“Mümkündür ki, İran da Azərbaycan vətəndaşlarına viza tətbiqinə başlasın”
Xəbər verildiyi kimi, iyunun 23-dən etibarən Azərbaycan İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza verməyəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib. O qeyd edib ki, Azərbaycana səfər edəcək İran vətəndaşları öncədən “ASAN viza” almalı və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etməlidirlər.
Son illər İran-Azərbaycan münasibətlərində nə baş verib?
Məlumat üçün qeyd edək ki, İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Tehranın ermənipərəst mövqe tutması İran-Azərbaycan münasibətlərində gərginlik yaradıb. Hazırda qarşılıqlı ittihamlar səngisə də, münasibətlər bərpa olunmayıb. Müharibədən sonrakı müddətdə İran Azərbaycanla sərhəddə iki hərbi təlim keçirib. İran rəsmiləri isə Azərbaycana qarşı hədlərini aşan bəyanatlar səsləndiriblər.
27 yanvar 2023 – Səfirliyə hücum
İran bununla da kifayətlənməyərək, Azərbaycana qarşı terror aktlarına əl atıb. 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra İran-Azərbaycan münasibətləri böhran həddinə çatıb.

Azərbaycan Prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib. Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, Azərbaycanın Tehrandakı səfirliyinin diplomatik fəaliyyəti isə tamamilə dayandırılıb.
Qeyd edək ki, həmin hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olmuş, daha iki mühafizəçi isə yaralanmışdı.
Mart 2023 – Azərbaycan vətəndaşı İranda həbs olunub
Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərli Jena şəhərinə praktikaya gələn bir iranlı həkim dostu ilə Tehrana səyahət edib. Lakin bu ilin martı ayında Almaniyadan İrana səyahət edən Azərbaycan vətəndaşı F. Səfərli bu ölkədə casusluq ittihamı ilə həbs edilib.
28 mart - Millət vəkilinə qarşı terror aktı
Fazil Mustafa martın 28-də axşam saatlarında evinin qabağında güllələnib. Daxili İşlər Nazirliyi millət vəkili Fazil Mustafaya edilmiş silahlı hücumla bağlı 4 şəxsin saxlandığını bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadənin açıqlamasına əsasən, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı "həyata keçirilmiş terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir".

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktından danışan Prezident İlham Əliyev millət vəkilinə qarşı silahlı hücumun arxasında İranın dayandığını açıq mətnlə bəyan edib: “Əfsuslar olsun ki, məsələ bununla bitmədi. Sonra Azərbaycanın parlament üzvünün birinə qarşı terror aktı törədildi və xoşbəxtlikdən Allah onu qorudu. O, sağ qaldı. Yenə də “Kalaşnikov” avtomatından ikimetrlik məsafədən altı dəfə atəş açıldı. O, ciddi şəkildə yaralandı. Bir neçə gündən sonra həmin qrup yaxalandı. Bizim hüquq-mühafizə qurumlarımız çox səmərəli işləyir. Biz gizləndiyi yerdən asılı olmayaraq, hər kəsi tapıb, məsuliyyətə cəlb edə bilirik. Onlar artıq “Kalaşnikov” avtomatını gizlətdiyi yeri də söylədilər, silah tapıldı. Bütöv dəstə ifşa edildi və ifadə verdilər ki, onlar göstərişləri İrandan alıblar. Bu əməl “qırmızı xətti” keçmək deməkdir”

6 aprel 2023 – İran diplomatları Azərbaycandan qovulub
Aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.
3 iyun 2023 – Azərbaycan XİN vətəndaşlara İrana səfər etməməklə bağlı çağırış edib
Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 3-də Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırıb.
“Cari ilin yanvar ayında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur”,-deyə XİN-dən bildirilib.
İran-Azərbaycan arasında viza rejimi
Qeyd edək ki, 15 mart 2018-ci il tarixindən etibarən İran vətəndaşları Azərbaycana gələrkən beynəlxalq statuslu hava limanlarında viza ala bilirdilər. Həmin vaxt bu qərarın Azərbaycan və İran arasında “humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə” yönəldiyi qeyd olunurdu.

Bundan əlavə, İran 1 fevral 2010-cu ildən etibarən Azərbaycan vətəndaşları üçün vizasız rejimin birtərəfli qaydada tətbiqinə başlayıb. Hazırda mövcüd qaydalara görə, Azərbaycan vətəndaşlarına İrana turist səfərləri etmək üçün viza lazım deyil. Ölkədə qalma müddəti isə 2 həftə ilə məhdudlaşır.
Politoloq:“Mümkündür ki, İran da Azərbaycan vətəndaşlarına viza tətbiqinə başlasın”
Bu barədə politoloq Elxan Şahinoğlu “AzPolitika.info”-ya şərhində bildirib ki, İran-Azərbaycan münasibətlərində gərginlik əvvəlki qaydada davam edir və heç bir yumşalma yoxdur.

Politoloq hesab edir ki, İran gərginliyin azalması üçün müvafiq addımlar atmır: “Azərbaycanlı tələbəni saxta ittihamla həbs ediblər. Onun taleyi ilə bağlı dəqiq məlumat verilmir. Bu məsələ də gərginliyi artırır. Eyni zamanda, səfirliyə edilən hücumla bağlı da müvafiq araşdırma aparılmır. Bütün bunların əsasında Azərbaycan tərəfi də müvafiq addımlar atır”.
“Mümkündür ki, İran da Azərbaycan vətəndaşlarına viza tətbiqinə başlasın. Bu, ehtimal olunan variantlardan biridir”,-deyə politoloq bildirib.
İrana gedən azərbaycanlıların, həmçinin Azərbaycana gələn İran vətəndaşlarının sayı azalıb
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının ümumi sayı 493,1 min nəfər olub. İrana səfər edən vətəndaşlarımızın sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4 % azalıb. Ölkə vətəndaşlarının 39,4 %-i Türkiyəyə, 22,9 %-i Rusiyaya, 9,6 %-i Gürcüstana, 8 %-i İrana, 20,1 %-i digər ölkələrə səfər edib.
Cari ildə Azərbaycana gələn İran vətəndaşlarının sayı ötən ilin ilk üç ayı ilə müqayisədə 6 faiz azalıb. Bu ilin aprel ayında Azərbaycana 12123 İran vətəndaşı səfər edib.
İqtisadçı:“Bu qərar İrandan gələn vətəndaşların Azərbaycana girişinə nəzarəti daha da artırmağa yönəlib”
Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, əvvəl İran vətəndaşları sadələşdirlimiş viza sistemindən yararlana bilirdilərsə, bu artıq mümkün olmayacaq.
Ekspert xatırladır ki, İran vətəndaşları bundan öncə heç bir ödəniş etmədən Azərbaycanın beynəlxalq hava limanlarına gələrək, burada sadəcə ödəniş etməklə viza ala bilirdilər.

X. Kərimlinin sözlərinə görə, Azərbaycan hazırkı viza rejimini ləğv etməklə İrandan gələn vətəndaşları filtrasiya edəcək:“Yeni sistemdə Azərbaycana səfər edən İran vətəndaşlarının ölkəyə buraxılıb-buraxılmamsı məsələsinə əvvəlcədən baxılacaq və bunun əsasında seçim ediləcək. Burada səfərin xüsusiyyəti və əhəmiyyəti əsas götürüləcək. Təbii ki, bu qərar İrandan gələn vətəndaşların Azərbaycana girişinə nəzarəti daha da artırmağa yönəlib. Bu zaman ölkəyə giriş bir qədər çətinləşəcək. Ümumən bu qərar İrandan Azərbaycana həvəsləndirici səfərlərin sayına mənfi təsir göstərəcək”.
Elvin Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
vaxtında filtr qoyulmalı idi. 30 il Bakının mərkəzində ocaqdakı nicat kimilərin təbliğatı 100 minlərlə gənclərimizi məhv etdi.həmin dövrdə buna nəzarət etməli olan eldar mahmudyan və onun bandası günahsız insanlarımıza işgəncə verməklə məşqul idi. indi filtr qoymağın mənası yoxdu. ZİBİL FİLTRDƏN KEÇİB FORSUNKANI MƏHV EDİB. ARTIQ MÜHƏRRİK DƏYİŞMƏLİDİR,