Azad Demokratlar Partiyası bu gün səhər Tehrandakı səfirliyimizə terror hücumu ilə bağlı bəyanat verib.
“AzPolitika.info”-ya daxil olan bəyanatda deyilir: “Dünyada yeni nizam quruculuğunun və onunla bağlı gedən geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu, dünyamızı, xüsusilə post-sovet məkanını və teokratik İranı taleyüklü hadisələrin gözlədiyi, eyni zamanda milli maraqlarımız üçün başlıca təhdid mənbəyi olan süni “Qarabağ məsələsi”nin tam və qəti həlli üçün nisbi əlverişli şəraitin yetişməkdə olduğu, Azərbaycana düşmən olan, həmçinin dost olmayan dövlətlərin bununla bağlı məkrli planlar qurmaqda olduğu bir dövrdə qlobal, regional və lokal prosesləri diqqətlə izləyən Azad Demokratlar Partiyası, bu gün Tehranda səfirliyimizə – Azərbaycan Respublikasına qarşı terror aktının törədilməsi xəbərini xüsusi ağrı, qayğı və narahatlıqla qarşılamışdır. Biz millətimiz və dövlətimiz üçün taleyüklü bir dövrdə törədilən, məkrli planların üzvi, ayrılmaz tərkib hissəsi olan bu terror aktını şiddətlə qınayır, səfirliyi və səfirlik əməkdaşlarını qoruyarkən həlak olan baş leytenant Orxan Rizvan oğlu Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, eyni zamanda Azərbaycan Respublikasına qarşı törədilən bu terror aktının obyektiv, tam və hərtərəfli araşdırılmasını, əmr verənlərin, planlaşdıranların, təşkilatçıların və icraçıların hamısının müəyyən edilməsini və layiqli şəkildə cəzalandırılmasını tələb edirik.
Diplomatik nümayəndəliyimizə qarşı təşkil edilən, kəşfiyyat müharibəsinin bir elementi olan bu terror hücumunu, Azərbaycan Respublikasına qarşı hücum kimi qəbuledilməz hesab edən Azad Demokratlar Partiyası, rəsmi Bakını baş vermiş bu terror hücumu ilə bağlı, başda qardaş Türkiyə olmaqla, bütün müttəfiqləri, tərəfdaşları və dostları ilə məsləhətləşməyə, məsələni beynəlxalq səviyyəyə qaldırmağa, bu hücumun beynəlxalq birlik tərəfindən qınanmasına nail olmağa və gələcəkdə belə və ya buna bənzər halların təkrarlanmaması üçün lazımi bütün önləyici addımları atmağa, tədbirləri görməyə, bütün ölkə vətəndaşlarını, ələlxüsus ölkəmizin siyasi və ictimai təşkilatlarını isə millətimiz və dövlətimiz üçün taleyüklü olan bu dövrdə milli həmrəyliyə və birliyə çağırır.
Güc birlikdədir!
Millətimizin və Dövlətimizin başı sağ olsun. Allah şəhidimizə rəhmət eləsin.
Allah birliyimizi və diriliyimizi qorusun. Amin.
27 yanvar 2023-cü il”


Şərhlər
Uca Allahdan Milli Qəhrəman O.R.Əsgərovun Ruhuna şadlıq, Ailəsinə səbrlər. Azərbaycanın Demokratlar Birliyinə və Bəyanatına uğurlar! Keçmiş Mürtəce Fransa-İran çevrilişi nə vaxtsa Tərəqqipərvər İnqlabla devriləcəkdi! Çaş-baş Tehran soyqırım cinayətlərini mühakimə etməyən, naməlum Vardanyanları buraxdığı terrorçu yuasına Qarabağa İranlı Parsadanyanları buraxmamasını Bakıya qısqanır?