Menu

“Şair Moşu”nun dizüstə qoyduğu poeziyaya Elza zərbəsi - Və ya AYB-nin növbəti anormal qərarı

09.07.2023, 11:59
“Şair Moşu”nun dizüstə qoyduğu poeziyaya Elza zərbəsi - Və ya AYB-nin növbəti anormal qərarı

Neçə gündür, hövsələmi basıram, gözləyirəm, bu mənasız polemika bitsin, getsin və bu mövzuda həqiqətdə nə fikirləşdiyimi yazıb tərəflərlə üz-göz olmayım.

Amma görürəm ki, yox, söhbət böyüdükcə böyüyür, şaxələnir, artıq Elza Seyidcahanı müdafiə edənlərlə Elza Seyidcahana hücum edənlərin özlərinin də tərəfdarlar, təəssübkeşlər qrupu əmələ gəlib və ən pisi, anormallıqlar dal-dala calanıb.

Bu yerdə böyük Sabir demişkən, vəzifəm budur ki, əşar yazmasam da, gördüyüm nikü-bədi eyləyim izhar, yazım.

Başlayaq anormallıqlar zəncirinin birinci həlqəsindən.

1. Elzanın şeir adı qoyaraq nəsə yazması anormallıqdır – qızdırmalı adamın sayıqlamaları kimi bir şeydir;

2. Onun yazdıqlarının şeir kimi qələmə verilməsi anormallıqdır – şeir elə olmur, necə olması barədə milyonlarla nümunə var;

3. Xanımın yazdıqlarını şeir kimi dərc etmək, tirajlamaq anormallıqdır – bu, həm oxucu zövqünü korlayır, həm də şeir kimi incə bədii sənət növünü plintus səviyyəsinə salır;

4. Bu gözəl bəstəkarın, musiqiçinin şair kimi təqdim olunması anormallıqdır - əsl sənətinin peşəkarı olan qadın poeziyanın mürdəşiri, qəbirqazanıdır;

5. Onun Yazıçılar Birliyinə üzv qəbul edilməsi anormallıqdır – bu, sovet dövründə milli şüurun oyaq tutulmasını öz üzərinə götürərək, ictimai-siyasi təşkilat rolunu oynayan birliyin uşaq-muşağın lağlağısı predmeti olmasına səbəb oldu;

6. Elzanın AYB-yə qəbul edilməsinin dünyada gedən bütün siyasi hadisələri, o cümlədən Rusiya-Ukrayna müharibəsini, ABŞ-Çin qarşıdurmasını, Türkiyə-NATO-İsveç gərginliyini, İlon Maks – Mark Zukerberq ixtilafını, Priqojin-Putin davasını üstələməsi anormallıqdır – onun bir və ya beş birliyə eyni gündə üzv olmasının xalqın güzəranına, gələcəyinə, hətta Siyəzən yumurtasının qiymətinin 1 qəpik dəyişməsinə belə heç bir təsiri yoxdur.

7. Bəstəkar xanıma ictimailəşdirdiyi hobbisinə görə bu qədər rişxənd etmək anormallıqdır – onun bu həvəsini ciddiyə almamaq, ciddi sifətlə “şeiri boş burax, sən yaxşı musiqiçisən” demək kifayət idi ki, xanım yavaş-yavaş həqiqətin nədən ibarət olduğunu anlasın.

8. Bəzi şairlərin, yazıçıların Elza Seyidcahanı bu şəkildə, amansız hökm kəsilmiş dissidenti müdafiə edərcəsinə müdafiə etməsi anormallıqdır – o, 1000 ildən bəri insanların zövqünü oxşayan, onlara fəlsəfi fikirlər aşılayan poeziyanı təzək edib divara vurub. Yüz minlərlə insan artıq şeirə məzə predmeti, şairlərə dəli kimi baxır.

9. Bu söhbəti gündəmdən düşməyə qoymamaq, teledebat mövzusu etmək və bu müstəvidə insanları xoruz kimi döyüşdürmək anormallıqdır – təhsildən tutmuş səhiyyəyə, iqtisadi məsələlərdən başlamış regional təhlükəsizliyə, kriminogen durumdan ta ailə institutunun deqradasiyasına qədər müzakirə olunmalı 47 mövzu var.

10. Elza Seyidcahana qarşı olanlarla ona qahmar çıxanların bir-birini təhqir etməsi anormallıqdır – bu, heç də demokratiya-diktatura, millətçilik-kosmopolitizm, mühafizəkarlıq-müasirlik, şəriət-sekulyarizm mübahisəsi deyil ki, həqiqətin harada olduğunu sübut etmək üçün ucundan tutub ucuzluğa gedək. Bu, adı üstündə olan bir şeydir.

Bəli, bu xüsusda bu qədər anormallıqlar var, hələ detallara varsaq, daha pis yerlərə gedib çıxacağıq.

Bir dəfə “28 Mall” alış-veriş mərkəzinin kişi-qadın paltarları satılan mağazasında özüm görmüşəm. Telefonuna baxan satıcı qızlardan biri mağazada Burak Özciviti görübmüş kimi həmkarlarına qışqırdı: “Ay qızlar, Elzanın təzə şeiri çıxıb!!!” Ən qəribəsi o oldu ki, 4-5 qız dərhal gülə-gülə onun başına toplaşdılar və qəhqəhə içində hansısa saytın mobil versiyasında dərc olunmuş şeyi oxumağa başladılar.

And içərəm ki, o qızlar müasir şairlərin ən məşhurunu, məsələn, Ramiz Rövşəni tanımırlar, Məmməd Arazı “Dünya mənim” mahnısına görə tanıyırlar, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin adını isə orta məktəb dərsliklərinə oxuyublar. Amma Elzanın yazdığı nəyisə qaqqıldaşa-qaqqıldaşa oxuyurdular və uğunub gedirdilər.

Sizə, bizə bu cür ələ salınan şeirlər lazımdır? Onsuz da dramaturq Vaqif Səmədoğlu “Bəxt üzüyü” pyesindəki “şair Moşu”su ilə poeziyanı ümumxalq məzhəkəsi eləmişdi, ondan qalan canı da Elza alır, görmürsünüz?

İndi deyirlər ki, bu da onun stilidir, avanqard üslubdur. Biri gəlib ailə-uşaq yanında o “avanqard stil”də yazılmçı şeylərdən misal gətirər, xəcalətdən adam yerə girər.

Əsl şeir necə olur, parlaq nümunələr var, çoxunuz bilirsiniz. Belə olur:

Nizami:

Gəl eylə inayət, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.

***

Nəsimi:

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.

***

Füzuli:

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

***

Vaqif:

Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadan, nə şanədəndir.

***

Seyid Əzim Şirvani:

Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb,
Bu nə rəftardır ol sərvi-xuramanımda?

***

Nəbati:

Səba, məndən söylə o gülüzara,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşgünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?

***

Abbas Səhhət:

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.

***

Hüseyn Cavid:

İblis nədir? Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir? İblis...

***

Əli bəy Hüseynzadə:

Ucundadır dilimin həqiqətin böyüyü
Nə qoydular deyəyim, nə kəsdilər dilimi.
Ayıltmadı qələmim bu türk ilə əcəmi.
Nə qoydular yazayım, nə qırdılar qələmi.

***

Mikayıl Müşviq:

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.

***

Səməd Vurğun:

Əzəldən belədir, çünki kainat,
Cahan daimidir, ömur amanat.
Əldən-ələ keçir vəfasız həyat.
Biz gəldi-gedərik, sən yaşa dünya!

***

Əliağa Vahid:

Səbr eylə könül, möhnəti hicranə tələsmə,
Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.

***

Məmmədhüseyn Şəhriyar:

Heydərbaba, yolum sənnən kəc oldu,

Ömür keçdi, gələmmədim, gec oldu

***

Bəxtiyar Vahabzadə:

Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!

***

Məmməd Araz:

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.

***

Əli Kərim:

Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı.

***

Nüsrət Kəsəmənli:

Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə...

***

Baba Pünhan:

Ac balasın basdı yanan bağrına,
Tutdu gözün qan, gecələr ağladi.

***

Ramiz Rövşən:

Mənim balam, bu dünyayla oynama,
Sən cavansan, dünya qoca dünyadı...

***

Bəxtiyar Hidayət:

Ağır sözü yüngül adam götürər,
Ağır sözü ağır adam götürməz.

Minlərlə belə gözəl misralar var. Sizə şeir lazımdırsa, götürün, oxuyun. Yox, lağlağı eləməyə, şəbədə qoşmağa, mırt tutmağa, məzə partlatmağa söhbət lazımdırsa, bunu adına “şeir” deyilən şeylərlə etməyin. “Çıldırmış şairlərin titrəyən misralarında bəhs etdiyi o pəri”dən ayıbdır.

Samir SARI (musavat.com)

Şərhlər

Solmaz Bədirli 2023-07-09 18:58:41

Bu qədər uzun-uzadı yazıdansaəsl üzvliyin səbəbini açsaydınız daha maraqı olardı.Bəzi mənbələr isə deyir ki.Elzanın AYB-nə üzvlüyü Leyla Əliyevanın Çingiz Abdullayevə zəngi əsasında baş tutub.Bax bu əsas kimi götürülə bilər və Çingiz Abdullayevin əsl sifətini üzə çıxarar. və əsl səbəbi hamı bilər.

dadaşyev 2023-07-09 16:01:11

Ümumiyyətlə,eybəcərləşmiş cəmiyyətlərdəki əcaib fərdlərə hirslənmək absurd bir şeydir məncə,çünki elə həmin o əcaib fərdlərin toplusudur eybəcər cəmiyyət.Uşaq pulunun uşaq olmayan ölkələrdə verildiyini və ya boğaza qədər problemlərin olduğu halda skuterlərə nömrə nişanı qoymaq lazım olduğunu bildirən deputatlar,dövlətin milyardlarını taladıqları halda azadlıqda öz p-nu yeyən Həştərxan xoruzu kimi dimdik qıpqırmızı gəzən məmurlar,”Allah xatirinə qan verin” yerinə Allahın yaratdıqlarından biri olan Həzrət Əli xatirinə və ya imam Hüseyn xatirinə qan verin deyə fətva verən ruhanilər,şadlıq saraylarında musiqinin səsini aşağı etmək qədər bütün dünyada son dərəcə adi olan bir məsələdə perestroykadan bu yana aciz qalan toyxana kütləsi və sair və ilaxırların cəmi deyilmi cəmiyyət?Bunlar Elzadan, Manafdan və ya Mehdizadədən azmı əcaibdirlər?Bu nə toplumdu ki,bu toplumun Yazıçılar Birliyi nə ola?Altmışıncı,yetmişinci,səksəninci illərin Azərbaycanında bu tipli adamlar nə televiziyaya,nə də ədəbi-mədəni birliklərə yaxın buraxılardımı?O saat o birliklrəin,teleradionun böyüklərini çağırıb elə qulaqburması verərdilər ki,bir də belə qələtlər eləməzdi o məmurlar.Çünki cəmiyyətin zövqünü pozmaq boş bir şey deyil,buna görə cəza verərdi sovet höküməti o məmurlara.Hətta həqiqətən də böyük sənətkar olanlara da aid idi televiziyaya,birliklərə buraxılmamaq.Dahi Vaqif Mustafazadəni televiziyaya qoymurdular lopa bığlarına görə.Məmmədbağır kimi super ifaçı toylarda “Ruhiyyə” tipli ara mahnıları oxuyurdu deyə televiziyaya buraxılana qədər nələr çəkmişdi,sonralar ekranlara buraxılmışdı,amma ya xalq mahnıları,ya bəstəkar mahnıları oxumaq şərtilə.Amma artıq cəmiyyət deqradasiyaya uğrayıb,zövqsüzlük korroziyasından çürüyüb tökülməkdədir,odur ki korroziyaya uğramış televiziyada əsasən korroziyaya uğrayanlardı səhər-axşam hır-hır hırıldayan mırtlaşan kütlə,korroziyaya uğrayan Birliklərə də üzv olanlar korroziyaya uğrayan ağız tikənlərdi ki,həm korroziyaya uğrayanların ağzını,həm də cəmiyyətin ağzını bu yolla tikirlər.”Hepinizi ananas gibi görüyorum” tipindən.Cəmiyyət nə gündədirsə üzdə olan sənət adamları da o gündədir.Yəni əgər Mehdizadə və ya Manaf musiqimizin Selsi şkalası üzrə donma halına yaxın göstəricisidirsə,Elza Seyidcahan da şerimizin,ümumiyyətlə ədəbiyyatımızın o donma halına yaxın göstəricisidir.Yəni Darvinin sözləri ilə razılaşmaq üçün gedib Afrikada buşmenlərə,qottentoqlara yox,elə teleekranlara çıxanların sənətkarlığına baxmaq kifayətdir.Bir tək teatrımız korroziyaya uğramayıb,Allaha şükür.Bunu mütləq qeyd etməliyəm.Teatr xadimlərimiz həqiqətən də əsl sənət fədailəri imişlər.Bu çətin dövranda bunca az maaşla ki,o aktyorlar,rejissorlar teatr səhnəsini buraxmayıblar və necə gözəl tamaşalar yaradırlar,halal olsun onlara yau kardeşim.Heç abartmadan deyirəm ki,hazırda mədəniyyətimizi layiqincə yaşadan yalnız və yalnız teatrımızdır,teatr rejissorlarımız,aktyor və aktrisalarımızdır.Bir tuş onlara!!!

VİDADİ 2023-07-09 14:58:05

sağ ol SARİ

Eli 2023-07-09 14:53:50

Menim şexsi qenaetime göre Anar da Gingiz Abdullayev de öz şexsiyyet ve leyaqetlerine hörmet eden insanlar olub,cemiyyet de onları bele tanıyıb.Burda gözegörünmeyen üçüncü bir qüvve var ki ,bu şexsler onun adını çeke bilmirler,ne de cesaretleri çatıb ona “yox” deye bilmeyibler.,

moşu 2023-07-09 14:07:45

bu qadın xəstəxanaya yerləşdirilməlidir

t.ədalət 2023-07-09 13:20:59

Vətənimizoin düşmənləri olan ,vəzifələr tutan ermənilərlə bulaşıqlar qalıb,gedib yapışıblar Elza Seyidcahana.Elza,yəqin ki ermənilər qədər təhlükəli deyil.Bizə,içimizdəki düşmən ermənilərlə mübarizə lazımdır!

Tural 2023-07-09 12:58:03

Yalnış da bir baxışdır. Hər nə qədər biyabırçı bir durum olsa da müsbət tərəfi o oldu ki, AYB- nin necə bir rəzil qurum, rəhbərliyin isə hansı "keyfiyyətlərə" malik olduğunu daha mübahisələndirməyə lüzum qalmadı. Xalq bu qurumun və bunların kim olduğunu gözəl "faktla" anladı

Ülvi Əliyev 2023-07-09 12:16:31

Hörmətli Samir Sarı, məqaləniz üçün təşəkkür edirəm.
ALLAH bundan betərindən saxlasın...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol