Menu

Mingəçevir” futbol klubunu daşıyan avtobus qəzaya uğrayıb - FOTOLAR (Yenilənib)

07.03.2023, 15:55
Mingəçevir” futbol klubunu daşıyan avtobus qəzaya uğrayıb - FOTOLAR (Yenilənib)

Şamaxı yolunda qəzaya düşən “Mingəçevir” futbol klubunun idman direktoru Zaur Qarayevin durumu ağırdır. Öncə Şamaxı Mərkəzi Xəstəxanasına aparılan klub rəsmisi daha sonra Bakıya göndərilib”.

Bu barədə Oxu.Az saytına açıqlamasında “Şamaxı” futbol klubunun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov bildirib.

Onun sözlərinə görə, klub olaraq qonaq komandaya hər cür köməyi etməyə hazırdırlar: “Bu hadisəyə görə biz də təəssüflənirik. Klub tərəfindən nə lazım olarsa, etməyə hazırıq. “Şamaxı” klubu olaraq, “Mingəçevir” futbolçularının geri dönməsi üçün nəqliyyat vasitəsi ayırmışıq. Onlar hazırda geri qayıdırlar. Bir nəfərin vəziyyəti ağır olduğuna görə təcili tibbi yardım maşını ilə Şamaxı Mərkəzi Xəstəxanasına çatdırılıb. Oradan da təcili tibbi yardım maşını ilə Bakıya yola salınıb”.

Daxili İşlər Nazirliyi də “Mingəçevir” futbol klubunu daşıyan avtobusun qəzaya uğraması barədə məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində “Mersedes-Benz” markalı avtobusla yük avtomobili toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü Əflatun Məmmədov və avtobusun sərnişini Zaur Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

14:52

Xəbər verdiyimiz kimi, bu gün “Mingəçevir” futbol komandası I Divizionun XX turunda “Şamaxı-2” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

Son məlumata əsasən, futbolçular və rəhbərlik nümayəndələri arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən, həyatını itirən yoxdur.

“Mingəçevir” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Qasımov Oxu.Az-a açıqlamasında yalnız klubun idman direktoru Zaur Qarayevin ağır xəsarət aldığını bildirib:

“Komandanı aparan nəqliyyat vasitəsi yük maşını ilə toqquşub. Buna dumanlı hava şəraiti səbəb olub. Futbolçular arasında ciddi problemi olan yoxdur. Yalnız idman direktorumuz Zaur Qarayevin vəziyyəti ciddidir. Onu təcili tibbi yardım maşını ilə Şamaxıda xəstəxanaya aparıblar”.

***

Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

PFL-dən apasport.az saytına verilən məlumata görə, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.

Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol