Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Ukraynaya hərbi yardımı maliyyələşdirən Avropa Sülh Fondunun həcminin daha 3,5 milyard avro artırılmasını təklif edib.
“AzPolitika.info” “Reuters”agentliyinə istinadla xəbər verir ki, Borrell fondun hazırkı resursları tükəndiyi üçün onun maliyyəsinin artırılmasını xahiş etmək qərarına gəlib.
Avropa Sülh Fondu ümumi dəyəri təxminən səkkiz milyard avro olan büdcədənkənar bir alətdir. Məhz bu fonddan Aİ-yə üzv ölkələr Ukraynaya köçürdükləri hərbi xərclərin bir hissəsini kompensasiya edirlər. Bu günə qədər Ukraynaya fonddan təxminən 4,6 milyard avro xərclənib.
Avropa Sülh Fondu vasitəsilə Aİ Mozambik, Gürcüstan, Moldova, Mali, Somali, Niger, İordaniya, Bosniya və Herseqovina, Livan və Mavritaniya kimi digər ölkələrə də dəstək verir.
Son günlər Macarıstan Avropa Sülh Fondundan Ukraynaya 500 milyon avroluq daha bir tranşı bloklayıb. Macarıstanın xarici işlər naziri Peter Szijjarto açıq şəkildə bildirdi ki, bu addımı Ukraynanın Macarıstanın OTP Bankını müharibənin beynəlxalq sponsorları siyahısına daxil etdiyinə görə atıblar.
“AzPolitika.info”


Şərhlər