Menu

Təslim olan rus hərbçiləri nələri açıqladı? – “Çoxsaylı itkilər var, qaçsaq, bizi öldürəcəkdilər...”

19.06.2023, 12:23
Təslim olan rus hərbçiləri nələri açıqladı? – “Çoxsaylı itkilər var, qaçsaq, bizi öldürəcəkdilər...”

ABŞ-da nəşr olunan nüfuzlu “The Wall Street Journal” Ukraynada əsir götürülmüş rus hərbçiləri danışdırıb.

“AzPolitika.info” xəbər verir ki, hərbçilər qəzetin müxbirinə Ukrayna ordusunun hücumunu dəf edərkən baş verən çoxsaylı itkilərdən, Rusiya ordusunda əhval-ruhiyyənin aşağı olmasından və geri çəkiləcəkləri təqdirdə ölüm təhlükəsi ilə üzləşəcəklərindən danışıblar.

Hazırda Kramatorskda saxlanıldığı iddia edilən hərbi əsirlər Ukrayna hərbçilərinin son günlər azad etdiyi Donetskin qərbindəki Velyka Novosyolka bölgəsindəki bir neçə yaşayış məntəqəsi uğurunda gedən döyüşlər zamanı könüllü olaraq təslim olduqlarını bildirirlər. Nəşrə danışanlar arasında həm müqaviləli hərbi qulluqçular, həm də səfərbər edilənlər və könüllülər var.

Onlardan birinin sözlərinə görə, məhbuslardan biri əvvəllər narkotik alverinə görə məhkum edilib və altı aydan sonra azadlığa buraxılması üçün cəbhə xəttindəki “Storm Z” qrupu ilə müqavilə imzalayıb. O, iddia edir ki, onun dəstəsini əsasən məhbuslar arasından toplanan döyüşçülər təşkil edib. Komandanlıq onları geri çəkilərlərsə, güllələnəcəkləri ilə hədələyib. Məhbusun sözlərinə görə, Ukrayna hücumu başlayandan sonra o və digər yaralı rus əsgərləri ukraynalı hərbçilərə qışqıraraq təslim olmaq istədiklərini, çünki geri çəkiləcəkləri təqdirdə vurulacaqlarından qorxduqlarını bildiriblər. Digər məhbus isə rus ordusunda mənəvi-psixoloji durumun aşağı olduğunu deyib və Rusiyaya qayıdarkən təqib olunacağından qorxduğu üçün dəyişdirilmək istəmədiyini bildirib.

Nəşrə müsahibə verən bütün məhbuslar döyüşlər zamanı hər iki tərəfin ağır itkilər verdiyini təsdiqləyiblər. Eyni məlumat, Britaniya hərbi kəşfiyyatında da mövcuddur, xüsusi xidmətin məlumatlarına görə, rusların itkiləri ehtimal ki, bu ilin mart ayından bəri ən yüksək həddə çatıb.

Rusiya Prezidenti Vladimir Putin son günlər bir neçə dəfə bəyan edib ki, Ukrayna ordusunun itkiləri Rusiyanın itkilərindən bir neçə dəfə çoxdur. O, Müdafiə Nazirliyinə istinad edərək, itki nisbətinin 1-ə 10 olduğunu iddia edib. Müdafiə Nazirliyinin məlumatına görə, yalnız 24 saat ərzxində Ukrayna ordusu 100-ə yaxın zirehli texnikasını itirib. Eyni zamanda, hərbi qurum Rusiyanın itkiləri barədə məlumat vermir. Aktiv döyüş əməliyyatları şəraitində Müdafiə Nazirliyinin bəyanatlarının reallığa uyğun olub-olmadığını yoxlamaq mümkün deyil.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol