“Mən apteklərdə nisyə dərman dəftəri görmüşəm. İndiki dövrdə bu olmamalıdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.

“Aptekdə işləyənlər deyirlər ki, qiymətlər gecələr qaldırılır. Özü də elə dərmanlar var ki, 1,5-2 dəfə bahalaşdırılır. Dərman vasitələri haqqında qanun 2004-cü ildə qəbul olunub və sonralar 67 dəyişiklik edilib. Bu dəyişikliklər nəyi dəyişib?”- deputat sual edib.

E.Əliyev hesab edir ki, bu istiqamətdə xüsusi dinləmə keçirməyə ehtiyac var: “Düşünürəm ki, indiki dəyişikliklər yaranmış problemlərin aradan qaldırılmasına təsir edəcək. Burada əsas 5 faktor önəmli rol oynayır: istehsal, idxal, qiymət, kəmiyyət və keyfiyyət. Məsələn, qiymətlə keyfiyyət bir-birindən xətti şəkildə asılıdır. Bütün problemlər istehsalın olmamasından qaynaqlanır. Biz qardaş Türkiyə ilə “Bir millət - iki dövlət” paradiqması altında bütün sahələrdə əlaqələri genişləndirməliyik. Burada dərman istehsalı və idxalı xüsusi rol oynamalıdır. Elə dərmanlar var ki, Türkiyə apteklərindən alırıq. Məsələn, son zamanlar şəkərlə bağlı icad olunan preparatlardan biri “Jardiance”dir. Əvvəllər bu dərman 125 manata satılırdı. Mən sosial şəbəkə hesabımda bu barədə yazmışam. İndi qiymətini endiriblər - 72 manatdır. Amma yenə də Türkiyə qiymətindən 2,5 dəfə bahadır”.

Millət vəkili hesab edir ki, dərman şirkətləri həyat üçün əhəmiyyətli preparatları baha qiymətə satmaqla qaz-vurub qazan doldurmamalıdırlar: “Mən bura özümlə bir dərman içliyi gətirmişəm. Latviya istehsalı olan “Probioksin” adlı preparatdır, qiyməti də 35 manatdır. İçlikdə yazılır: “Bağırsaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi”. Məlumat hissəsində isə yazılır: “Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz”. Bəs nə üçün istifadə olunmalıdır?! Sadə vətəndaş bu içliyi oxuyub bir çox sualla qarşı-qarşıya qalır”.

E.Əliyev daha sonra bildirib ki, dərmanların saxlanılması prosesində də xeyli qüsurlar mövcuddur. O, qanun layihəsindəki bəzi maddələrə dəyişikliklər edilməsi üçün təkliflərini verib.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov isə deputatın qaldırdığı problemə qəribə reaksiya verib. O, Azərbaycandakı dərman qiymətlərinin Türkiyə ilə müqayisə edilməsini doğru saymır: “Baxsaq, görərik ki, orada dərman vasitələrinin əksəriyyəti daxili istehsaldır. Necə ki, bizdə təbii qaz, dizel Türkiyədən ucuzdur, eləcə də dərman vasitələrinin orada daha ucuz olması təbii qəbul olunmalıdır. Bu məntiqlə, Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox?!”

Nazir müavini iddia edib ki, bahalığa səbəblərdən biri də ölkələrin əhali sayıdır. “On milyonlarla əhalisi olan ölkələrdə qiymət daha ucuz olacaq, çünki orada dərman şirkətləri üçün daha geniş bazar var”, – R.İsmayılov vurğulayıb.

Beləliklə, Rasim İsmayılov dərmanların qiymətindədki astronomik fərqin səbəbini izah etməkdən yayınıb. Əlbəttə, Türkiyə dərman istehsal edir, onu daxilə bir, xaricə isə başqa qiymətə satmır. Əsas sual odur ki, qardaş ölkədə preparatların qiyməti ilə Azərbaycandakı apteklərdə 2-3, bəzən 5-6 dəfə fərqin səbəbi nədir? Dərman idxal edən şirkətlər vətəndaşları soymaq hesabına yüksək qacanc əldə edirlərsə, Səhiyyə Nazirliyi hara baxır?! Ən əsası, bunun neftə, qaza nə dəxli var?

Rasim Əliyev

“AzPolitika.info”