Ukraynanın işğal altında olan Melitopol şəhərində avtomobil partladılıb.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, partladılan avtomobildə işğalçı qüvvələrə xidmət edən İvan Tkaç adlı “məmur” olub.
Xəbərdə deyilir ki, Tkaç Melitopol işğal olunandan sonra şəhərin nəqliyyat təsərrüfatına rəhbər təyin olunub. O, Rusiya hərbçilərinin, xüsusilə də “Vaqner”-in döyüşçülərinin cəbhə bölgəsinə daşınmasında xüsusi canfəşanlıq göstərib. Tkaç hətta bununla bağlı təbliğat klipləri də çəkdirərək, yayımlayıb.
Tkaçın partladıldığını digər bir satqın – işğalçı qüvvələrə xidmət edən “şəhər administrasiyası”nın rəhbərliyində təmsil olunan Vladimir Roqov da təsdiqləyib. O, deyib ki, avtomobildə Tkaçla birgə qadın da olub və onların hər ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, bu, Melitopolda ukraynalı partizanıların törətdiyi ilk partlayış deyil. Ötən il ərzində Ukrayna Radasının sabiq deputatı da daxil olmaqla, bir neçə satqın öz avtomobillərində partladılıb.
“AzPolitika.info”


Şərhlər