ALMANİYA UKRAYNANIN QƏLƏBƏSİNƏ TƏLƏSİR – “Müharibənin uzanması ABŞ iqtisadiyyatına sərf etsə də, Avropanı qane etmir”

ABŞ Prezidenti Co Baydenlə son görüşündən sonra Almaniya kansleri Olaf Şolts bəyan etdi ki, Rusiya ilə sülh danışıqları yalnız Putin qoşunlarının Ukraynadan çıxarılmasından sonra başlaya bilər. Almaniyanın Rusiyaya qarşı mövqeyinin sərtləşməsi, Ukraynanın siyasi, hərbi və iqtisadi baxımdan daha güclü dəstəklənməsinə yol açmaqla yanaşı, müharibənin müqəddaratına da ciddi təsir göstərə bilər. Rusiya-Ukrayna müharibəsi qlobal xarakter daşıdığından, ona dünyanın böyük gücləri - ABŞ, Avropa İttifaqı və Çin arasında gedən çoxcəhətli geostrateji və iqtisadi maraqlar kontekstindən də yanaşılmalıdır.

“AzPolitika.info” xəbər verir ki, sözügedən mövzuyla bağlı Ukraynanın “Apostrof.ua” internet portalında “Ukraynanın müharibədə qələbəsi: nə üçün Avropa tələsir, ABŞ isə ləng tərpənir?” başlıqlı məqalə dərc olunub.

Həmin məqaləni təqdim edirik: ”Əslində, Şoltsun bir öncəki bəyanatlarına nəzər salsaq, onun indiki sözləri olduqca müsbət siqnal kimi dəyərləndirilməlidir. Ukraynaya ağır silahların verilməsinin və Rusiya neftindən imtina etməyin vacibliyini anlamaq üçün cənab Şoltsa çox vaxt lazım oldu. Onun bu bəyanatı hətta Co Baydenin bəyanatından daha təsirlidir. ABŞ-ın bəzi mətbuat orqanları yazır ki, Baydenin Ukraynanı dəstəkləmə strategiyası olmadığı kimi, onun ümumiyyətlə, Rusiya ilə bağlı uzunmüddətli strategiyası da yoxdur.

Şoltsun möqeyi Ukraynaya dəstəyin irəlidə də həyata keçiriləcəyini göstərir. Belə deyək, ölkənin milli maraqlarının ziddinə olaraq Putinlə eyni masa arxasına keçib Kiyevin kompromisə getməsi üçün dilə tutulması dövrü artıq geridə qalıb. Olaf Şolts anlayır ki, bundan sonra ləngimək Almaniya iqtisadiyyatına neqativ təsir göstərəcək.

Hazırda ABŞ və Almaniya xəttində bəzi gərginliklər yaranıb. Keçən ilin ikinci yarısından sonra artan enerji qiymətləri fonunda öz istehsalını Amerikaya köçürən alman şirkətləri üçün Vaşinqton müəyyən güzəştlərə gedib. Orada inflyasiyaya qarşı xüsusi tədbirlər zərfi yer alırdı ki, bu da Almaniyada neqativ reaksiyaya səbəb olmuşdu. Çünki alman iqtisadiyyatı elektrik enerjisi və qazın yüksək qiymətləri fonunda rəqabətə davamlılıq xüsusiyyətini itirir.

Sonradan ABŞ-ın enerji siyasəti sayəsində vəziyyət düzəldi və yanvarda qazın qiyməti artıq iki dəfə aşağı düşdü. İndi də bu düşüş davam edir.

Bəs burdakı maraq nədir? Almaniya başa düşdü ki, əgər onlar ABŞ siyasətinin ardınca getsələr, bu, Ukraynanın öz ərazsinin hamısını işğaldan azad etməsinə və müharibədə dönüş yaratmağa kifayət etməyəcək. ABŞ Ukraynaya yalnız öz mövqeyini qorumaq üçün silah verir, bu isə yetərli deyil.

Müharibənin uzun sürməsi ABŞ iqtisadiyyatına mənfəət gətirir. Çünki onların iqtisadiyyatı İkinci Dünya Müharibəsində olduğu kimi yenidən işə salınır və canlanır, nəticədə ABŞ Hərbi Sənaye Kompleksi daha çox sifariş qəbul edir. Almaniya isə prinsip etibarilə bu müharibənin tezliklə qurtarmasında daha çox maraqlıdır. Onlar başa düşürlər ki, müharibə Ukraynanı qəne edən nəticə ilə yekunlaşmalıdır. Lakin onlar illərə hesablanmış strategiya qura bilməzlər. Amma ABŞ bunu edə bilər.

Sözsüz ki, ABŞ-dakı seçki müharibənin gedişinə təsir göstərir. Elə ona görə də Konqres seçiklərindən öncə Bayden administrasiyasının Ukraynaya etdiyi geniş həcmli kömək zərfi yayın sonuna kimi kifayət edəcək.

Ukrayna ordusunun gözlənilən əks-hücumunun səmərəli keçməsi və maksimum ərazi azad edilməsi üçün Almaniya son bir neçə aydır ki, daha çox silah yollayır. Bu gün döyüşən iki tərəfin öz resurslarını nə zaman tükəndirəcəyi məsələsinə dair müəyyən müzakirələr gedir. Amma hər halda həlledici sözü Ukrayna Silahlı Qüvvələri deməlidir və Ukrayna işğaldan maksimum böyük əraziləri azad etməlidir. Yollanılan hərbi köməyin işğal altındakı ərazilərin azad edilməsi üçün yetərli olacağını söyləmək çətindir. Ancaq Ukrayna nəticə göstərməlidir, əgər ukraynalılar gözlənilən nəticəni göstərsələr Qərbin dəstəyi davam edəcək.

Əgər biz Almaniya və ABŞ-dakı ictimai fikri analiz etsək, onda görərik ki, keçən ilin yayında durğunluq yaşananda Ukraynaya verilən dəstək azalmışdı. Ukrayna ordusu uğurlu əks-hücuma keçəndən sonra dəstək də artmağa başladı. Bu, hərbi köməyi artırmaq üçün Qərb siyasətçilərinə ciddi arqument verdi və indi Ukraynaya ötən illə müqayisədə daha çöx silah verilir. Əgər ciddi uğurlar olmayacaqsa, o zaman yorğunluq öz sözünü deyəcək. ABŞ və Almaniyada aparılan sosial sorğular da bunu təsdiq edir.

Müharibə və Çin

Amerikanların iddiasına görə, Pekin və Moskva arasında Rusiyaya silah verilməsi məsələsi ətrafında danışıqlar gedir. Bu yaxınlarda belə bir xəbər yayıldı ki, Çin tərəfi məsələnin açıq diskusiya almasından bərk narahat olub və bu danışıqların kəşfiyyat orqanlarına və KİV-lərə agah olması ilə bağlı Rusiyanı günahlandırıb.

ABŞ və Çin arasındakı münasibətlər hələ Donald Tramp dönəmindən kəskinləşməyə başlayıb və o zaman Çinə qarşı sanksiyalar, məhdudiyyətlər qoyulmuşdu. Ümumən ABŞ son illər avropalıların da Çinə qarşı müəyyən ticarət məhdudiyyətləri qoyması üçün onlara təzyiq göstərir.

İndi Çinin Rusiyaya ölümcül silahlar verib-verməyəcəyi məsələsi müzakirə mövzusudur. Avropa dövlətləri Çinə qarşı sanksiyalara gedərmi? Çin Avropanın iki iqtisadi lokomotivi olan Almaniya və Fransa üçün ən böyük iqtisadi tərəfdaşdır. Bu ölkələrin Çin ilə ticarət dövriyyəsinin böyüməsində Donald Tramp siyasətinin də rolu olub. Tramp hətta Avropa ölkələrinə qarşı sanksiya və ticarət məhdudiyyətləri qoyurdu və ona görə də onlar alternativ axtarmağa başlamışdılar. Co Baydenin hakimiyyətə gəlməsindən sonra da gərginilik səngiməyib.

Rusiya-Ukrayna müharibəsinə ABŞ və Çinin qlobal liderlik uğrunda qarşıdurması kontekstindən baxılır. Əlbəttə, ABŞ və Avropa Birliyi Çin məhsullarının ən böyük satış bazarıdır. Ona görə də ABŞ Çinin zəifləməsində maraqlıdır. Sanksiyalar tətbiq olunacağı, ticarət mübadiləsi azalacağı təqdirdə Çin daha az pul əldə edəcək ki, bu da onun hərbi büdcəsini böyütməsinə mane olacaq. Çinin Ümumi Daxili Məhsulunun böyüməsi 5 faiz səviyyəsində nəzərdə tutulsa da, bu ilki hərbi büdcə 7% artırılacaq. Çin müdafiəyə 200 milyard dollardan artıq pul xərcləyir.

Yaranmış indiki mürəkkəb vəziyyətdə Avropa öz maraqlarını riskə atmaq istəmir və Çinin böyük həcmli investisiyalarından vaz keçmək fikrində deyil. Çin son illər Avropa iqtisadiyyatına, xüsusən də Almaniya və Fransaya iri həcmdə sərmayə yatırıb. Elə bu səbəbdən də Çinin Rusiyaya silah verməsinin birbaşa sübutu ortaya qoyulmayınca Avropanın aparıcı dövlətləri belə böyük resursdan imtina etmək istəməyəcəklər”.

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2023-03-13 14:34:07

ABŞ-ın işi Molla Nesreddinin münsif olmasına oxşayır.İki güleşçi-Спортсменка qadın mollaya deyirler sen münsüf-hakim ol biz güleşek qalşbi müeyyen et.Molla soruşur ki menim qazancım ne olacaq ,onlar da deyir ki udanla yatacaqsan.Molla baxır ki ,hansı formada olsa bu qazanır.İndi de ABŞ.

Son yazılar