraşdırılıb. Qeyd olunur ki, həmin iqamətgahdan başqa yaxın ərazilərdə heç bir hərbi obyekt, müəssisə və s. yoxdur. Deməli, bu sistemlər məhz Putini və yaxın ətrafını mümkün hücumdan qorumaq üçün nəzərdə tutulub.

Göründüyü kimi, ötən ilin fevralında bütün Ukraynanı bir neçə günə zəbt etməyi planlaşdıran Putin bu gün ən özəl məkanlarını belə bərk-bərk qorumaq məcburiyyətində qalıb...

Qeyd edək ki, “Pantsir” sistemi hökumət və sənaye obyektlərini təyyarələr, helikopterlər, dəqiq döyüş sursatları, qanadlı raketlər və hərbi pilotsuz uçuş aparatlarından qorumaq üçün nəzərdə tutulub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol