Naxçıvanda dövlət və ya hakimiyyətyönlü mətbuatda çalışan yüzlərlə əməkdaşa üç aydan artıqdır ki, maaş verilmədiyi bildirilir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” kanalına Naxçıvan Televiziyası, “Naxçıvanın səsi“ radiosu, “Şərq qapısı“ qəzeti və digər mətbu orqanlarda çalışan bir qrup jurnalist və aparıcı məlumat verib.
Onların bildiridiyinə görə, problemlə bağlı aidiyyəti qurumlara şikayət etsələr də, nəticəsi olmayıb: “ Heç vaxt belə olmamışdı. Rəhbərlik deyir ki, bizlik deyil, büdcədə pul yoxdur deyə, pul köçürülmür. Etiraz edəni işdən çıxarmaqla hədələyirlər. Bizim də ailəmiz var, maaşsız necə dolana bilərik? Yuxarı qurumlardan xahiş edirik ki, problemin həll olunmasında bizə kömək etsinlər”.
Bu barədə Naxçıvan Televizyasından “AzPolitika.info”-nun sorğusuna cavab olaraq bildirilib ki, yayılan iddialar həqiqətə uyğun deyil.
“İlk dəfədir belə bir məlumata rast gəlirik. Qeyd olunan iddiaların heç biri doğru deyil”, - deyə Naxçıvan Televizyasından bildirilib.
Qeyd edək ki, adı çəkilən digər mətbuat orqanlarıyla əlaqə qurmaq cəhdlərimiz baş tutmayıb.
“AzPolitika.info”


Şərhlər