Menu

Şəhid Orxan Əsgərov dəfn edilir - YENİLƏNİB (FOTOLAR)

30.01.2023, 12:12
Şəhid Orxan Əsgərov dəfn edilir - YENİLƏNİB (FOTOLAR)

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilir.

“Report” xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və digərləri iştirak edir.

Qeyd edək ki, şəhidin nəşi ötən gecə İrandan Azərbaycana gətirilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

***

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi başa çatıb.

“Report” xəbər verir ki, şəhidin cənazəsi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılır.

***

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla yaşadığı binanın həyətində vida mərasimi davam edir.

"Report" xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən Ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatları, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, Xarici İşlər Nazirliyinin nümayəndələri, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər şəxslər iştirak edir.

Bununla yanaşı, sıravi vətəndaşlar O.Əsgərovun vaxtilə yaşadığı ünvana axın edir, şəhidə ehtiramlarını bildirir, cənazəsi üstünə tər güllər düzürlər.

O.Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq fəxri qarovul dəstəsi düzülüb.

Ərazidə güclü təhlükəsizlik tədbirləri görülüb.

Hazırda mərhumla vida mərasimi davam edir.

***

Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Təzəpir məscidindən Yasamaldakı evinə aparılıb.

Vida mərasimi mərhumun evində keçirilir.

Orxan Əsgərov bu gün saat 12:00-da Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.

Xatırladaq ki, ötən gün axşam şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə gətirilmişdi.

***

İranda Azərbaycan səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidinə gətirilib.

APA xəbər verir ki, Orxan Əsgərovla vida mərasimi sabah keçiriləcək.

O, sabah ll Fəxri xiyabanda dəfn olunacaq.

***

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi Azərbaycana gətirilib.

"Report"un əməkdaşının verdiyi məlumata görə, şəhidin cənazəsini gətirən təyyarə Heydər Əliyev adına Hava Limanında eniş edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.

***

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olmuş Orxan Əsgərovun cənazəsi Tehrandan Bakıya yola salınıb.

APA-nın Tehran bürosu xəbər verir ki, səfirliyin təxliyə olunmuş əməkdaşları, onların ailə üzvləri, eləcə də hücum zamanı səfirliyin yaralanmış iki əməkdaşı təyyarə ilə Bakıya yola düşüb.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol