İyulun 1-dən Azərbaycanda qadınların pensiya yaşı artırılıb. İndiyədək qadınlar 63 yaşından pensiyaya çıxa bilirdilərsə, 2023-cü ilin iyulun 1-dən bu yaş həddi 63.5 yaşa qaldırılıb.
Azərbaycanda üç pensiya növü var – yaşa, əlilliyə və ailə başçısını itirməyə görə. Yaşa görə pensiya almaq üçün şərtlərdən biri pensiya kapitalıdır. Lakin pensiya yaşından əvvəl pensiya kapitalını yığan şəxslər bu kapitalından istifadə edə bilmir.
Halbuki, inkişaf etmiş ölkələrdə bu təcrübə mövcuddur. Məsələn, ABŞ-da pensiya hesabı onun sahibinin ixtiyarındadır. O, investisiya fondlarına yatırım edə, yığılmış kapitalı kreditlərin ödənişlərinə yönəldə bilir.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən "Turan"a bildirilib ki, bu ildən pensiya kapitalı 40 min 320 manat təşkil edir. Bu il yanvarın 1-dən minimum əməkhaqqı 15 faiz artırılaraq 300 manatdan 345 manata, minimum pensiya 40 manat artımla 240 manatdan 280 manata çatdırılıb. Bu, pensiya kapitalının minimum məbləğinə də təsir göstərib. Ötən il ən azı 34 min 560 manat pensiya kapitalı toplamaq tələb olunurdusa, hazırda bu rəqəm 40 min 320 manat təşkil edir.

Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vüqar Bayramov da bildirib ki, bir sıra inkişaf etmiş ölkələrdəki kimi, Azərbaycanda da pensiya kapitalından digər məqsədlər üçün istifadə ilə bağlı təkliflər hazırlanıb: "Burada söhbət pensiya kapitalının müəyyən hissəsinin digər məqsədlər üçün istifadə olunmasından gedir. Təklif edirik ki, pensiya kapitalının bir hissəsi, məsələn, ümumi yığılmış kapitalın 1/3 hissəsi həmin pensiya kapitalına sahib vətəndaş tərəfindən pensiya yaşı tamam olmadan digər məqsədlər üçün istifadə etməsinə şərait yaradılsın".
Deputatın sözlərinə görə, bu, səhiyyə xidmətlərinə, kommunal ödənişlərə və bank kreditləri üzrə faiz ödənişlərinə yönələ bilər: "Bu, pensiya kapitalından daha səmərəli istifadəsinə şərait yaradacaq. Biz təklif edirik ki, məsələn, əgər vətəndaşın pensiya kapitalı 60 min manatdırsa, onun 20 min manatını vətəndaş pensiya yaşına çatmadan istifadə etmək hüququna malik olsun".
“AzPolitika.info”


Şərhlər