Ermənistanın Baş naziri Nikol Paşinyanın 44 günlük müharibənin şəraitinin araşdırılması üzrə parlament komissiyasının iclasında iştirakı növbəti şoudur.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu açıqlama ilə Ermənistanın sabiq müdafiə naziri, “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan çıxış edib.
“Bu, sadəcə növbəti şou, eləcə də insanların diqqətini yayındırmağa yönəlmiş manipulyasiyadır”, - deyə Ohanyan bildirib.
Onun fikrincə, bu, komissiyada əvvəllər dindirilən digər şəxslər üçün də qeyri-bərabər şərait yaradır və apriori Baş naziri hamıdan üstün tutur.
Sabiq nazir xatırladıb ki, komissiyanın nizamnaməsinin 6-cı bəndinə əsasən, onun fəaliyyəti ictimai olmamalıdır. “Yəni biz faktiki olaraq Ermənistanın Baş naziri Nikol Paşinyanın növbəti mətbuat konfransına şahidlik edirik. Onun çıxışı digər çıxışlarından heç də fərqlənmir”, - deyə Ohanyan vurğulayıb.
Onun sözlərinə görə, müxalifət nümayəndələri komissiyanın iclasında iştirak etmirlər, çünki bu yolla onların işinin səmərəsiz olduğunu düşünürlər. Axı komissiya daha çox hakim “Vətəndaş sazişi” partiyasından olan deputatlardan ibarətdir. Yəni, Müdafiə Nazirliyinin keçmiş rəhbərinin sözlərinə görə, komissiya 44 günlük müharibənin şərtlərini tam açıqlaya bilməyəcək.
Rüfət
AzPolitika.info


Şərhlər