“Azərbaycan və Ermənistan liderləri bu həftə sonu Brüsseldə sülh danışıqlarını bərpa edəcəklər. Avropa Şurasının prezidenti Şarl Mişel bazar günü Prezident İlham Əliyevlə Baş naziri Nikol Paşinyan arasında görüş keçirəcək”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti xəbər yayıb. Məqalədə bildirilir ki, qərb müttəfiqləri münaqişədən əziyyət çəkən qonşular arasında vasitəçilik səylərini gücləndirirlər.

Məqalədə qeyd olunur ki, bu, fevral ayında Münhendəki danışıqlardan sonra iki liderin şəxsən ilk dəfə görüşü olacaq. Görüşün xarici işlər nazirlərinin keçən həftə Vaşinqtonda geniş müzakirələr aparmasından sonraya təsadüf etməsi diqqət çəkir.

“Financial Times” xatırladır ki, ABŞ dövlət katibi Antoni Blinken bu danışıqları davamlı sülh sazişi üzərində nəzərəçarpacaq irəliləyiş əldə olunması və razılaşmanın əlçatan olduğu kimi təqdim edib.

Anonimlik şərti ilə qzəetə danışan üç rəsmidən biri Brüsseldə planlaşdırılan görüşün "mühüm irəliləyiş əlaməti” adlandırıb. Mənbələr qeyd edib ki, Aİ və ABŞ-ın səyləri qarşılıqlı olaraq gücləndirən və bir-birini tamamlayan iki istiqamətli proseslərdir.

İyunun 1-də Moldovada keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Şarl Mişel və iki liderin Almaniya kansleri Olaf Şolz, Fransa Prezidenti Emmanuel Makronla daha bir görüş keçirməsi planları da var. Şarl Mişel və İlham Əliyevin sözçüləri şərh verməkdən imtina ediblər. Paşinyanın sözçüsü şərh sorğusuna cavab verməyib.

Prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev deyib: “Azərbaycan özünü Şarl Mişel missiyası ilə müzakirədə kifayət qədər rahat hiss edir, çünki Aİ-nin gizli gündəmi yoxdur”. 

O əlavə edib ki, Aİ prosesi danışıqlar və onların strukturu üçün əsas konsepsiyalar hazırlayıb.

Qzəet yazır ki, çox güman, danışıqlarda Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırmaq qərarına diqqət yetiriləcək. Onlar həmçinin sərhədin demarkasiyası, məhbus mübadiləsi və anklavlar, habelə işğldan azad edilmiş əraziləri çirkləndirən minlərlə minanın çıxarılması səyləri ilə bağlı müzakirələr aparacaqlar.

“Öz ərazisində hərəkətin tənzimlənməsi hər bir ölkə üçün normaldır. Yol açıqdır, lakin yol qanunsuz dövriyyə üçün bağlıdır”, - Hikmnət Hacıyev qəzetə bildirib.

Hacıyev Bakının Moskva, Vaşinqton və ya Brüsseldə görüşmək üçün hazır olduğunu bildirib və nəticənin əldə olunması üçün prosesin daha “inklüziv” olmasının vacibliyini vurğulayıb.

“Rusiya regionda sülhün yaradılması prosesinə səmərəli töhfə verə bilər. Ancaq bu da bir həqiqətdir ki, Rusiya Ukraynadakı müharibə ilə çox məşğuldur” – deyə, Hacıyev qeyd edib.

“2020-ci ildə tammiqyaslı müharibənin qeyri-sabit atəşkəslə başa çatmasından bəri ara-sıra toqquşmalarda yüzlərlə hərbçi həlak olub. Bir tərəfdən AB və ABŞ, digər tərəfdən isə Rusiya diplomatik səylərlə o zamandan uzunmüddətli sülh razılaşmasına vasitəçilik etməyə çalışır”, - qəzet yazıb.

Rasim Əliyev

“AzxPolitika.info”