Menu

“Sülhə ən böyük maneə Rusiyadır” – “Qarabağ erməniləri təzyiq altındadırlar...”

02.06.2023, 21:25
“Sülhə ən böyük maneə Rusiyadır” – “Qarabağ erməniləri təzyiq altındadırlar...”

“Azərbaycanla Ermənistan arasında sülh danışıqları kompleks şəklində aparılır. Görüşlər nə qədər çox olsa, hər görüşdən sonra tərəflər, heç olmasa, irəliyə bir balaca addım atıldığını desələr, bir o qədər yaxşıdır. Bu münaqişə 30 ildən artıq davam edib və bir anın içində sülhün bərqərar olmasını gözləmək sadəlövhlük olardı. Müharibəni başlamaq asandır, bitirmək isə çox çətindir".

“AzPolitika.info” xəbər verir ki, politoloq Zərdüşt Əlizadə iyunun 1-də Moldovada keçirilən beştərəfli görüşün yekunlarını şərh edərkən deyib.

Xatırladaq ki, Avropa Birliyinin Siyasi Sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşükeçirilib. Beştərəfli formatdan əvvəl üçtərəfli - Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyan arasında da görüş gerçəkləşib.

Z.Əlizadənin sözlərinə görə, sülh danışıqları gedir və bu müddət ərzində Ermənistan Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyıb: "Hələ razılaşdırılmamış məsələlər qalır. Onlardan biri anklavların qaytarılması məsələsi ortadadır. Ən mühüm məsələ - münaqişənin başlanılması üçün bəhanə kimi götürülən Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsi bir azdan həll olunacaq".

Z.Əlizadə Bakı-Xankəndi danışıqlarının başlanılmasına ən böyük maneəni Rusiya Federasiyası, onun "sülhməramlı" adlandırılan korpusunun komandanlığı və separatçıları sayır. Onun vurğulamasına görə, bu təzyiq altında Qarabağ erməniləri danışıqlardan imtina edirlər: "Əgər kənardan hər hansı bir bədxah qüvvələr müdaxilə etməsə, o da bir neçə aydan sonra öz həllini tapacaq. Artıq möhlət vaxtı bəllidir, bu, 2025-ci ilin 9 ( 10) noyabrıdır. Həmin vaxt Azərbaycan Rusiyaya deməlidir ki "ya sənin qoşunların qalır, ya da gedir".

“AzPolitika.info”

Şərhlər

t.ədalət 2023-06-02 22:03:23

Azərbaycan hakimiyyəti bunu bilsə də,təəssüf ki rusların dələduzluğunu görməzdən gəlir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol