“Anam - AMEA-nın böyük elmi işçisi Gülarə Məcidovanın adına qeydiyyat vəsiqəsi olan, 2004-cü ildə Masazır qəsəbəsində tikilən və artıq 20 ilə yaxındır yaşadığımız evə çıxarış ala bilmirik. 2017-ci ildən bəri Abşeron Dövlət Reyestr Xidməti bizi incidir, son müracətimizdən də aylar keçdiyi halda nə imtina, nə də təsdiq cavabı ala bilmirik. Sizdən xahiş edirəm, bu süründürməçiliyə son verilməsinə göstəriş verəsiniz”.
“AzPolitika.info” xəbər verir ki, bunu keçmiş jurnalist, Abşeron rayonu Masazır qəs, Ə.Vahid küçəsi döngə 8, ev 23 ünvanında yaşayan Rüfət Seyidəhməd oğlu Əhmədzadə Prezident İlham Əliyevə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə, Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin rəisi İlqar Məmmədova media vasitəsi ilə ünvanladığı müraciətində yazıb.
R.Əhmədzadə qeyd edir ki, 2004-cü ildə Masazır Bələdiyyəsindən sərəncamla aldıqları sənədlərdə məmurlar hansısa uyğunsuzluq axtarır, onları get-gələ salırlar.
“Abşeron rayonundan yazdığım yazılara görə sonradan həbs olunan keçmiş baş memar Akif Əliyev mənimlə prinsip apararaq, 2017-ci ildə bəzi sənədlərə qol çəkməyib. Lakin ev planda çəkildiyi kimi qalır, heç bir dəyişiklik və artırma yoxdur. Qeydiyyat vəsiqəsi də qanunsuz deyil. Belə olduğu halda aylardır və illərdir bizi süründürmələrini anlamıram. Anam miras bölgüsü aparmaq istədikdə ona bildirilir ki, bu sənədlə heç bir şey etmək mümkün deyil. Onda belə çıxır ki, biz 20 ilə yaxındır bu evdə boşuna yaşayırıq. Əgər evimiz qanunsuz tikilidirsə, bu barədə niyə tədbir görülmür? Yox, qanuni tikilidirsə, onda niyə bizim evə çıxarış verilmir,-şikayətçi sual edir”.
R.Əhmədzadə daha sonra yazır: “Bizə gələn son məktubda bildirilir ki, Ədliyyə Nazirliyi Notariat İdarəsi və Abşeron 2 saylı Notarius Ofisi tərəfindən cavab verilməmişdir. Biz nə etməliyik?! Dövlət Kadastrı və Reyestri Xidmətinin 4 saylı Ərazi Abşeron İdarəsinin əməkdaşları dura-dura, biz gedib Ədliyyə Nazirliyindən cavab tələb etməliyik? Sorğunun nə olduğunu bilmirk, amma dövlət məmurlarının biri o birinə vaxtında cavab vermirsə, bizim günahımız nədir? Bir sözlə, məmurlar məsələni uzadır, biz də «havadan asılı» vəziyyətdə qalmışıq. Anamın 70 yaşı var, utanmadan orda çalışan şəxslər ona deyirlər ki, get, Ədliyyə Nazirliyindən bizim sorğumuza cavab gətir! Bu özbaşınalıq, vətəndaşa hörmətsizlik deyilsə, bəs nədir?”
Keçmiş jurnalist aidiyyatı qurumlardan və ölkə başçısından üzləşdiyi problemin həllinə yardım etməyi xahiş edir.
“AzPolitika.info”





Şərhlər