Ukrayna Rusiya Prezidenti Vladimir Putinin Belarusda nüvə silahlarının yerləşdirilməsi ilə bağlı bəyanatı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Kiyev Təhlükəsizlik Şurasının daimi üzvləri - Fransa, Böyük Britaniya, ABŞ və Çindən qəti addımlar gözləyir”,- bəyanatda qeyd olunur.
Bəyanatda Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək niyyəti daha bir təxribatçı addım kimi qiymətləndirilir. Ukrayna Xarici İşlər Nazirliyi həm də Belarus cəmiyyətinə cinayətkar niyyətlərin reallaşmasının qarşısını almaq çağırışı ilə müraciət edir.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Putinin Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı bəyanatını bu ölkədə daxili sabitliyin pozulmasına yönəlmiş addım kimi qiymətləndirib. Onun fikrincə, bu, Belarus cəmiyyəti tərəfindən Rusiya və Putin haqqında mənfi təsəvvür səviyyəsini maksimum dərəcədə artırır. "Kreml Belarusu nüvə girovu kimi qəbul edib", - Danilov bildirib. Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Putinin qərarını Moskvanın Ukraynaya qarşı müharibədə uduzduqlarını başa düşməsinin əlaməti hesab edir.
Bazar günü NATO alyansı Rusiyanın qərarını tənqid edərək, bunu "təhlükəli və məsuliyyətsiz" addım adlandırıb. Eyni zamanda, bəyanatda qeyd edilir ki, hələlik Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət yoxdur; NATO müttəfiqlərinin döyüş hazırlığının səviyyəsi də dəyişmir. Birləşmiş Ştatlar da vəziyyəti oxşar şəkildə qiymətləndirib. Dövlət Departamenti və Pentaqon ölkənin nüvə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməyəcəyini bildirib.
Xatırladaq ki, şənbə günü “Rossiya-24” dövlət telekanalı Prezident Putinlə müsahibəni yayımlayıb. O, Rusiyanın bu ölkənin avtoritar lideri Aleksandr Lukaşenkonun tələbi ilə öz taktiki nüvə silahlarını Belarusda yerləşdirmək niyyətində olduğunu açıqlayıb. Rusiya Prezidentinin sözlərinə görə, Belarusda taktiki nüvə silahları üçün anbarın tikintisi iyulun 1-dək başa çatdırılmalıdır. Putinin sözlərinə görə, bu silahdan istifadə edə bilən “İsgəndər” raket sistemi Belarusa verilib. Bundan əlavə, Belarus Hərbi Hava Qüvvələrinin 10 təyyarəsi nüvə raketləri daşımaq üçün modernləşdirilib.
Çin lideri Si Cinpinin Moskvaya səfəri zamanı imzalanan bəyanatda Rusiya və Çin bütün ölkələri nüvə silahlarını öz ərazilərindən kənarda yerləşdirməməyə və onları xaricdən geri çəkməyə çağırıb.
Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya bildirib ki, Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi birbaşa ölkənin konstitusiyasına ziddir və onun nüvəsiz statusunu pozur. "Rusiya özünü işğalçı kimi aparır, milli təhlükəsizliyə zərər verir və Belarusu qonşularına və beynəlxalq ictimaiyyətə qarşı qoyur", - Tixanovskaya deyib.
Rasim
“AzPolitika.info”


Şərhlər