ERMƏNİSTAN BİR ADDIM DA GERİ ÇƏKİLDİ... – Sülh sazişi üçün əngəllər azalır, Rusiya nə edəcək?

Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli mətbuata bildirib ki, Azərbaycanla imzalanacaq sülh sazişi ilə bağlı bir sıra təkliflər üzrə konsensus var.

Spiker əlavə edib ki, bunlar beynəlxalq səviyyədə tanınmış prinsiplərdir. A.Simonyanın sözlərinə görə, sülh müqaviləsində Qarabağ problemi ilə bağlı bəndlər olmamalıdır: “Ermənistan tərəfindən son təkliflərə Bakının reaksiyası barədə məlumat yoxdur. Bununla belə, növbəti görüşün təşkili ilə bağlı həmişə müzakirələr gedir”.

A.Simonyanın bu açıqlamasını Azərbaycan-Ermənistan arasında gedən sülh danışıqlarında ciddi irəliləyiş saymaq olar.

Xatırladaq ki, Münhendə iki ölkə liderinin ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən görüşündən sonra danışıqlarda müsbət dinamikanın olduğu bildirilib.

Prezident İlham Əliyev jurnalistlərə açıqlamasında demişdi ki, müzakirələrdə yetərli səviyyədə olmasa da, irəliləyişlər var.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan, Xarici İşlər naziri Ararat Mirzoyan, eləcə də digər rəsmi şəxslər yekun sülh müqaviləsində Qarabağa dair bənd salınmasında israr ediblər. İrəvanın mövqeyi belə idi ki, Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyi və hüquqları ilə bağlı Azərbaycanın öhdəlikləri müəyyən edilməli, habelə onun həyata keçirilməsinə beynəlxalq təminatlar yaradılmalıdır.

Rəsmi Bakı bu təxribatçı təklifi qəti şəkildə rədd edib. Prezident İlham Əliyev bəyan edib ki, Qarabağ Azərbaycanın tərkib hissəsi olduğundan orada yaşayan əhali ilə bağlı bütün məsələlər ölkənin daxili işidir. Eyni zamanda Əliyev qeyd edib ki, Bakı Rusiya emissarı, milyarder Ruben Vardanyanın bölgədən çıxarılmasından sonra yerli erməni icması ilə öz vətəndaşı kimi müvafiq şəkildə dialoq aparacaq.

Dialoq mexanizminin necə olacağı, orada kimlərin iştirak edəcəyi hələlik məlum olmasa da, Əliyev açıq şəkildə bildirib ki, yalnız Qarabağda hələ sovet dövründən yaşayan erməni ailələrinin nümayəndələri ilə müzakirələr aparmaq olar. Bu zaman onların Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak etməməsi də əsas şərtlərdən biri olacaq. Hər halda ümumi çərçivəni razılaşdırmaq mümkün olsa, daha sonra optimal variantların gündəmə gəlməsi mümkündür.

Ancaq qeyd olunanlar hələ də sülh müqaviləsinin imzalanması üçün yetərli olmadı. Daha doğrusu, rəsmi İrəvan sülh müqaviləsi imzalamaqdan yayınmaq üçün hər dəfə yeni iddialarla çıxış etdi. Məsələn, dəhlizlər üzərində suverenliyin tətbiq olunması ilə bağlı Qərbin irəli sürdüyü, Azərbaycanın da dəstəklədiyi prinsip Ermənistan rəhbərliyi tərəfindən qəbul edilməyib.

Münhendə Prezident İlham Əliyev Ermənistan hakimiyyətinin bəhanəsini əlindən almaq üçün bəyan etdi ki, Zəngəzur dəhlizinin hər iki başında, eləcə də Laçın rayonu ilə Ermənistanın sərhədinin hər iki tərəfində nəzarət-buraxılış məntəqələrinin yaradılmasına etiraz etmir.

Ancaq Nikol Paşinyan bu açıqlamadan sonra da sülhdən qaçmaq yolunu tutan açıqlamalar vermişdi. Belə ki, bu dəfə həyasıcasına Laçın yolu ilə Zəngəzur dəhlizinə eyni şəkildə yanaşılmamasının lazım gəldiyini iddia edirdi. İkiüzlülükdə rəqib tanımayan Baş nazir bildirmişdi ki, Bakı 10 noyabr bəyanatında Laçın yolu ilə bağlı üzərinə öhdəliklər götürüb və bu, yolun Rusiya sülhməramlı kontingentinin nəzarətində maneəsiz, təhlükəsiz olmasını ehtiva edir. Halbuki, 10 noyabr bəyanatının bir çox bəndləri məhz Paşinyan hökuməti tərəfindən hələ də yerinə yetirilməyib.

Əlbəttə, İrəvanın bu destruktiv mövqeyi sülhə mane olmaq məqsədi daşıyır. Paşinyan hökuməti Simonyanın dili ilə Qarabağ mövzusunun birdəfəlik Azərbaycanın daxili işi olduğunu qəbul etdiyini bildirirsə, o zaman məntiqlə ölkənin heç bir suveren hüququna müdaxilə etməməlidir. Laçın yolu, Qarabağ bütövlükdə Azərbaycan ərazisidir, orada daxili kommunikasiyaların hansı rejimdə işləməsinə ölkənin müvafiq qurumları qərar verir.

Qarabağdakı erməni icmasının kənar ölkə ilə birbaşa, maneəsiz əlaqə qurmasından daha çox, onun Bakı ilə dil tapmasına, infrastruktur formalaşdırmasına ehtiyacı var. Bölgənin bütün problemlərinin həlli Azərbaycan hökumətinin ümumölkə siyasətinin tərkib hissəsidir.

Yəqin ki, yaxın gələcəkdə reinteqrasiya proqramı hazırlanıb yerli və beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Burada hansısa üçüncü ölkənin, təşkilatın birbaşa və ya dolayı yardımlarına hər hansı ehtiyac yoxdur. Bu, Ermənistan üçün də kifayət qədər səmərəlidir, ən azı ciddi iqtisadi problemlər içərisində olan ölkənin büdcəsi illik 400 milyon dollarlıq xərcdən azad olar.

Simonyanın açıqlaması tərəflər arasında bu ziddiyətin də həll olunacağına ümid yaradır. Çünki İrəvanın daha sıx münasibətlərə can atdığı ABŞ və Avropa İttifaqı da Bakının mövqeyini dəstəkləyir. İkiüzlü siyasəti Paşinyan hökumətinin Qərblə münasibətlərinə də mənfi təsir edə bilər. Ona görə də rəsmi İrəvanın kompromis mövqeyə keçəcəyi gözləniləndir. Bu da, nəticə etibarı ilə böyük sülh razılaşmasının qarşıdakı aylarda imzalanacağına şərait yarada bilər.

Əlbəttə, Azərbaycan-Ermənistan sülhü Qarabağda yarımçıq qalan problemin hələ tam həlli demək deyil. Azərbaycan isə Rusiyadan bilavasitə idarə olunan Xankəndidə toplanmış separatçıları neytrallaşdırmalı, yerli icma ilə dialoq qurmalıdır.

Yəni, yaxın perspektivdə Qarabağda qalan separatçılarla bağlı problemin 10 noyabr bəyanatında təsbit olunmuş üçtərəfli formatdan iki tərəfli formata - Azərbaycan-Rusiya müstəvisinə keçə bilər. Bu da, sözügedən razılaşmanın öz siyasi qüvvəsini itirməsi ilə nəticələnə bilər. Qeyd edək ki, Bakının təklif etdiyi, Qərbin də dəstəklədiyi dəhlizlər üzərində suverenlik prinsipi 10 noyabr bəyanatında əks olunmayıb. Bu isə sənədin yeni mərhələnin reallıqlarına cavab vermədiyini ortaya qoyur.

Ancaq Rusiya bununla razılaşmaq istəmir. Bunu bu gün Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransındakı fikirləri də göstərir.

O, bildirib ki, Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata - 9-10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır: “Bu isə o deməkdir ki, Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var. Biz bu gün buna toxunduq. Texniki detallar əhəmiyyətinə görə ikinci dərəcəlidir”.

Beləliklə, Kreml Laçın yolunda onun iştirakı ilə nəzarət mexanizminin yaradılmasını təklif edə bilər. Yolda skayner aparatlarının quraşdırılması, yük maşınlarının Rusiya hərbçiləri ilə birgə yoxlanılması ilkin mərhələdə Bakı üçün də indiki halda məqbul təklifdir. Paralel olaraq Qarabağın ermənilər yaşayan ərazilərində təbii sərvətlərin qanunsuz istismarının dayandırılması, mədənlərdə yoxlamalar həyata keçirilməsi də mümkündür. Bu halda Laçın yolunda eko-aktivistlərin tələbləri yerinə yetirilmiş sayılır və aksiyanın davam etdirilməsinə lüzum qalmır.

Əlbəttə, Rusiyanın Qarabağla bağlı mövqeyi dəyişdiyini söyləmək mümkün deyil. Hansı ki, bunu Rusiya Prezidenti V.Putinin Valdayda və Soçidə səsləndirdiyi bəyanatlarda ifadə edib. Kreml Qarabağda qalan ermənilərin Bakıya hansısa formada tabeçiliyi ilə bağlı məsələnin qeyri-müəyyən gələcəyə qədər təxirə salınmasında maraqlıdır. Bundan həm Ermənistanı, həm də Azərbaycanı təsir altında saxlamaq üçün təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.

Ancaq hazırda üzləşdiyi ağır iqtisadi sanksiyalar Kremli Bakının tələblərini nəzərə almağa məcbur edir. Vardanyanın siyasi səhnədən kənara itələnməsi ilk addımdır. Məsələ ondadır ki, bölgə iqtisadiyyatının 75 faizi, transmilli layihələr, enerji kəmərləri şəbəskəsi, beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağı Azərbaycana məxsusdur. Rusiya müəyyən kompromislər hesabına Bakı ilə dil tapmağa məcburdur.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov həm də bu missiya ilə Azərbaycanda iki günlük səfərdədir. Ehtimal etmək olar ki, o, Bakıya ikitərəfli siyasi, iqtisadi münasibətləri daha da gücləndirməyi, ticarət dövriyyəsini, qarşılıqlı investisyaları artırmağı təklif edib.

E.Rüstəmli

“AzPolitika.info”  

635x100

Şərhlər

Eli 2023-03-01 13:14:59

Bu xristian ölkeleri öz yazdıqlarının eleyhine gede bilmezler mecbur olub biz deyeni qebul etmek mecburiyyetinfefirler

dadaşyev 2023-02-28 20:26:13

Ermənistan heç vaxt Azərbaycanla sülh sazişi imzalamayacaq,çünki qüdrətli xristian ölkələri ermənistanı heç vaxt Azərbaycanla sülh sazişi imzalamağa qoymayacaqlar.Qəbul edə bilmirlər bunu ki,BMT TŞ-nin 5 daimi üzvündən dördü xristian ölkəsi,amma bir xristian ölkəsi bir müsliman ölkəsinə,həm də türk ölkəsinə uduzub.Həzm edə bilmirlər və etmək fikrində də deyillər.

Son yazılar