Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birlikdə həbsdə olan Nadir Məmmədov və digər ittiham olunan şəxslərlə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi keçirilən prosesdə vəkillərin bəraətlə bağlı şikayətləri təmin olunmayıb. Lakin məhkəmə qərarın Vüqar Səfərli və iş üzrə ittiham olunan digər şəxslərin əmlaklarının müsadirə olunması ilə bağlı hissəsini ləğv edib.
İş əmlaklarla bağlı hissəyə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Xatırladaq ki, Vüqar Səfərli və onunla birgə ittiham olunan şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər təqsirləndirilənlər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.
Bakı Apellyasiya Məhkəməsi qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.


Şərhlər
Qonşumuz bazardan bir cüt toyuq oğulayıb.Tutub qazamata salıblar. Deyirəm toyuqların yanına bir qaz da qoşub qaytarsaq onu da buraxarlar? Yazıqdı. Bir çətən külfəti var.
Azərbaycan məhkəmələrinin bu anoloqsuz qərarları S.Ə.Şirvaninin "köpəyə ehsan" satirasını adamın yadına salır.Belə çıxır ki,talançı və oğrulara tezliklə prezident təqaüdünün verilməsi də gündəm olacaq.
Hesab edirəm ki, onun əmlakı qaytarılmasyla yanaşı dövlət əlavə təzminat da ódəməlidir.o.byda.dağdanağır adamı incidibsiniz
"APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi keçirilən prosesdə vəkillərin bəraətlə bağlı şikayətləri təmin olunmayıb. Lakin məhkəmə qərarın Vüqar Səfərli və iş üzrə ittiham olunan digər şəxslərin əmlaklarının müsadirə olunması ilə bağlı hissəsini ləğv edib."...Görəsən Məhkəmə niyə qərəzli mövqe tutub, Vüqar və digərlərinə təcili bəraət verilməli, əmlaklarına toxunulmamalı və mənəvi ziyana görə kompensasiya (Avropa standartlarına uyğun) verilməlidir...Haydı irəli, URRAAAA...